Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2023 06:10
"Xanəndələrdən dərs alırlar, daha sonra bayağı mahnılarla insanların zövqünü korlayırlar"
"Tar alətində ifa etmək istəyən xanımların fiziki gücü möhkəm olmalıdır. Bir də onu saatlarla sinədə saxlamaq da çətindir. Ayaq üstündə ifa etmək, ümumiyyətlə, çətindir. Cəmiyyətdə bir psixoloji məqam yaranmışdı ki, bu, kişi alətidir. Mən sənətə gəlişimlə bütün bu baryerləri aşdım. Səhnədə tamaşaçı il üz-üzəsən, buyur istedadını göstər. Ya seviləcəksən, ya da ki, səhnədən uzaqlaşacaqsan. Hər zaman özümə inanmışam. Məşq vaxtı repertuarı telefona yazıram, daha sonra gedib ona evdə qulaq asıram. Çünki səhvlərini, düzlərini görürsən. Mənimlə eyni tərzi paylaşan tarzənlər də var. Hamısı ilə gözəl münasibətlərim var. Təbii ki, rəqabət olmalıdır. O olmasa, uğur olmaz. Düşüncəmdə, təfəkkürümdə bu sənətlə bağlı bir çox layihələr var ki, onları bölüşəndə deyirlər ki, heç bunu edən olmayıb. Bax, mən də o layihələri həyata keçirmək istəyirəm".
Bunu moderator.az-a açıqlamasında tarzən Humay Qədimova deyib. Tarzən xanım sənətə gəldiyi ilk illəri, çətinlikləri də xatırlayıb.
"Qardaşım evdə tarla məşq edirdi, bu musiqi alətinin səsi çox xoşuma gəlirdi. Valideynim istəyirdi ki, övladlarında musiqi formalaşsın və harasa gedəndə musiqidən anlayışları olsun. Evdə fortepiano var idi, qardaşımı isə tar sinfinə qoymuşdular. Qardaşım məşq edərkən tarın səsi xoşuma gəldi. O, evdə olmadığı vaxtlarda başladım tarla tanışlıq etməyə. Anam da qardaşımın dərslərində çox oturduğu üçün məlumatlı idi. Bir çox şeyləri də, məsələn, mizrabın düzgün tutulmasını anamdan öyrənmişəm. Qardaşım bildi ki, o, evdə olmayanda tarı götürürəm. Dedi ki, mənim tarıma əl vurma, mizrabını qırarsan. Duyumla artıq bir neçə mahnını tarda ifa edə bilirdim. Anama dedim ki, fortepiano sinfini oxuyacağam, amma xahiş edirəm məni tar sinfinə qoy. Anam təbii ki, razılaşmadı ki, sənin, ümumiyyətlə, əlin tara dəyməyəcək. Sonradan anamı razı sala bildim. Tar sinfinə qəbul olandan sonra mənə tar alan yox idi. Qardaşım da tarını mənə vermirdi. İmkan yox idi ki, tar alaq. Atamı 12 yaşında itirmişəm, bütün ailənin məsuliyyəti, yükü anamın üstündə idi", - deyə Humay Qədimova bildirib.
Sənətçi mahnıların bayağılaşmasından da danışıb.
"Bu gün əksər mahnılar bayağılaşıb, sözləri bəsitləşib. 3 notdan ibarət mahnılar meydana çıxır. Seçilmək çətindir. Bəzən də elə olur ki, ustad xanəndələrdən dərs alırlar, sonra elə bayağı mahnılar ifa edirlər ki. Yəqin ki, tələbat bunadır. Onlar musiqimizə ziyan vururlar, xələl gətirirlər. Zamanın nəbzini də tutmaq lazımdır, o mahnıları da oxumaq olar. Amma biz bəstəkar mahnılarımızı təbliğ etməliyik. İş gör nə yerə gəlib çatıbsa, biz deyirik ki, eybi yox, az olsun, amma təbliğat olunsun", - deyə sənətçi bildirib.