Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Gözləmədiyim halda mənə elə şillə vurdu ki, sözlərimi unutdum, üzr də istəmədi”

“Gözləmədiyim halda mənə elə şillə vurdu ki, sözlərimi unutdum, üzr də istəmədi”

Tarix: 15 Iyul 2023 15:35

"Heç vaxt qapı döyməmişəm, 40 filmə çəkilmişəm, çox da ola bilərdi"
 
"Dedilər ki, bizim teatrlar sənin kimi aktrisalar üçün ağlayır"

"Bu illər ərzində 40 filmə çəkilmişəm. Bəlkə də daha çox filmim ola bilərdi, əgər gördüklərini çəksəydilər. Aktrisaların vəziyyəti bir az başqa cür olur. Hər şey çətinliklə ərsəyə gəlir. Özümü heç vaxt gözə soxmamışam. Heç kimin işinə qarışmamışam, danışmamışam. Bu da bir xasiyyətdir. İstəsəm də başqa cür ola bilmərəm. İndiyə qədər qapı döyməmişəm. Bu bəlkə də mənim böyüdüyüm ailədən irəli gəlirdi" 

Milli.Az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Zemfira Sadıqova deyib.
 
"Mən xarakterik, mənfi rollar oynamaq istəyirəm. Bir dəfə bunu rejissordan xahiş edəndə mənə dedi ki, siz axı həyatda mənfi xarakterə malik insan deyilsiz. Dedim ki, bu yaxşıdır da. Əks xasiyyətli rolları oynamaq daha çətindir. Ana rolları oynamışam. Əslində oynadığım analar da fərqlidir" deyə sənətkar deyib.

Aktrisa bildirib ki, ailəsində heç kim onun bu sənətdə olmağını istəməyib.
 
"Aktrisa olmağımı nə atam istəyirdi, nə də ki, anam. Acıq edib, bir il sənədlərimi heç bir instituta vermədim. Dedim ki, heç oxumuram. Bacımın təkidi ilə sənədlərimi iqtisadiyyata verdim. Yarım il oxudum. Hər dəfə Teatr institutunun yanından keçəndə ağlayırdım ki, mənim yerim buradır. Elə oldu ki, rektorun yanına gedib dedim ki, mən burada oxumaq istəyirəm. Rza Təhmasib, Müxlis Cənizadə, Adil İsgəndərov kimi görkəmli sənətkarlar məni imtahana çəkdilər. Dedilər ki, bizim teatrlar sənin kimi aktrisalar üçün ağlayır. Sənədlərimi gətirib verdim incəsənətə" deyə aktrisa bildirib.

Aktrisa xarici görünüşü haqda bunları deyib.
 
"Özümə heç vaxt gözəl deməmişəm. Cavanlıqda mənə gözəl deyəndə utanırdım. Elə bilirdim ki, kimsə mənə kompliment deyir" deyə sənətkar bildirib.
 
Sənətkar "Dəli Kür" filmindəki Mələk obrazından da danışıb.
 
"Hər bir sənətkarın oynadığı elə bir obraz var ki, camaat həmin şəxsi onunla tanıyır. "Dəli Kür" mənim cavanlıq illərimdə çəkildiyim film idi, amma məşhur oldu, insanlar sevdilər. Mənim üçün obraz çox maraqlı idi, böyük məmnuniyyətlə mən onu oynadım. İndi kəsilən yerləri də, qalan yerləri də var.  Məsələn köç yeri var idi, orada mən ata minirdim, atla gedirdim. Ən əsası da Yusif Vəliyevin çəkildiyi axırıncı səhnə. Onu kəsib filmdən götürmüşdülər. Filmin axırında Cahandarı öldürürlər, bizimkilər belə çəkmişdilər. Moskva icazə verməmişdi. Guya özümüzünkü Cahandarı öldürüb, amma rus kazaxı Cahandarı öldürmüşdü. Ümumiyyətlə götürəndə millətin sevdiyi filmlərdən biridir" deyə sənətkar bildirib.
 
Aktrisa filmin ən yaddaqalan səhnəsindən də danışıb.
 
"Mən gözləmirdim ki, Leyla Bədirbəyli mənə möhkəm şillə vuracaq. Məşq zamanı adi məşq edirdik, ona görə də elə reaksiya yox idi. Birdən çəkiliş vaxtı Leyla xanım elə güclə, bərk vurdu ki, məni. Bir anlığa məhtəəl qaldım ki, bu necə vurmaqdır?! Sonra da özümü ələ aldım ki, kamera işləyir, mən  aktrisayam, çəkilməliyəm, sözlərimi deməliyəm. Amma mən ondan gözləyirdim ki, deyəcək ki, qızım bağışla çox bərk vurdum, bütün gücü ilə, amma  o üzr istəmədi, yəqin düşünüb ki, cavandır da, Allahına şükür etsin ki, filmdə çəkilir" deyə aktrisa deyib.
 
Aktrisa bildirib ki, gənclər sənətə başqa məqsədlər üçün gəlir.
 
"Aktyor sənətinə gələn insan gərək fikirləşməsin ki, o nə qədər pul alacaq? O fikirləşməlidir ki, necə oynayacam? O obraz onun ürəyincədirmi? Oynaya bilərmi? Əgər bu sənəti sevmirlərsə gəlməsinlər, çünki çox ağır sənətdir" deyə aktrisa bildirib.

Milli.Az


Etiketlər:  Gözləmədiyim halda mənə elə şillə vurdu ki sözlərimi unutdum üzr istəmədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ