Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yeni kənd təsərrüfatı naziri kollektivə təqdim olunub

Yeni kənd təsərrüfatı naziri kollektivə təqdim olunub

Tarix: 17 Aprel 2023 11:00

14 aprel 2023-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov yeni təyin olunmuş kənd təsərrüfatı naziri Məcnun Məmmədovu nazirliyin kollektivinə təqdim edib.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, Ş.Mövsümov nazir Məcnun Məmmədovun keçdiyi həyat yolu barədə ətraflı məlumat verərək qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatının ölkə iqtisadiyyatında əhəmiyyətli rol oynadığını, bu sahənin inkişafı ilə bağlı büyük potensial imkanların olduğunu diqqətə çatdırıb. Ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan əsas hədəflərə nail olmaq üçün nazirliyin kollektivinə müvafiq məsləhət və tövsiyələrini verib.

Yeni təyin olunmuş kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkə başçısının ona göstərdiyi yüksək etimada görə təşəkkürünü bildirib, qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyini qeyd edib.

Məcnun Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda bütün sahələrdə olduğu kimi qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının uğurla inkişaf etdirildiyini bildirib.

Qeyd edək ki, Məcnun Qadir oğlu Məmmədov kənd təsərrüfatı naziri vəzifəsinə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 aprel tarixli Sərəncamı ilə təyin edilib.

Milli.Az


Etiketlər:  Yeni kənd təsərrüfatı naziri kollektivə təqdim olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ