Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2023 19:26
Azərbaycan Tibb Universiteti (ATU) fəaliyyət göstərdiyi illər ərzində çoxsaylı məzunlar ordusu hazırlayıb və onların hər biri özünəməxsus həkimlik keyfiyyətləri ilə tarixin səhifələrində təsbitlənib. Ölkəmizin bu ali tibb təhsili ocağının 90 illik fəaliyyətinin analiz-sintez təhlilinin nəticələri təsdiqləyir ki, onun bu günə qədər yetişdirdiyi 85 minə yaxın məzunları arasında milli tibb işçiləri sərvətimizi bütün gözəllikləri ilə özündə əks etdirərək onu göylərə qaldıran, beynəlxalq aləmdə tanıdaraq təsdiqlədən ən nüfuzlu ictimai və elm xadimi olan dünyaşöhrətli oftalmoloq-alim, SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Zərifə Əziz qızı Əliyevanın əziz xatirəsi kollektivimiz tərəfindən daim anılır, yad edilir.
Bu barədə ATU-nun tədris və müalicə işləri üzrə prorektoru, Əməkdar elm xadimi, professor Sabir Əliyevin AZƏRTAC-a təqdim etdiyi məqalədə deyilir. Həmin məqaləni təqdim edirik. "Akademik Z.Ə.Əliyevanın orijinal elmi əsərlərinə, praktik dəlillərə əsaslanan mükəmməl monoqrafiyalarına hazırda da geniş miqyasda dünya alimləri tərəfindən istinad edilməsi, məntiqi ideyalarının təcrübəyə tətbiqinin mahiyyət göstəricilərindən sitatlar gətirilməsi Azərbaycanın qürurlu aliminin qüdrətinin və yenilməzliyinin təzahürlərindəndir.
Azərbaycanın görkəmli oftalmoloq-aliminin apardığı elmi-tədqiqat işlərinin mövzu seçimi ən mücərrəd və mürəkkəb sahələrdən olan milli xilaskarlıq, milli təhlükəsizlik, vətən övladlarının sağlamlığının qorunması, onun genetik fondunun zədələnməsinin qarşısının alınması kimi müasir və aktual məsələlərə həsr olunub. O, elmi-tədqiqat işlərini sadəcə elmi dərəcə əldə etmək naminə yox, xalq üçün, millət üçün, vətən üçün xeyirli bir iş görmək, faydalı olmaq naminə yerinə yetirirdi. Ona görə də dünyaşöhrətli alimin həyata keçirdiyi elmi işlərin mövzusu daim fundamental əsaslara söykənir, qlobal məsələlərin həllinə həsr olunurdu. Onun XX əsrin 50-ci illərində həyata keçirdiyi elmi-tədqiqat işlərinin nəticələri həmin dövrdə Azərbaycanda geniş yayılan traxoma kimi ağır infeksion xəstəliyin, eyni zamanda, qlaukoma xəstəliyinin qarşısının alınmasında, profilaktikası, diaqnostikası və müalicəsində mühüm rol oynadı. O, Azərbaycanda traxoma xəstəliyinin aradan qaldırılmasına tam əmin olduqdan sonra 1959-cu ildə namizədlik dissertasiyası müdafiə etdi. Həmin dövrün 60-70-ci illərində isə təkcə ölkə miqyasında yox, bütövlükdə Sovetlər İttifaqı miqyasında yüksək dərəcəli erudisiya sahibi olan Zərifə xanım Əliyevanın apardığı digər elmi istiqamətin parlaq nəticələrinin həyata keçirilməsi, praktikada tətbiqi sayəsində insanların müxtəlif peşə xəstəliklərinin qurbanı olmalarının qarşısının alınması ümumbəşəri bir xilaskarlıq nümunəsidir. Zərifə xanım Əliyevanın şəxsi təşəbbüsü ilə Bakı məişət kondisionerləri zavodunda yaradılan elmi-tədqiqat laboratoriyası dünya miqyasında görmə orqanının peşə xəstəliklərini öyrənən ilk elmi laboratoriya olmuşdur və bu da Azərbaycan aliminə beynəlxalq aləmdə geniş nüfuz qazandırmışdır. 1976-cı ildə Moskvada doktorluq dissertasiyası müdafiə edən Azərbaycan aliminin unikal elmi nailiyyətlərinin ona dünya oftalmoloqları sırasında layiqli şöhrət qazandırması Azərbaycan elminin reytinqinin yüksəlişinə əlverişli zəmin yaratdı.
Akademik Z.Ə.Əliyeva həm də möhtəşəm bir natiq kimi də tanınaraq hamının rəğbətini qazanmışdı. O, Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun əməkdaşı olsa da, Azərbaycan Dövlət Tibb İnstitutunun əməkdaşları ilə də sıx əlaqə saxlayırdı. Belə ki, akademik Zərifə xanım Əliyeva ATİ-nin Göz xəstəlikləri kafedrasının müdiri olmuş Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü professor Ümnisə Musabəyli ilə, uzun illər ATU-nun rektoru və Göz xəstəlikləri kafedrasının müdiri vəzifələrində çalışmış Əməkdar elm xadimi, professor Zəhra Quliyeva ilə səmimi dostluq münasibətlərində olub, müştərək elmi işlər apararaq elmi inteqrasiyalar yaradıb.
Yadımdadır ki, 1977-ci ildə ölkəmizin bütün tibb müəssisələrində olduğu kimi N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda da görkəmli dövlət və elm xadimi, Əməkdar həkim, professor Əziz Əliyevin anadan olmasının 80 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilirdi. Bu yubileydə ATU-nun möhkəm bünövrəsinin qoyulmasında müstəsna xidmətlər göstərən və onun ilk rektorlarından olan professor Əziz Əliyevin ünvanına söylənilən təbriklərlə zəngin çıxışlardan sonra yubilyarın qızı, professor Zərifə xanım Əliyevaya söz verildi. Onun dərin mənalı ecazkar çıxışı, təmkinli və məntiqli natiqlik qabiliyyəti sözün həqiqi mənasında hamını valeh etdi. Akademik Z.Ə.Əliyevanın həmin tədbirdəki möhtəşəm çıxışı təkcə Azərbaycan alimlərini deyil, xarici qonaqları da məmnun etdi və hamının səmimi alqışlarını qazandı.
2023-cü il "Heydər Əliyev İli" kimi tarixə düşməklə yanaşı, həm də bu il Azərbaycanın iki dahi şəxsiyyətinin, Azərbaycan xalqının dünyaşöhrətli iki mötəbər övladının - Ümummilli Lider Heydər Əliyevin, həmçinin görkəmli ictimai və elm xadimi məşhur oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illik yubileyidir. Ölkəmizin hər yerində olduğu kimi Azərbaycan Tibb Universitetində də bu tarixi yubileylərin təşkilinə və keçirilməsinə geniş hazırlıq işləri aparılır. Onların yubileylərinin keçirilməsi haqqındakı sərəncamların bu iki böyük şəxsiyyətin Azərbaycana bəxş etdikləri Zəfər müjdəli, "Dəmir yumruq"lu Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyev tərəfindən imzalanması qəlbimizi bir daha iftixar hissləri ilə doldurur.
Fəxr edirik ki, Azərbaycanın iki böyük övladının Azərbaycana bəxş etdikləri Fateh dünyanı fəth etməyə qadir olan yenilməz fatehlərdəndir. Fəxr edirik və qürur hissləri keçiririk ki, Azərbaycanın tarix salnaməsinə adını ən böyük Fateh kimi qızıl hərflərlə yazdıran Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin əldə etdiyi 44 günlük Zəfər 100 illik yubileyi qeyd edilən akademik Zərifə xanım Əliyevanın zərif ruhunu incəliklə şad eləyən ən böyük töhfələrdəndir".