Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2023 15:14
7 Aprel tarixində Avropa Azərbaycan Məktəbinin Badamdar korpusunda "Beynəlxalq Gün" tədbiri təşkil edildi.
Həmin gün Avropa Azərbaycan Məktəbi müxtəlif xalqların və millətlərin mədəni müxtəlifliyini əks etdirən rəngarəng görüntülərə səhnə oldu.
Məktəbin ibtidai və orta məktəb şagirdləri, valideynləri və müəllimləri, bir sözlə, bütün məktəb icması "Beynəlxalq Gün" tədbiri ətrafında bir araya gəldilər.
AAM-də hər il ənənəvi olaraq təşkil olunan bu tədbir müxtəlif mədəniyyətləri, fərqli xalqların ənənəsini, mədəni xüsusiyyətlərini təcəssüm etdirərək çoxmillətli məktəb icmasının üzvü olan müəllim və şagirdlər arasında mədəniyyətlərarası dialoqun güclənməsinə öz töhfəsini verir.
Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ardınca, məktəbin direktoru Françesko Bankini, İbtidai və Orta təhsil bölmələrinin rəhbərləri Kamilla Orucova və Linda Tompson çıxış edərək tədbir iştirakçılarını salamladılar.
Daha sonra AAM şagirdlərinin ifasında dünya xalqlarının musiqi folkloruna həsr olunmuş çıxışlar nümayiş olundu. Rəngarəng ifa və nümayişlər izləyicilər tərəfindən böyük maraqla qarşılandı.
Daha sonra məktəb icmasının üzvləri və qonaqlar müxtəlif dünya ölkələrinin təmsil olunduğu guşələri ziyarət etdilər.
Hər "ölkə" nümayəndələri öz guşələrini həmin ölkə üçün xüsusi olan, qədimliyi və milliyi əxz etdirən maddi mədəniyyət nümunələri, rəmzlər, əşyalar, aksessuarlar ilə tərtib etmişdilər.
Hər ölkə-guşənin təqdimatçıları təmsil etdikləri ölkəyə aid maraqlı təqdimat, həmin ölkənin mədəniyyət və incəsənət nümunələrini- rəqs, mahnı və oyunlar nümayiş etdirərək ziyarətçilərdə xoş təssurat oyatdılar. Bundan başqa hər ölkənin milli mətbəxinə aid təamlar da tədbir iştirakçılarına təqdim olundu. Həmçinin, təqdimatçılar ziyarətçi şagirdlər ilə birgə təmsil etdikləri ölkənin milli və folklor nümunəsi hesab olunan oyunları oynadılar və uşaqlar bu oyunları maraqla qarşıladılar.
Tədbirdə eyni zamanda dünya xalqlarının milli və ənənəvi idman oyunlarına həsr olunmuş guşə də təşkil edilmişdir. Şagirdlər bu guşədə bir birindən maraqlı müxtəlif dünya xalqlarının idman növlərinə aid olan fəaliyyətlərə cəlb edildi və maraqlı vaxt keçirdilər.
"Beynəlxalq İncəsənət Guşəsi"ndə şagirdlər müxtəlif yaradıcı fəaliyyətlər ilə məşğul oldular və dünya ölkələrinin adlarını, bayraqlarını və digər rəmzlərini əks etdirən nümunələr və bəzək əşyaları hazırladılar.
Tədbir məktəb icmasının məhsuldar gün ilə bağlı xoş təəsuratları ilə başa çatdı.