Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Oktyabr 2019 23:04
Bakı. Trend:
Azərbaycan Dillər Universitetində (ADU) "Beynəlxalq münasibətlərin aktual problemləri" mövzusunda respublika elmi-praktik konfransı keçirilib.
ADU-dan Trend-ə verilən məlumata görə, konfransın məqsədi regional və qlobal səviyyədə sülh və təhlükəsizliyin təmin edilməsi istiqamətində beynəlxalq münasibətlərin iştirakçılarının ikitərəfli və çoxtərəfli fəaliyyətlərinin nəzəri və praktiki cəhətdən öyrənilməsidir.
Konfransda ölkənin 10 universitetindən, 3 akademiyasından, AMEA-nın 8 institutundan, bölgələr üzrə 4 universitetdən, 4 xarici ali təhsil müəssisələrindən nümayəndələr iştirak ediblər.
ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla Azərbaycanın bu gün beynəlxalq münasibətlərdə önəmli yer tutduğunu bildirib. Prezident İlham Əliyevin Azərbaycanın cəsarətlə, siyasi iradə ilə irəliləməsi, dünya ölkələri arasında özünə layiqli yer tutması üçün əlindən gələni müvəffəqiyyətlə etdiyini deyən rektor bu yolun Heydər Əliyev yolu olduğunu qeyd edib. Akademik konfransda başqa universitetlərin də mütəxəssislərinin iştirak etdiyini deyərək, həm Qarabağ münasibətlərinə, həm Ulu öndərin Azərbaycanın beynəlxalq aləmdə tutduğu yerin dərinləşməsi istiqamətinə, həm də İlham Əliyevin ciddi siyasətin dünya ölkələri tərəfindən qəbul edilməsinə konfransın öz xeyrinin olacağını diqqətə çatdırıb. Rektor konfransın işinə uğurlar arzulayıb.
Politoloq, millət vəkili Rasim Musabəyov, AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, millət vəkili professor Musa Qasımlı, ictimai-siyasi xadim, hüquqşünas, millət vəkili Çingiz Qənizadə, politoloq, siyasi şərhçi, millət vəkili Elman Nəsirov elmə atılan ilk addımların bu növ konfranslardan başladığını qeyd edərək elmimizə yeni gənclər gətirəcək faydalı konfrans olduğunu bildiriblər. Çıxışçılar beynəlxalq münasibətlərin müstəqil dövlət üçün vacib olduğunu, Azərbaycanın gənc dövlət kimi beynəlxalq münasibətlər sistemində müstəqil siyasət yürütməyi bacaran nadir dövlətlərdən olduğunu deyiblər. Qonaqlar, həmçinin Azərbaycan beynəlxalq münasibətlər sistemində, Heydər Əliyev irsi, beynəlxalq münasibətləri-tarix və müasirlik, beynəlxalq və regional təhlükəsizlik problemləri, beynəlxalq sosial-iqtisadi və mədəni-humanitar əlaqələr və beynəlxalq münasibətlər istiqamətində problemlərlə bağlı mövzulara toxunublar.
Universitetin Regionşünaslıq kafedrasının dosenti Aqil Şahmuradov Azərbaycan-Ukrayna mədəni-humanitar əlaqələri haqqında məruzə ilə çıxış edib.
Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı dosent İbrahim Kazımbəyli konfransın bölmə iclaslarının işi haqqında məlumat verib.
Konfrans öz işini "Heydər Əliyev irsi və beynəlxalq münasibətlər", "Beynəlxalq münasibətlər: tarix və müasirlik", "Beynəlxalq və regional təhlükəsizlik problemləri", "Beynəlxalq sosial-iqtisadi və mədəni-humanitar əlaqələr", "Azərbaycan beynəlxalq münasibətlər sistemində" mövzularında bölmə iclasları ilə davam edib. Bölmələrin işində ümumilikdə 156 tezis müzakirə olunub. Konfransa ölkəmizdən əlavə, Rusiya və Belarusdan tezislər daxil olub.
Bağlanış mərasimində çıxış edən Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı dosent İbrahim Kazımbəyli konfransın uğurla başa çatdığını deyib. O, tədbirin yüksək səviyyədə təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
Daha sonra moderatorlar Reyhan Cəfərova, dosent Namiq Əsədov, dosent Aqil Şahmuradov, professor Əsgər Zeynalov, dosent Ədalət Abdiyeva, professor Aidə Yusifzadə, dosent Əli Əhmədov konfransın bölmə iclaslarının işi, dinlənilən məruzələr, müzakirə olunan məsələlər haqqında məlumat veriblər.
AMEA-nın Qafqazşünaslıq İnstitutunun əməkdaşı professor Qasım Hacıyev, həmçinin ADU-nun prorektorları Sevinc Zeynalova, Əfqan Abdullayev, Tamam Cəfərova konfransda problemlərin həllinə yönələn məsələlərin qoyulduğunu bildiriblər. Çıxışçılar konfransın gələcək birgə elmi əməkdaşlığa vəsilə olduğunu, yeni tanışlıqlara zəmin yaratdığını söyləyib, təşkilat komitəsinə təşəkkürlərini bildiriblər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin