Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 May 2019 08:00
Bakı. Elçin Mehdiyev – Trend:
2019-cu ilin yanvar-mart ayları ərzində Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 50,9 milyon ton yük daşınıb və 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,1 faiz artım müşahidə olunub.
Trend-in məlumatına görə, yüklərin 3,0 faizi dəniz, 6,9 faizi dəmir yolu, 0,1 faizi hava, 59,3 faizi avtomobil nəqliyyatı, 30,7 faizi isə boru kəməri ilə daşınıb.
2019-cu ilin yanvar-mart aylarında nəqliyyatçılar 460,7 milyon nəfərə və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,7 faizi avtomobil nəqliyyatı, 12,1 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 30,2 milyon ton yük, 403,9 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,3 faiz və 1,6 faiz artım qeydə alınıb.
Sərnişinlərin 96,0 faizi avtobus, 4,0 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 2,3 faiz, sərnişin dövriyyəsi isə 1,7 faiz artıb. Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 1,4 faiz azalaraq 55,6 milyon nəfər olub.
Hava nəqliyyatı ilə 477,7 min və ya 0,4 faiz çox sərnişin daşınıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin