Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ceyhun Bayramov Litva Prezidenti ilə görüşdü - FOTO

Ceyhun Bayramov Litva Prezidenti ilə görüşdü - FOTO

Tarix: 8 May 2023 17:54

8 may 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Litvaya rəsmi səfəri çərçivəsində Litva Respublikasının Prezidenti Qitanas Nauseda tərəfindən qəbul edilib.

Nazirlikdən verilən məlumata görə, ikitərəfli görüşdə Azərbaycan ilə Litva arasında əməkdaşlıq gündəliyində duran aktual məsələlər müzakirə olunub.

İkitərəfli görüş, daha sonra Prezidentin xarici siyasət baş müşaviri Asta Skaisgirite ilə geniş tərkində davam etdirilib.

Nazir Ceyhun Bayramov iki ölkə arasında siyasi, iqtisadi, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, kənd təsərrüfatı, təhsil, humanitar və s. sahələr üzrə səmərəli ikitərəfli, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlıq gündəliyinin mövcud olduğunu, münasibətlərin inkişafında qarşılıqlı səfərlərin, siyasi dialoqun mühüm rol oynadığını qeyd edib.

Avropa İttifaqı (Aİ) çərçivəsində Litvanın kommunikasiyalar sahəsində həyata keçirilən layihələrə dəstək göstərdiyini qeyd edən nazir Ceyhun Bayramov, baş verən geosiyasi dəyişikliklər fonunda Xəzər regionunun, o cümlədən Orta Dəhlizin əhəmiyyətinin daha da artdığını diqqətə çatdırıb. Bu kontekstdə, Azərbaycanın regionda bütün nəqliyyat və kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılması istiqamətində səylərinin Orta Dəhlizin imkanlarının genişləndirilməsi baxımından faydalı olacağına dair inam ifadə edilib.

Post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində göstərilən səylər, mövcud çağırışlar, o cümlədən mina təhlükəsi barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, xüsusilə aparılan yenidənqurma işləri və mina təhdidi ilə mübarizədə birgə əməkdaşlığın bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsinə mühüm töhfə verəcəyini əminliklə vurğulayıb.

Litva tərəfi Azərbaycan ilə münasibətlərin daha da inkişafı istiqamətində mövcud potensialdan istifadə edilməsində maraqlı olduğunu diqqətə çatdırıb. Aİ-nin Şərq Tərəfdaşlığı proqramının əməkdaşlığın inkişafı üçün mühüm platforma rolu oynadığı, xüsusilə enerji təhlükəsizliyi sahəsində Azərbaycanın etibarlı tərəfdaş qismində çıxış etdiyi məmnunluqla xatırlanıb. Regionda sülh quruculuğu səylərinin təqdirəlayiq olduğunu bildirən Litva tərəfi, mövcud normallaşma prosesinə sadiqliyin vacibliyini qeyd edib və Litvanın bu səylərə dəstək verdiyini bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Etiketlər:  Ceyhun Bayramov Litva Prezidenti ilə görüşdü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ