Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

1-ci müharibədə Ermənistanı qalib sayanlara Paşinyandan ağır ittiham - Niyə...

1-ci müharibədə Ermənistanı qalib sayanlara Paşinyandan ağır ittiham - Niyə...

Tarix: 4 Iyul 2023 11:00

Elşad Həsənov: "Ermənistanın Azərbaycana bütün sahələrdə uduzması qaçılmaz idi"

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Birinci Qarabağ müharibəsindən sonra Azərbaycanı iqtisadi rəqabətdə məğlub etmək mümkün olmadı.

Paşinyan bunu bir sıra arqumentlərlə əsaslandırıb: "1994-cü ildə atəşkəs elan olunanda müharibədə Ermənistan tərəfinin qalib gəldiyi, Azərbaycan tərəfinin isə uduzduğu qeyd edildi. Bundan sonra 20 il ərzində Azərbaycan əhalisi, demək olar ki, 2 dəfə artdı, Ermənistanın əhalisi xeyli azaldı. Bəs qələbə kimin oldu, niyə bu qələbə nəticəsində Ermənistanın əhalisi artmadı, əksinə azaldı, niyə bu qələbə nəticəsində Azərbaycanı iqtisadi rəqabətdə məğlub etmək mümkün olmadı? Bu, təhlükəsizliklə, hərbi büdcə ilə bağlıdır. Biz də bilirik ki, 1997-1998-ci illərdə Qarabağ məsələsi daxili siyasi aspektdə çox önəmli idi".

"Regionda enerji və nəqliyyat layihələrindən kənarda qalaraq böyük həcmdə tranzit gəlirlərindən məhrum oldu"

Sözügedən məsələ üzrə "Bakı-Xəbər"ə açıqlama verən siyasi ekspert Elşad Həsənov bununla bağlı bir sıra məqamlara toxundu: "Bəli, 1994-cü ilin mayında atəşkəslə bağlı razılaşma əldə olunanda biz döyüşü uduzan tərəf idik. Ancaq Azərbaycan əslində Ermənistana yox, Rusiyaya uduzdu. Çünki Birinci Qarabağ müharibəsində bilavasitə Rusiyanın yardımı hesabına Ermənistan Azərbaycan ərazilərini işğal etdi. Hesab edirəm ki, bunu xüsusilə qeyd etmək lazımdır. Ona görə ki, Ermənistan təklikdə heç vaxt Azərbaycanla döyüşə bilməzdi. Hamıya aydındır ki, onlar məhz rusların köməyi ilə bu üstünlüyü əldə etdilər. Atəşkəsdən sonra Azərbaycanda Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə xarici neft şirkətləri ilə "Əsrin kontraktı" imzalandı. Azərbaycanın neft sektoruna yatırılan sərmayələr iqtisadiyyatın digər sahələrinin də inkişafına təkan verdi. Neft gəlirləri hesabına iqtisadiyyatda davamlı inkişaf təmin edildi. Böyük layihələr həyata keçirildi. Ordu quruculuğuna xüsusi diqqət yetirildi. İlham Əliyev prezident seçiləndən sonra ölkədə inkişaf daha da gücləndi. Ölkə başçısı müstəqil iqtisadi siyasətə nail oldu. Azərbaycan regionun enerji habına çevrildi. Bununla belə, böyük nəqliyyat layihələri həyata keçirilir. Təsadüfü deyil ki, Azərbaycan üzərindən daşımaların həcmi getdikcə əhəmiyyətli şəkildə artmaqdadır. Nəticədə Azərbaycanın həm iqtisadi imkanları artdı, həm də beynəlxalq nüfuzu yüksəldi. Bütün bunlar da bizə imkan verdi ki, 44 gün ərzində işğal altında olan ərazilərimizi azad edək. 90-cı illərin əvvəllərində Azərbaycan əhalisinin sayı 7 milyon nəfər idisə, hazırda ölkə əhalisinin sayı 10 milyon nəfərdən çoxdur. Ancaq 90-cı illərdə 3,5 milyon nəfər olan Ermənistan əhalisi indi 2,9 milyon nəfərdir. Orada əhalinin sayı artmayıb, tam əksinə, 600 min nəfər azalıb. Bu isə o deməkdir ki, ərazilərimizin işğalı Ermənistana xoşbəxtlik yox, bədbəxtlik gətirdi. Əhali ölkəni tərk etdi və s. Ona görə ki, Ermənistan haqsız tərəf idi. Orada Qarabağ dalğasında hakimiyyətə gələn Köçəryan-Sarkisyan quldurcasına Ermənistanı taladılar. Elə hesab edirdilər ki, müharibədə qazandıqları üstünlüklər daimi olacaq. Ermənistana xarici sərmayə gəlmədi. İşğal səbəbindən Ermənistan regionda enerji və nəqliyyat layihələrindən kənarda qalaraq böyük həcmdə tranzit gəlirlərindən məhrum oldu. Türkiyə və Azərbaycanla olan sərhədlər bağlı qaldı. Bir sözlə, Ermənistan birinci mərhələdə iqtisadi baxımdan, ikinci mərhələdə hərbi cəhətdən Azərbaycana uduzdu. Nəticədə işğal etdiyi əraziləri əldən verməyə məcbur oldu. Bütün bu deyilənlərin fonunda, Ermənistanın Azərbaycana bütün sahələrdə uduzması qaçılmaz idi".


Etiketlər:  müharibədə Ermənistanı qalib sayanlara Paşinyandan ağır ittiham Niyə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ