Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2023 19:38
Hərbi qulluqçumuzun minaya düşməsi ilə bağlı cinayət işi açılıb.
Sonxeber.net xəbər verir ki, bu barədə "Report"a Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Eminov Xəyyam Mahal oğlunun piyada əleyhina minanın partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə Ağdam hərbi prokurorluğuna məlumat daxil olub.
Daxil olmuş məlumat əsasında Ağdam hərbi prokurorluğunun işçiləri tərəfindən izahatlar alınıb, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları ilə birlikdə təxirəsalınmaz ilkin prosessual yoxlama hərəkətləri icra edilib.
Fakt üzrə Ağdam hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
-------
16:22
Sentyabrın 10-u saat 13:30 radələrində Azərbaycan Ordusunun hərbi qulluqçusu Eminov Xəyyam Mahal oğlu Ağdam rayonu ərazisində bölmələrimizin təminat yolunda qeyri-qanuni erməni silahlı dəstələrinin kəşfiyyat-diversiya qrupu tərəfindən təxribat məqsədilə basdırılmış piyada əleyhinə minaya düşərək xəsarət alıb.
Bu barədə Sonxeber.net-a Müdafiə Nazirliyindən xəbər verilib.
İlk tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib. Onun həyatı üçün təhlükə yoxdur.
Hazırda mühəndis-istehkam bölmələri tərəfindən həmin ərazinin minalardan təmizlənməsi işləri aparılır.
Son dövrlərdə Qarabağ iqtisadi rayonundakı Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin ərazilərimizə kütləvi şəkildə yeni minalar döşəməsi, bununla da Azərbaycana qarşı mina terroru siyasətini davam etdirməsi müşahidə edilməkdədir.