Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Təbabət elminin nurlu mücəssəməsi

Təbabət elminin nurlu mücəssəməsi

Tarix: 27 Aprel 2023 19:42

Uca Allahın yaratdığı gözəlliklərin, rəngarəng, füsunkar təbiətin, dahi rəssam və heykəltaraşların əsrlər boyu yaşayan sənət əsərlərinin mahiyyətini, əbədiliyini insan gözü olmadan qəbul etmək və qavramaq mümkün olmazdı. Görmə qabiliyyəti həyatın bütün çalarlarını bizə bəxş edən sehrli və ecazkar nemətdir. Gözün sağlamlığını qorumağa bütün həyatını həsr etmiş, görmə qabiliyyətini itirməkdə olan insanların son ümid, and yeri, dünya oftalmologiyasının tarixinə əbədi olaraq adı qızıl hərflərlə yazılmış dahi azərbaycanlı alim və həkim, yüksək həkim sənəti ilə paklıq və mənəviyyatın zirvəsini əbədi olaraq fəth etmiş akademik Zərifə xanım Əliyeva bəşər təbabətində sənətinin incəliyini bütün varlığı, Vətəninə və xalqına xidməti ilə sübut etmiş, özü bu incəliyin və gözəlliyin mücəssəməsi, tərənnümü olmuşdur.

Bu barədə Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Vaqif Şadlinski və Azərbaycan Tibb Universiteti İnsan anatomiyası və tibbi terminologiya kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Anar Abdullayevin AZƏRTAC-a təqdim etdikləri məqaləsində deyilir.

Görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr edilmiş məqalədə deyilir: "Xalqımız qürur və iftixarla bu dahi insanın, peşəkarlıq və humanizmin etalonu sayılan alim-həkimin anadan olmasının 100 illiyi ərəfəsindədir, elmi və tibbi müəssisələrdə tədbirlər, konfranslar keçirilir, akademik Zərifə xanım Əliyeva ilə bağlı xatirələr söylənilir, onun şərəfli həyat yolu ilə bağlı çıxışlar edilir. Zərifə xanımın - bütün həyatı insanlara nur bəxş etmək olan, ümumən nura boyanmış bir insanın zəngin irsi müasirlərimiz tərəfindən dərindən tədqiq olunur, bu irs tükənməzdir, onun əsərlərini, oftalmologiya elminin inkişafı istiqamətində bu incə xanımın - qüdrətli alimin novatorluğunun miqyası gələcək nəsillər tərəfindən daim öyrəniləcək. Hər bir yeni gələn oftalmoloqlar nəsli bu irsdən qanadlanacaqdır, oftalmologiyanın, dünya təbabətinin akademik Zərifə xanım Əliyeva zirvəsi əbədi olaraq yaşayacaq.

1923-cü ilin aprelin 28-də görkəmli dövlət xadimi, Azərbaycanda peşəkar və modern təbabətin qurulmasında əvəzolunmaz və müstəsna xidmətləri olan Əziz Əliyevin ailəsində dünyaya göz açmış Zərifə xanımın taleyinə Ulu Tanrıdan müqəddəs missiyalar yazılmışdı və bu nəcib, kübar təbiətli, zərif bir xanım İlahidən ona verilmiş bütün vəzifələri şərəflə yerinə yetirdi. Sənət seçimində nəinki o çətin dövr, ümumiyyətlə, bütün dövrlər üçün ağır bir sahə olan oftalmologiyanı seçdi, insanlara nur bəxş etməyi peşəsinə çevirdi, böyük bir məktəb yaratdı, Azərbaycan oftalmologiyasını dünya səviyyəsinə qaldırdı. Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda, ölkəmizin Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda özünəməxsus peşəkarlıq və fədakarlıq ilə çalışan Zərifə xanım Əliyeva Əziz Əliyevin adını daşıyan Azərbaycan Dövlət Həkimləri Təkmilləşdimə İnstitutunda tibb elmləri doktoru, professor, kafedra müdiri vəzifəsinə qədər yüksəldi. Onun zəngin təcrübəsi, elmi uzaqgörənliyi müxtəlif sənaye sahələrində çalışan insanların görmə orqanı xəstəliklərinin fundamental tədqiqində, dərin təhlilə əsaslanmış əsərlərdə öz əksini tapdı. Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, "Вестник офтальмологии" kimi jurnalın redaksiya heyətinin üzvü, SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatının laureatı kimi nüfuzlu adların arxasında vətənpərvər bir xanım qəlbi döyünürdü.

Bu zərif xanımın taleyinə Ulu Tanrı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ömür-gün yoldaşı, əbədi dostu, ailə ocağının qoruyucusu, övladlarının gözəl anası olmağı yazmışdı. Vətənə, xalqa məhəbbət, zəngin, şanlı keçmişimizə ehtiram, milli adət-ənənələrimizin qorunub saxlanması və daha da inkişaf etməsi Azərbaycanımız üçün bu iki əziz şəxsiyyətin müqəddəs ittifaqının təməlini təşkil etmişdi. Xalqımızın əbədi səadəti və xoşbəxtliyi məhz bu insanların ittifaqında yarandı. Hər bir Azərbaycan vətəndaşı üçün gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsinin mühüm olması, elmin, maarifin xalqın inkişafında rolu məhz bu ailənin timsalında təcəssüm etdi, pak, ülvi nümunəyə çevrildi. Xalqa məhəbbətin bu gözəl mühitində, mənəviyyat ocağında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev dünyaya göz açdı və bəşər tarixinin ən qüdrətli sərkərdəsi kimi Azərbaycanı dünyanın ən qüdrətli dövlətləri sırasına çıxararaq torpaqlarımızı düşməndən azad etdi, "dəmir yumruğ"un gücünü bütün dünyaya göstərdi.

Amansız ölüm akademik Zərifə xanım Əliyevanı canından artıq sevdiyi ailəsindən, xalqından çox tez ayırdı. Lakin onun nurlu siması, hər zaman Azərbaycan üçün döyünən qəlbi nəsillərə hər zaman örnək, əsərləri, zəngin elmi irsi alimlərimiz və həkimlərimiz üçün tükənməz mənbədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi: "Zərifə xanımın nurlu obrazı həmişə bizim ürəyimizdədir. Onu tanıyanlar və tanımayanlar, haqqında kitablarda, məqalələrdə oxuyanlar da, hesab edirəm ki, onun nurlu obrazını daim öz ürəyində saxlayır. Onun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq".

Milli.Az


Etiketlər:  Təbabət elminin nurlu mücəssəməsi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ