Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2023 12:44
Əks-hücum əməliyyatının başlamasından bir həftə sonra Ukrayna ordusu Zaporojye və Donetsk vilayətlərində cənubda dörd istiqamətdə irəliləyir.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Forbes" nəşri yazıb.
Nəşr Britaniya Müdafiə Nazirliyinə istinad edərək bildirib ki, bəzi bölgələrdə Ukrayna qüvvələri əhəmiyyətli irəliləyiş əldə edərək, Rusiyanın birinci müdafiə xəttinə sızmağı bacarıb. Digər cəbhələrdə isə Ukraynanın irəliləyişi daha yavaş olub.
"Ukrayna hərbçiləri üçün ən ciddi istiqamət Orexov və Malaya Tokmaçkadan cəbhə xətti boyunca Tokmaka qədərdir. Əgər ukraynalılar Tokmak ətrafındakı xəndəkləri yarıb Tokmak çayını keçə bilsələr, Azov dənizinin sahilindəki strateji şəhər olan Melitopola girə bilərlər. Melitopolun azad edilməsi Krıma olan quru tədarükü yollarını kəsəcək, rus işğalçılarını qovmaq üçün yarımadadakı vəziyyəti Ukraynanın xeyrinə yumşaldacaq", - "Forbes" bildirib.
Qeyd olunub ki, Ukrayna ordusunun bu xəttə ağır briqadalarını və ən yaxşı yeni texnikasını yerləşdirməsi və rusların xətti saxlamaq üçün çox çalışması Tokmakın fövqəladə əhəmiyyətini izah edir.
London Kral Kollecinin Müharibə Araşdırmaları Departamentinin əməkdaşı Mayk Martinin sözlərinə görə, Tokmak ruslar üçün son dərəcə vacib dəmir yolu qovşağı və logistika mərkəzidir:
"Rusiyalı mühəndislər Tokmak və ətrafında böyük istehkam tikiblər. Lakin şəhərdən cənuba doğru səngər və torpaq istehkamlar, eləcə də minalanmış sahələr olduqca nazikdir.
Bu istehkamlar böyük, yaxşı təchiz olunmuş rus dəstəsini qoruyur. 503-cü, 291-ci, 70-ci və 429-cu motoatıcı alaylar, bəzi ehtiyat birləşmələr və muzdlu batalyonlar şimaldan cənuba doğru yerləşdirilib. Ola bilsin ki, cəbhə xəttində 10 min və ya daha çox insan və yüzlərlə zirehli texnika cəmlənib.
Bu qoşunlar sıx minalanmış sahələrin və artilleriyanın məhvetmə zonalarının arxasında gözləyirlər. Rusiya PUA-ları, hücum helikopterləri və qırıcı-bombardmançı təyyarələr havada patrul uçuşları aparır. Təəccüblü deyil ki, Ukraynanın 33-cü Mexanikləşdirilmiş Briqadası və 47-ci Hücum Briqadası ötən həftənin əvvəlində Tokmak boyunca cənuba doğru hərəkət edərkən, onlara ağır zərbə vuruldu".
Nəşr yazıb ki, Ukraynanın 33 və 47-ci briqadalar "Leopard 2" tankları və "M2" PDM-ləri ilə təchiz olunub. Bu texnikalar Malaya Tokmaçkada minaya düşdülər:
"Leopard 2A6" tankı, minatəmizləyən İMR2 maşını və bir neçə PDM-in minaya düşməsindən sonra əraziyə "M2" PDM-lərinin xilasetmə qrupu yola düşdü. Görüntülər "Leopard 2" və "M2"lərin necə etibarlı olduğunu göstərdi. 33-cü və 47-ci briqadalar ən azı bir tank və onlarla döyüş maşını itirsələr də, görünür, döyüşçülər arasında az sayda itki veriblər. Ukrayna bölmələri yenidən hücuma keçdilər. Cümə günü Rusiya PUA-larının Malaya Tokmaçkanın cənubundakı Ukrayna kolonlarını təqib etmələri onu göstərdi ki, 33-cü və 47-ci briqadalar rusların ilk müdafiə xəttini ötüb keçə biliblər".
Mayk Martin Ukraynanın əks-hücum üçün 9 ədəd briqada formalaşdırdığını və onların da əsasən Qərb sistemləri ilə silahlandığını bildirib:
"33 və 47-ci briqadalar bu briqadaların yalnız ikisidir. Onların itirdikləri "Leopard" və "M2"lər ümumi 9 briqadaya verilənlərin cəmi 10 faizini təşkil edir. Bu da onu göstərir ki, Ukrayna ordusunun kifayət qədər odlu sistemləri var. Görünür bu istiqamətə böyük güc tətbiq edilir, amma biz hələ də əsas qüvvələri görməmişik".