Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2023 17:42
YARAT Müasir İncəsənət Məkanı, gənc Azərbaycan rəssamları - Ağaəli Sədirli və Nailə Dadaş-zadə yaradıcı dueti, Mələk Bayramlı, Ağababa Bağırov, Nihad J., Tamerlan Xəlilov, Tamilla Məmmədova, Nigar Səmədzadə, Nərmin Zeynallı və "Kobranın ölüm rəqsi"-nin iştirakı ilə ARTIM Layihə Məkanında "Guilty Pleasure" ("Müqəssir zövq") adlı qrup sərgisini təqdim edir.
Açılış: 1 iyun, 19:00
Məkan: ARTIM Layihə Məkanı
Sərginin müddəti: 1 iyun - 3 sentyabr
Ünvan: İçərişəhər, Kiçik Qala küç., 5
"Guilty Pleasure" - sosial termindir və bir qayda olaraq, bizdə cüzi günahkarlıq hissi doğuran həzzverici duyğuya verilən addır. Sərgi - "kitç" (yəni, bayağılıq, zövqsüzlük), orijinallığın təqlidi və konsümerizm mədəniyyəti vasitəsilə daim inkişaf edən populyar estetikanı böyük maraqla araşdırır, "ənənəvi zövq" və "orijinallıq" anlayışlarını şübhə altına qoyur.
Sərginin diqqət mərkəzində bütün cəsarəti və qabarıqlığı ilə bayağılıq dayanıb. Ekspozisiya bu bayağılığın inkaredilməz qlamurluğunu qeyd edərək, onun çoxşaxəli xarakterini araşdırır. İfrat dərəcədə istehlak və kütləvi istehsal dövründə, yüksək dəyərlər və kitç arasındakı ənənəvi sərhədlər silinir. Sərgi səthi amilləri qabardaraq, "şişirdilmiş sentimentallıq", "ani emosional məmnunluq" və "səysiz istehlak" anlayışlarını ironik tərzdə önə çıxarır.
"Guilty Pleasure" təsbit edilmiş dəyər və estetik normalara qarşı incə bir istehza olmaqla, seyrçiləri "o qədər pisdir ki, yaxşıdır" paradoksunu götür-qoy etməyə dəvət edir. Bu fikri davam edən ekspozisiya, zövqlə bağlı ənənəvi təəssürata meydan oxuyur və şəxsi qərəzləri araşdırmağa, özünü "məqbul və ya arzuolunan" kimi qələmə verən mədəni gözləntilərlə üz-üzə dayanmağa sövq edir.
"Guilty Pleasure" sərgisinin başlıca məqsədi estetika vasitəsilə sosial kontekstdə fərdi identiklik, həyat tərzi, adət-ənənələr, "pop" mədəniyyəti və dəyər sistemləri arasındakı mürəkkəb əlaqələri qarşı-qarşıya qoymaq, həmçinin seyrçiləri eyni anda güldürmək və qıcıqlandırmaqla, şıltaq, ekssentrik, şən və oynaq olmağa sövq etməkdir.
Məkan: ARTIM Layihə Məkanı (İçərişəhər, Kiçik Qala küç., 5)
Keçirilmə tarixləri: 1 iyun - 3 sentyabr
Sərginin iş rejimi: Çərşənbə axşamı - bazar günü, 12:00 - 20:00