Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Deyirdi ki, sənin üçün ev qurum, toyunu edim, sonra ölərəm” - Nuriyyə Əhmədovanın nəvəsi

“Deyirdi ki, sənin üçün ev qurum, toyunu edim, sonra ölərəm” - Nuriyyə Əhmədovanın nəvəsi

Tarix: 19 Aprel 2023 16:05

Sonxeber.net xəbər verir ki, Xalq artisti, sevilən və mərhum aktrisa Nuriyyə Əhmədovanın nəvəsi Faiq İbadzadə Moderator.az-ın suallarını cavablandırıb.

- Faiq, mərhum Nuriyyə xanım sizi bizlərə oğlu kimi tanıtmışdı..

- Anam rəhmətə gedəndən sonra nənəm mənə analıq edib. Gözümü açandan onu anam bilmişəm.

- Daha sonralar necə bildiniz ki, oğlu yox nəvəsisiniz?

- Onu artıq özüm başa düşürdüm. Həm də görənlər ondan soruşurdu ki, nəvənizdir? Deyirdi ki, xeyr, oğlumdur. Mən heç vaxt bunu onun özündən soruşmamışam. Daha sonra qadınlar öz aralarında danışırdılar ki, qızının oğludur. Mən də istər-istəməz eşidirdim.

- Nuriyyə xanım Əhmədova bizim görkəmli sənətkarımız idi. Evdə sizə necə analıq edirdi?

- Mənim üstümdə əziyyəti çox böyükdür. Qoymazdı ki, nəsə çatışmayan bir şeyim olsun. Nadinc uşaq olduğum üçün daim nəzarəti üstümdə idi. Ona görə də istər bağçaya, istərsə də məktəbə məni özü aparıb-gətirərdi. Məni gözündən qoymurdu. Hətta çəkilişlərə də bir gedirdik. Allah cəmi ölənlərə rəhmət etsin. Bir gün gələn, bir gün getməlidir. Allahın işidir. Bu gün həyatda xalalarım da yoxdur, anam da. Əlbəttə ki, onlarsız çox darıxıram, amma Allah insana daşıya bilməyəcəyi yükü verməz.

- Nuriyyə xanımla bağlı ən xoş xatirəniz hansıdır?

- Onunla bağlı xatirələrimin hamısı gözəldir. Çünki o Allaha bağlı insan idi. Uşaqlıq illərimdə mənim idmana böyük həvəsim var idi. İdmandan evə gələndə zədələndiyimi görüb, məni bu sahədən uzaqlaşdırmaq istədi. Mənə deyirdi ki, "idmanla qurtardıq, dərslərini oxu, səni zədəli görə bilmirəm". Müəllimimə zəng edib tapşırdı ki, məni məşqə qoymasın. Həmin vaxt karate məşqləri bizim İncəsənət Gimnaziyasının idman zalında keçirilirdi. Mən müəllimdən nə qədər xahiş etsəm də, o dedi ki, "Nuriyyə xanıma söz vermişəm". Onun mənə hər gün verdiyi puldan yığıb, Texkini Univeritetin idman korpusundakı boks zalına yazıldım. O vaxt 5-ci sinifdə oxuyurdum. Həmin vaxt inglis dili dərsim də həmin universitetin yanında idi, oradan çıxıb boksa gedirdim. Artıq biz köçmüşdük, kirayədə yaşayırdıq. İki ay məşqə gedəndən sonra uşaqlar arasında yarış təşkil olunurdu. Hər gün gəlib deyirdim ki, "yarışda iştirak edəcəm". Bu zaman əsəbləşirdi. Deyirdim ki, başqa yarışdır, narahat olma, gəl bax. Yarışlar Əl Oyunları İdman Sarayında keçirilirdi. Ürəyi dözmədi, icazə verdi, özü də gəlib mənə baxdı. Elə oldu ki, qalib gəldim. Üzünə baxanda gördüm ki, ağlayır. Həm də çox sevinirdi. Bu sevinc göz yaşları idi. Müəllimim o vaxta kimi bilmirdi ki, kimin övladıyam?! Orada bildi ki, mən Nuriyyə Əhmədovanın övladıyam.

- Bir müddət əvvəl sənətkarların köməyi ilə Mədəniyyət və İncəsənət Universitetinə qəbul olunduğunuz haqda xəbərlər yayılmışdı. Tələbə adını qazanmaqda sizə kimlər kömək oldu?

- Bəli, 2016-cı ildə universitetə qəbul oldum. Xalq artisti Həmidə Ömərova və Şəfiqə Məmmədova qabiliyyət imtahanına hazırlaşmaqda mənə kömək etdilər. Bir də babam Xanların bacısı, xalq artisti Əminə Yusifqızı da mənə dəstək oldu.

- Universiteti oxuyub bitirdiniz?

- Xeyr, yarım qaldı. O vaxt tək idim, problemlərim oldu. Həm işləməli, həm də dərslərə getməli idim. İşə görə dərslərə gedə bilmədim. 3-cü kursdan yarım qaldı. İnşallah, bu il istəyirəm gedib oxuyub, bitirim.

- Müəllimləriniz kimin övladı olduğunuzu bilirdi?

- Bəli, sənət müəllimlərim bilirdi. Aktyor sənəti dərsindən Məmmədsəfa müəllim, səhnə danışığından Mahirə xanım mənə dəsr deyirdilər. Onlar həmişə məni başa düşüblər.

- İndi nə çalışırsınız?

- Rəsmi olaraq hələ ki, işləmirəm. Amma ara-sıra filmlərdə rejissor asistenti çalışıram. Komediya janrında dostum Elşad Zarafatsızla (Yusubov) iki film ərsəyə gətirmişik. Biri "Sabirabad mişarı", digəri isə "Cin ovçuları" filmidir.

- Nuriyyə xanımın sizinlə bağlı hansı arzuları var idi?

- Həmişə istəyirdi ki, mən də sənətlə məşğul olum. Xalq rəqslərinə böyük həvəsim var idi. Bir də şeir deməyimdən xoşu gələrdi. Tez-tez şeirləri mənə oxutdurardı, düzəlişlər edərdi. Məktəbimizdə konsertlər olardı, mən həmişə çıxış edərdim. Kənardan məni izləməyi çox sevərdi. Ən çox da rəqs etməyimi sevirdi. Ömrünün son illərində tez-tez deyirdi ki, "sənin üçün bir şərait qurum, ev edim, bir də sənin toyunu edim. Sən tək qalsan nə edəcəksən?". Elə bil hiss edirdi ki, məni tək qoyub gedəcək. Mənim yanımda çox danışmırdı. Bilirdi ki, o dəqiqə pis oluram. Bacısı Sevil xanıma deyirdi. Elə olurdu ki, gəlib eşidirdim, içəridə ağlayırlar. Məni görən kimi tez söhbəti dəyişirdilər. Bacılarına da tapşırırdı ki, "mənə nəsə olsa Faiqdən muğayat olun". Ürəyi zəif və nasaz idi, bu dərdə dözə bilmədi anam. Heç vaxt məndən sevgisini əsirgəmədi. Deyirdi ki, "bu bir taleydir, qismətdir". Dediyi kimi də oldu. Həmişə ondan danışanda ürəyim parçalanır. Ən çox da gözləri, baxışları qarşımda canlanır.

- Hazırda harada yaşayırsınız?

- Əsl yaşadığım yer xalamın evidir. Amma indi kirayədə qalıram. Çünki şərait yaxşı deyil. Həm də işlə bağlı çox uzaqdır.

- Tək yaşayırsınız?

- Bəli, tək yaşayıram. Özüm işləyib, özüm dolanıram. İnşallah, ailə həyatı qurmağı düşünürəm.

- Bu gün yeganə təsəlliniz nədir?

- Yeganə təsəllim əlbəttə ki, onunla birgə keçirdiyim xoş, qayğısız günlərdir. Onun üçün hədsiz çox darıxıram. Şəkillərə baxıb, xatirələrə dalıram. Bəzən elə bilirəm ki, harasa gedib, yenidən gələcək. Filmlərini, televiziya tamaşalarını izləyirəm. Yaxşı ki, o filmlər bizə yadigar qalıb.


Etiketlər:  Deyirdi sənin üçün qurum toyunu edim sonra ölərəm Nuriyyə Əhmədovanın nəvəsi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ