Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2023 20:04
Azərbaycan Tibb Universitetinin oftalmologiya kafedrasının müdiri, professor Paşa Musayev (Qəlbinur) görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyeva ilə bağlı xatirələrini AZƏRTAC-a danışıb.
Əsilzadələr nəslinin nümayəndəsi
Professorun yaddaşında görkəmli oftalmoloq-alimlə əlaqədar ən unudulmaz xatirələr yaşayır. Onlardan bir neçəsini yada salaraq deyir: "Zərifə xanım haqqında həyəcansız, hissiz, duyğusuz danışmaq olmur. Onunla bağlı xatirələri yada saldıqca təzədən həmin günlərə qayıdır, yenidən həmin günlərin ovqatını hiss edirəm. Çünki Zərifə xanım son dərəcə duyğusal, həssas, qayğıkeş, həkim, müəllim, ana adının ən üstün keyfiyyətlərinə malik bir xanım idi. Zərifə xanım ana dilində çox təmiz danışırdı, onda milli musiqimizə çox böyük sevgi və bələdlik vardı, fortepianoda ifası çox gözəl idi. Səmimiyyət və xeyirxahlığı isə ölçüyəgəlməz idi. O, həmişə tövsiyə edirdi ki, kiməsə yaxşılıq etmək istəyəndə dərhal, həmin dəqiqədə elə, sabaha saxlama. Zərifə xanımın çox incə yumor hissi də var idi, yaxınları, doğmaları ilə şux zarafatlar edərdi. Böyük bacısı Ləzifə xanım hər dərs ilinin ilk günü peşəsinə ehtiram əlaməti olaraq əyilib öz masasını öpürdü. Zərifə xanım da həmin ənənələr ruhunda tərbiyə almış, hər şeyə dəyər verən böyük əsilzadələr nəslinin nümayəndəsi idi.
SSRİ Oftalmologiya Cəmiyyəti İdarə heyətinin qərarı ilə dünyada oftalmologiya sahəsində peşə xəstəlikləri ilə əlaqədar ilk elmi laboratoriya Bakı Kondisionerlər Zavoduna yaradılmışdı. Laboratoriyaya ən müasir aparatlar və avadanlıqlar alınmışdı. Burada yüksək elmi nəticələr əldə olundu. Həmin laboratoriya hazırda Fiziologiya İnstitutunun nəzdində fəaliyyətini davam etdirir.
Zərifə xanım oftalmoloq-alim kimi bir neçə yeni elmi istiqamətin əsasını qoyub. Peşəyönümü xəstəliklərinin tədqiqi, onların korreksiya və müalicə üsulları məhz onun adı ilə bağlıdır. Heç də təsadüfi deyil ki, o, SSRİ Elmlər Akademiyasının yüksək Averbax mükafatına layiq görülmüşdü. Görkəmli alimin məşğul olduğu elmi istiqamətlərdən biri də iridodiaqnostika idi. O bu sahəyə dair ilk elmi monoqrafiyanın aparıcı müəlliflərindən biridir.
Müəllimə ehtiram nümunəsi
Bizim mentalitetdə müəllimə çox böyük hörmət və ehtiram var, ona valideynə qarşı olduğu kimi yüksək və uca dəyər verilir. Mən belə münasibətin ən yüksək formasını Zərifə xanımda görmüşəm. Tibb Universitetin rektoru, professor Zəhra Quliyeva ilə Zərifə Əliyeva çox yaxın rəfiqə idilər və onlara Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, professor, tibb elmləri doktoru Umnisə Musabəyli dərs demişdi. Bir hadisə indiki kimi gözümün qabağındadır. Deməli, onların çox böyük dəyər verdiyi Umnisə xanımın ayağı sınmışdı və o vaxt "Leçkomissiya" adlanan xəstəxanada müalicə alırdı. Elə oldu ki, Zəhra xanım, Zərifə xanım və mən ona baş çəkməyə getdik. Biz otağa girəndə Umnisə xanım ayağı sarğıda və çarpayıda uzanılı vəziyyətdə gənc palata həkimi ilə söhbət edirdi. Salam verdik və onların danışığının bitməsini gözlədik. Umnisə xanımın həkimlə danışdığı on-on beş dəqiqədə həm Zəhra xanım, həm də Zərifə xanım bir şagird kimi ayaq üstə dayanıb gözlədilər. Və yalnız söhbətini bitirdikdən sonra Umnisə xanım onları əyləşməyə dəvət etdi. Mən onda müəllim-şagird münasibətinin ali formasını, böyüyə hörmət və ehtiramın nə olduğunu bir daha dərk elədim. Həmin gün bu iki böyük həkimin, iki böyük alimin və azərbaycanlı xanımın davranış və münasibətlərində min illərdən gələn mental dəyərlərin mübarək və canlı bir nümunəsini gördüm. Şahidi olduğum bu əhvalatı, müəllim-şagird münasibətinin ali formasını bir etalon və etika nümunəsi kimi mən öz tələbələrimə də danışıram.
Yadda qalan xatirələr
Zərifə xanım məclislərin birində çox maraqlı və yaddaqalan bir xatirə danışmışdı. Deyirdi ki, həmin əhvalatı atası Əziz Əliyevdən eşidib. Böyük Vətən müharibəsi illərində məşhur xanəndə Cabbar Qaryağdıoğlunu döyüşə gedən əsgərlər qarşısında hərbi-vətənpərvərlik ruhunda mahnılar oxumaq üçün Biləcəridəki çağırış məntəqəsinə dəvət edirmişlər. Xanəndə həmin dəvətlərin birində "Yetim segah"ı necə təsirli oxuyursa, kövrəlib qəhərlənən çağırışçılar hamısı qaçıb məntəqənin ətrafındakı yaşıl ağaclıqların arasına doluşurlar.
Bu xəbər ovaxtkı respublika rəhbəri Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mir Cəfər Bağırova çatdırılır. Xanəndənin məsələsi müzakirəyə çıxarılır. Müzakirə zamanı Bağırovun yanında onun çox böyük hörmət bəslədiyi yazıçı Məmməd Səid Ordubadi oturubmuş. Ordubadi Cabbar əmi ilə də yaxın dost imiş. Bağırov müzakirənin sonunda üzünü iclas iştirakçılarına, şəxsən Ordubadiyə tutaraq Cabbar Qaryağdıoğlunu necə cəzalandırmağı soruşur. Məmməd Səid dərhal "güllələnsin!" deyir. Cabbar Qaryağdıoğlunu soyuq tər basır, rəngi-ruhu qaçır. Lakin Mircəfər Bağırovun təklifi ilə xanəndəyə daha yüngül cəza verilir: onun bir müddət səhnəyə çıxışına qadağa qoyulur, maaşı kəsilir...
Cabbar Qaryağdıoğlu evə gəlir və axşamın düşməsini gözləyir. Gecə yarısı küçələrdən əl-ayaq çəkiləndən sonra gedib yaxın dostu olan yazıçının qapısını döyür. Ordubadi qapını açaraq dostunu evə dəvət edir. Cabbar gileylənməyə başlayanda Ordubadi deyir ki, mən orda sənin bağışlanmağını desəm, Bağırov sənə ən ağır cəza verəcəkdi. Mən qəsdən elə dedim ki, səni xilas etmək mümkün olsun.
...Yenə də Zərifə xanım danışırdı ki, atam Əziz Əliyev uzun illər Azərbaycandan kənarda Dağıstanda işləyib. Altı uşaqdan ibarət böyük ailənin qayğıları da bütünlüklə anası Leyli xanımın üzərinə düşüb. Anası uşaqların böyüyü Ləzifənin əlindən tutub Mircəfər Bağırovun qəbuluna gedib, xahiş edib ki, ailə böyükdür, öhdəsindən tək gələ bilmir, mümkündürsə, onun həyat yoldaşına Azərbaycanda bir iş verilsin, qayıdıb gəlsin. Bağırov ona qulaq asandan sonra deyib ki, Leyli xanım, Əziz müəllimə bu respublikada layiq olan bir yer var, orda da mən işləyirəm. Bağırov bunu deyəndən sonra xeyli susub. Leyli xanım da gözləmədiyi bu cavabdan sonra sağollaşıb evə qayıdıb.
Ulu Öndərin telefon zəngi
Bir dəfə Zərifə xanım mənə dedi ki, Heydər Əliyeviç sənin elmi uğurlarını izləyir, tibbi fəaliyyətinlə maraqlanır. Mən utanaraq ona və Heydər Əliyevə təşəkkür etdim. Bir müddət sonra Ümumittifaq Göz Xəstəlikləri İnstitutunun təqdimatı ilə elm sahəsində Ümumittifaq Lenin Komsomolu Mükafatına layiq görüləndə Heydər Əliyev Moskvadan telefonla Bakıya zəng edərək məni şəxsən təbrik etdi.
Bu hadisənin üstündən illər keçəndən sonra Heydər Əliyev ikinci dəfə ölkəmizə rəhbərlik edəndə Filarmoniyada yazıçıların qurultayında təsadüfən mənə yaxın oturacaqda əyləşdi. Görüşdük, fasilədə həmin zəngə və diqqətə görə bir daha ona təşəkkür etdim. Dedim ki, "çox sağ olun ki, Siz Moskvadan zəng edib təbrik etdiniz, amma o vaxt burada işləyənlərin heç biri bunu etmədi". Gülümsünərək dedi: "Elə şeylərə fikir vermə! Hamı bir olmaz ki?!"
Nurlu siması daim gözüm önündədir...
Zərifə xanım Moskvada nəşr olunan o vaxtlar ən nüfuzlu oftalmoloji elmi dərgi olan "Vestnik oftalmologii" jurnalının redaksiya heyətinin üzvü idi. Jurnalın baş redaktoru Ümumittifaq Göz Xəstəlikləri Elmi Tədqiqat İnstitutunun direktoru, akademik M.M.Krasnov idi. Mən həmin illərdə akademikin rəhbərlik etdiyi institutun əvvəl aspiranturasında, sonralar isə doktoranturasında təhsil alırdım. Hər dəfə həmin elmi mərkəzdə, müxtəlif elmi toplantılarda olanda, ya da jurnalın redaksiya heyətinin yığıncaqlarına gələndə Zərifə xanımla görüşərdik. O, həmişə mənimlə çox səmimi hal-əhval tutar, qayğılarımla maraqlanardı.
1986-cı ilin əvvəllərində jurnalda dərc olunmaq üçün məqaləm var idi. Həmin vaxt Zərifə xanım xəstəxanada yatırdı. Mən məqaləni onun sürücüsü Yura vasitəsilə göndərdim ki, çap olunmaq üçün imzalasın. Sürücü gəlib Zərifə xanımın sağlamlıq durumu haqqında danışanda mən çox mütəəssir oldum. Bu, mənim böyük alim və unudulmaz şəxsiyyətlə son əlaqəm oldu.
Deməli, bir dəfə onların böyük bacısı Ləzifə xanım soyuqlamışdı. Gülarə xanım bacısına isti bir münasibətlə "Ləzi bacı, eybi yoxdur, keçib gedəcək, təki xəstələnək, ancaq ölməyək", - dedi. Mən bu zarafatın, incə yumorun canlı şahidiyəm. Ailə üzvlərinin arasındakı belə incə yumorun, şux zarafatların çox şahidi olmuşam...
Lakin təəssüf ki, Zərifə xanım həmin il yataqdan durmadı. Bu böyük alimin yoxluğunu mən ən ağır və unudulmaz itkilərdən biri kimi qəbul edirəm. Bununla belə, həmişə onun varlığını hiss edirəm: məsləhətləri qulağımda səslənir, nurlu siması gözlərim önündən çəkilmir. Elə bilirəm ki, haradasa dayanıb məni, izləyir və həmişə də izləyəcək...".