Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyul 2023 08:46
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinə zəng vurub, Kremli ABŞ-nin "Vaqner" Özəl Hərbi Şirkətinin qiyamında heç bir rol oynamadığına əmin edib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, Bernsin Narışkinlə telefon danışığı bu həftə baş tutub və Rusiyada üsyana cəhddən sonra ölkələr arasında ən yüksək səviyyədə ilk əlaqə olub.
Bundan əvvəl ABŞ Prezidenti Cozef Bayden bildirib ki, Rusiya lideri Vladimir Putin Yevgeni Priqojinin üsyan cəhdindən sonra tamamilə zəifləyib.
Xatırladaq ki, iyunun 24-də "Vaqner" Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin "Vaqner" muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb. O, bundan sonra Rusiyada qiyama başlayıb.
Elə həmin gün "Vaqner"çilər Rusiya Silahlı Qüvvələrinə məxsus qırıcı təyyarə və helikopterləri vurublar. Rusiya Prezidenti Vladimir Putin isə xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib.
Məlumata görə, Y.Priqojin Belarus Prezidenti Aleksandr Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq və gərginliyi azaltmaqla bağlı təklifini qəbul edib.
Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. İyunun 27-də isə Federal Təhlükəsizlik Xidməti silahlı qiyamla bağlı başlanmış cinayət işinə xitam verildiyini elan edib.