Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2023 19:24
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatı zamanı Azərbaycan Dövlət Bayrağının yandırılması ilə bağlı bəyanat yayıb.
Ombudsman Aparatından Sonxeber.net-a verilən xəbərə görə, bəyanatda deyilir:
"Bu ilin 14 aprel tarixində Ermənistanın paytaxtı İrəvanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılmasını qəti şəkildə qınayır və azərbaycanlılara qarşı etnik nifrət zəminində baş verən təxribat kimi qiymətləndirirəm.
Hesab edirəm ki, beynəlxalq səviyyəli idman yarışının təşkilatçısı qismində çıxış edən Ermənistan həmin yarışın keçirilməsi ilə bağlı üzərinə düşən öhdəlikləri lazımı qaydada yerinə yetirməyərək belə bir hadisənin baş verməsinə şərait yaratdığına görə beynəlxalq ictimaiyyət qarşısında cavab verməlidir.
Ermənistan tərəfindən nifrət zəminində törədilən bu və digər əməllər Azərbaycanofobiya siyasətinin bariz təzahürüdür.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq, müvafiq beynəlxalq təşkilatları, xüsusilə də Beynəlxalq Ağırlıqqaldırma Federasiyasını və Beynəlxalq Olimpiya Komitəsini törədilmiş bu vandalizm aktına ciddi reaksiya verməyə, idman yarışları üzrə qəbul edilmiş davranış qaydalarının kobud şəkildə pozulması ilə nəticələnmiş bu əməlin törədilməsinə imkan yaratmış təşkilatçı dövlətə qarşı mövcud beynəlxalq qaydalara müvafiq olaraq qəti tədbirlər görməyə çağırıram".