Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Bakı Marafonu 2023"ün qalibləri müəyyənləşdi - YENİLƏNİB - VİDEO - FOTO

Tarix: 7 May 2023 12:32

12:30

"Bakı Marafonu 2023"ün qalibləri müəyyənləşib.

Kişilər arsında ukraynalı Boqdan Simonoviç finişə birinci çatıb. Gürcüstanlı David Karataşvili ikinci, türkiyəli Arkan Çoban 3-cü yeri tutub.

Qadınlar arasında ukraynalı Natalya Simonoviç hamını qabaqlayıb. Türkiyəli Hasibe Demir 2-ci, digər Ukrayna təmsilçisi Valentina Poltavska 3-cü olub.

-------

10:11

Heydər Əliyev Fondunun təşəbbüsü ilə 6-ci dəfə Bakı marafonuna start verilib.

"Bakı Marafonu 2023"də 19500 nəfər iştirakçı qeydiyyatdan keçib.

Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb çalışan əcnəbilər, eləcə də digər ölkələrdən iştirakçılar da marafona qeydiyyatdan keçib. Bunların sırasında bu il ABŞ, Belarus, Böyük Britaniya, Çin, Fransa, Gürcüstan, İran, İtaliya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən iştirakçılar olub. Bakı Marafonunda bir sıra tanınmış şəxslər də fəxri iştirakçı kimi yarışır.

2016-cı ildən təşkil edilən Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.

"Küləyə qalib gəl" şüarı altında keçiriləcək yarımarafon 21 kilometr məsafəni əhatə edir. Start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında olacaq. Marafonun marşrutu: Dövlət Bayrağı Meydanı - Dənizkənarı bulvar - Bakı Beynəlxalq Dəniz Vağzalı - Neftçilər prospekti - Bakı Ağ şəhər bulvarı - Xəqani Rüstəmov küçəsi - Bakı Ağ şəhər bulvarı, 8 Noyabr prospekti, Yusif Səfərov küçəsinin bir hissəsi - Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsi, "Cavanşir" körpüsündən keçməklə Üzeyir Hacıbəyli küçəsi - Neftçilər prospekti (Hökumət evi, Muzey Mərkəzi, Kukla teatrı, Qız qalası, "Azneft" dairəsi), Bakı Funikulyoru, Bayıl dairəsi, Bibiheybət yolu (Su İdmanı Sarayı) və Dənizkənarı bulvar boyunca hərəkət edərək (Su İdmanı Sarayının arxası, Bakı Kristal Zalı) - Dövlət Bayrağı Meydanı.
"Bakı Marafonu 2023"ün mükafatlandırılması iki kateqoriyada olacaq. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaq.

Qadın və kişi kateqoriyaları üzrə finiş xəttini ilk keçən tələbələr arasında "Gənc ol" (Azercell), eləcə də "Finiş xəttini ilk keçən ən yaşlı iştirakçı", "Finiş xəttini ilk keçən korporativ iştirakçı", "Ən kreativ kostyum" nominasiyalarında da mükafatların təqdimatı nəzərdə tutulur. Bütün marafon iştirakçılarına və yarışın təşkilində dəstək göstərən könüllülərə sertifikatlar təqdim olunacaq. Finiş xəttini keçən ilk 2000 iştirakçı isə "Bakı Marafonu 2023"ün medalları ilə təltif ediləcək.

Marafon iştirakçıları, şəhər sakinləri və qonaqlar üçün Dövlət Bayrağı Meydanında əyləncə zonası da yaradılacaq. Burada müxtəlif əyləncə proqramları, yarışlar, idman tədbirləri keçiriləcək.

"Bakı Marafonu 2023"ün eksklüziv tərəfdaşı "Azercell Telekom" şirkətidir. Marafon Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, KOBİA, SOCAR, Azerlotereya, Dənizkənarı Bulvar İdarəsi və "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) dəstəyi ilə təşkil olunur. Layihənin icrasını isə Sport Marketing Group (SMG) şirkəti həyata keçirir.

Milli.Az


Etiketlər:  Bakı Marafonu 2023ün qalibləri müəyyənləşdi YENİLƏNİB VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ