Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2023 10:00
"İnsan, əgər kasıb yaşayırsa, başdaşısı da sadə olur. Amma elə insanlar var ki, başdaşısı sanki mavzoleydir. Hətta elə qəbirlər var ki, üstünə işıq da çəkirlər. Guya bu adam dədəsinin qədrini bilir. Yalandır! Bəlkə, sağlığında atasına 1 stəkan çay belə verməyib. Sadəcə, dəbdəbə üçün ölürlər. Görsünlər ki, filankəs dədəsini nə yaxşı basdırdı və s. Bunlar, ancaq şöhrət xətrinədir".
Sonxeber.net xəbər verir ki, bu sözləri yenisabah.az-a açıqlamasında tanınmış televiziya eksperti, jurnalist Anar Vəziroğlu deyib.
O, su daşıyaraq atasına başdaşı düzəltmək istəyən balaca Elvindən, habelə bahalı qəbirdaşılarının son zamanlar məzarlıqlarda artması faktından söz açıb:
"Əl boyda, bapbalaca bir uşaq niyə bunu etməlidir? Hələ başdaşının üstünə kimin düzəltdirdiyini də yazıdırıb.
Millətimizdə balacalıqdan belə bir arzumu deyim, yoxsa dəbmi, bilmirəm, amma bu, var. Niyə?
Qəbirlərə baxırsan, üstündə oğlundan, qızından yadigar yazılır. Dəhşət budur. Öz dərdimizi qəbir daşları üstündə yaşadırıq. Çox qəribə bir məntiqdir. Qarnına bir tikə çörək tapmayasan, amma gedib atana o boyda başdaşı qoyasan. Harada görülüb belə bir şey?!"
"Bəzən adam ölür, ondan sonra 3-ü, 7-si, 40-ı, gedib çıxır haraya? Yazıq uşaqlar da düşürlər qapı-qapı, dilənirlər ki, kiminsə qarını doyacaq?! Aparıb adamı basdırandan 15 dəqiqə sonra da mağarda yığılışıb çörək yeyirlər.
Ölən öldü, qalan qaldı. Amma soruşanda deyirlər ki, təqsir öləndədir.
Mən bunun əleyhinəyəm. Bu nə dini, nə də milli baxımdan düzgündür.
Yadıma gəlir ki, əvvəllər Nazirlər Kabineti qərar çıxarmışdı ki, bütün qəbiristanlıqlar bələdiyyələrə verilsin. Bunu da həll etmədilər ki, bütün qəbir daşlarının hamısı eyni olsun", - deyə A. Vəziroğlu əlavə edib.
"Bir neçə dəfə Ukraynada olmuşam. Orada qəbirlər, hətta üst-üstədir. Çünki torpaq qızıldır. Elə kim nə təhər istəyir, aparıb basdırır və s. yoxdur. Amma Azərbaycanda bir neçə qəbir yeri tuturlar, yağış dəyməsin deyə üzərinə örtük də çəkirlər. Halbuki bu, yersizlikdir.
O uşağın nə yaşı var ki, vedrə ilə su daşıyır, təki atasına başdaşı düzəltdirsin. Burada məntiq nədir?! Bütün uşaqları buna sövq edək?! Kimə və nəyə lazımdır bu?!", - deyə etiraz edən müsahibimiz öz vəsiyyətini açıqlayıb:
"Övladlarıma indidən demişəm ki, mənə dəbdəbə lazım deyil. Xərcə düşüb nə isə etməyin. Vicdanıma and olsun, mənə qalsa, deyərəm ki, öləndə aparın meyitimi, leş kimi dərəyə tullayın. Niyə borca düşsün uşaqlarım?!"