Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 May 2023 15:54
Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert proqramı təqdim olunub.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, tədbirdə Almaniyanın dövlət qurumlarının yüksək vəzifəli təmsilçiləri, səfirlər, KİV nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də Almaniyada yaşayan Azərbaycan, türk və digər icmaların üzvləri iştirak ediblər.
Qonaqla əvvəlcə Ümummilli Lider Heydər Əliyevlə bağlı filmi izləyiblər.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin dərin bilikli, cəsarətli, prinsipləri uğrunda qətiyyətlə mübarizə aparan və yüksək milli ruhlu siyasətçi, adını qızıl hərflərlə dünya və Azərbaycan tarixinə yazdırmış böyük dövlət xadimi olduğunu söyləyib. Qeyd edib ki, ölkəmiz müstəqilliyinin ilk illərində qarşılaşdığı ciddi problemlərdən məhz Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində xilas olaraq, inkişaf və yüksəliş dövrünə qədəm qoyub. Heydər Əliyevin ən böyük arzusunun Azərbaycanın ərazi bütövlüyünün bərpası olduğunu vurğulayan N.Ağayev bu arzunun müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında 2020-ci ildə gerçəkləşdiyini vurğulayıb.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü və Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəhbəri Soltan Məmmədov Heydər Əliyev Fondunun fəaliyyəti, Fond tərəfindən milli-mədəni irsimizin qorunması və dünyada təbliği, eləcə də elm, təhsil, səhiyyə, multikulturalizm və digər sahələrdə həyata keçirilən müxtəlif layihələr barədə iştirakçıları məlumatlandırıb.
Azərbaycan-Almaniya Forumunun sədri Hans-Eberhard Şleyer Heydər Əliyevin Almaniya ilə Azərbaycan arasında münasibətlərin qurulması və inkişafındakı rolundan bəhs edib. Onun bu iki ölkə arasındakı münasibətlərə böyük önəm verdiyini vurğulayan sədr müasir dövrdə əlaqələrin dinamik şəkildə inkişaf etdiyini vurğulayıb.
Çıxışlardan sonra keçirilən konsertdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Əməkdar artist Əyyub Quliyev, Reyn Alman Operasının vokalisti Mərziyə Hüseynova, Əməkdar artistlər - xanəndə Təyyar Bayramov və tar ustası Sahib Paşazadə, habelə Berlin Filarmonik Kamera Orkestrinin ifasında tanınmış Azərbaycan bəstəkarları - Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Asəf Zeynallı, Niyazi, Bəxtiyar Kərimov, Həsən Rzayevin əsərləri, xalq mahnıları, eləcə də Avropa bəstəkarlarının əsərləri səsləndirilib. İştirakçılar tədbir çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş sərgi və Heydər Əliyevlə bağlı nəşrlərlə də tanış olublar.