Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Astarada meşəbəyinin arvadına sevgi mesajı yazdılar: ''Əvvəl o zəng etdi...''

Astarada meşəbəyinin arvadına sevgi mesajı yazdılar: ''Əvvəl o zəng etdi...''

Tarix: 18 Avqust 2023 00:12

Astara rayonunda 1993-cü il təvəllüdlü Azər qısqanclıq zəminində Eldarı (adlar şərti verilib - red.) öldürməyə cəhd edib.

Sonxeber.net Teleqraf.com-a istinadən bildirir ki, Azər arvadı Səbinənin mobil nömrəsinə Eldarın zəng etməsi və vatsap vasitəsilə mesaj yazmasını öyrənib. Məsələni aydınlaşdırmaq üçün bir müddət Eldarı axtarıb, amma tapa bilməyib.

Daha sonra o, Astara şəhərində Eldarla görüşüb. Söhbət etmək üçün onu avtomobildə rayonunun Bəndəsər kəndinə, meşə ərazisinə aparıb. Eldara arvadının mobil nömrəsinə zəng etməsi və mesaj yazmasının səbəbi barədə suallar verib.

Eldarın öncə arvadının ona mesaj yazmaqla danışdığı barədə cavabından Azər əsəbiləşib. Ov bıçağı ilə Eldara üç zərbə vurub. Mübahisənin gedişində bıçaqla növbəti dəfə ona zərbələr vurmaq istəyib.

Eldar aktiv müqavimət göstərməsi, hadisə yerinə gəlmiş qardaşı onun bıçaqla zərbələr vurmasının qarşısını alıb.

Hadisə yerinə gəlmiş qohumlar Eldarı dərhal Lənkəran rayon Mərkəzi Xəstəxanasına aparıblar. Cərrahi əməliyyat edilməsi və digər tibbi yardım göstərilməsi nəticəsində yaralının həyatı xilas edilib.

Azər həbs olunana kimi Hirkan Milli Parkının Şindan meşəbəyliyində mühafizə yegeri işləyib.

İstintaq orqanı tərəfindən Azərin barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Azər 8 il müddətinə azadlıqdan məhrum edilib. Cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilib.

Hökmdən narazı qalan Azərin vəkili apellyasiya şikayəti verib. Şikayətdə qeyd olunub ki, Azər ailəlidir, 3 azyaşlı qız övladı var, Hirkan Milli Parkının Şindan Meşəbəyliyində mühafizəçi işləyərək ailəsini zəhmətlə dolandırıb, əvvəllər cinayət törətməyib və məhkum olunmayıb.

Vəkil qeyd edib ki, Azər yaşayış və iş yerində müsbət xarakterizə edilən şəxs olub: "Mövcud vəziyyətdə Azər həyat yoldaşı ilə zərərçəkmiş Eldarın mesajlaşdığı barədə məlumat əldə edib. Bundan sonra bu cinayət hadisəsi baş verib. Göründüyü kimi təqsirləndirilən şəxs cinayətkar xarakterə malik insan deyil. Bu cinayət hadisəsi onun namusuna toxunulan hadisədən - zərərçəkmişin onun namusuna toxunan qanunsuz hərəkətindən yaranıb. O, cinayəti deyil, cinayət onu tapıb. Mövcud vəziyyətdə zərərçəkmiş şəxs düzgün hərəkət etmədiyini etiraf edib. Tərəflər barışıb, hətta zərərçəkmiş şəxs təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini dəfələrlə məhkəmədən xahiş edib".

Vəkil Azərin əməlini Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsinə tövsif edilməsini, Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsini, cəzadan da aşağı həddə cəza təyin olunmasını istəyib.

Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət qismən təmin edilib. Azərin əməli Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilib. O, həmin maddə ilə təqsirli bilinib və cəzası 4 ilə endirilib.

Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib. Prokuror Şirvan Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, ağırlaşdırıcı halların müəyyən edilməsi üçün işin yenidən apellyasiya instansiyasında araşdırılması üçün qərar qəbul edilməsini istəyib.

Bundan başqa, təqsirləndirilən şəxsin də vəkili kasasiya şikayəti verib. Vəkil müəvkkili barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsini, ona cəzadan da aşağı həddə cəza təyin olunmasını istəyib.

Hər iki tərəfin şikayəti Ali Məhkəmədə araşdırılıb. Kasasiya şikayətləri təmin edilməyib.


Etiketlər:  Astarada meşəbəyinin arvadına sevgi mesajı yazdılar Əvvəl zəng etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ