Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əl-Əlsi: Ordu Qəzzaya girəcək, bəs sonra?

Əl-Əlsi: Ordu Qəzzaya girəcək, bəs sonra?

Tarix: 11 Oktyabr 2023 09:10

Qüdsdə yerləşən "Əxbar əl-Balad" qəzetinin redaktoru, israilli ekspert Xəlil əl-Əlsinin İsrail-Fələstin müharibəsi ilə bağlı Axar.az-a müsahibəsini təqdim edirik:

- HƏMAS-ın hücumundan sonra başlayan müharibə dərinləşə bilərmi?

- Bəli, düşünürəm ki, müharibə getdikcə daha da dərinləşəcək, çünki baş verənlərdən sonra İsrailin onu indi dayandıracağına ümid yoxdur. Baş verənlər HƏMAS da daxil olmaqla, israillilərin və fələstinlilərin xəyalına belə gətirməyəcəkləri bir şeydir. İsrail elə zənn edirdi ki, HƏMAS-ın və fələstinlilərin gücünü sarsıdıb. Amma fələstinlilər divarı asanlıqla dağıdıb İsrailə daxil olanda İsrail hökuməti şoka düşdü. HƏMAS demək olar ki, İsrailin içərisinə 10 km dərinlikdə girdi. Fikrimcə, İsrail Yaxın Şərqin xəritəsini dəyişməyincə heç bir atəşkəsi qəbul etməyəcək. İsrail hökuməti də belə deyir. Amma problem ondadır ki, İsrail hökuməti tam olaraq nə istədiyini bilmir. O, HƏMAS-ı tamamilə məhv etmək, Qəzza zolağını işğal etmək istəyir? Yoxsa sadəcə HƏMAS-ın hərbi gücünü məhv etməyi hədəfləyir? Əslində, bu sual İsrail hökuməti tərəfindən hələ cavablandırılmayıb. Əgər İsrail ordusu qurudan Qəzzaya daxil olmaq qərarına gəlsə, o zaman sual yaranacaq ki, bundan sonra nə olacaq?

- Sizcə, xarici qüvvələr, yəni üçüncü ölkə müharibəyə qoşula bilərmi?

- Əslində üçüncü bir gücün, hansısa xarici ölkənin münaqişəyə daxil olacağını düşünmürəm. Hizbullah ordusunu İsrailin şimalında getdikcə daha çox yerləşdirməyə çalışa bilər. Amma İsrailin şimalında bir daha müharibə olmayacaq. Əgər İsrail Livanda növbəti səhvə yol versə və Hizbullaha hücum edib, onların bəzi liderlərini öldürsə, fərqli vəziyyətə düşəcəyik.

Bəziləri deyir ki, amerikalıların bu nəhəng aviadaşıyıcını Yaxın Şərqə və Aralıq dənizinə göndərməsinin səbəbi hamıya mesaj verməkdir ki, İsrailin fələstinlilərə qarşı müharibəsinə nəinki İran, hətta Rusiya və Hizbullah da daxil olmasın. Hazırda etdikləri budur. Bura Yaxın Şərqdir və heç bir şey fakt, heç bir şey sabit deyil. Hər şey bir anda dəyişə bilər. Hazırda haqqında danışdığımız bütün təhlillər sıfır ola bilər. Və zamanla reallıq dəyişə bilər.

- 50 ildən sonra İsrail müharibəyə girib və bildirib ki, düşmənin kökünü kəsəcək. Sizcə, burda hökumət nə demək istəyib? Qəzzanın tam işğalı?

- İsrail hökumətinin qorxduğu şey Qəzzada qalmaqdır. Təsəvvür edirsiniz ki, Qəzzada 2 milyon insanın ümidi, itirəcək heç nəyi yoxdur? Deməli, onlar üçün ölmək əslində həyatlarında böyük dəyişiklik deyil. İstədiklərini edə bilərlər. İsrail də bunu yaxşı bilir. Beləliklə, onların etməyə çalışdıqları bacardıqları qədər HƏMAS-ın və Qəzzanın gücünü hər vasitə ilə zəiflətməkdir (elektrik enerjisini kəsmək, su təchizatı, yanacaq tədarükünü dayandırmaq və s).

- İsrail heç bir danışıqları qəbul etməyib və sona qədər gedəcəyini deyir. Sizcə, o, "son" dedikdə nəyi nəzərdə tutur?

- Bu sualın cavabını çoxlarının bildiyini düşünmürəm. Amma heç olmasa, HƏMAS-ın nəsə hazırladığına dair bəzi fikirlər əldə etdilər. Bu gün İsrail mediası vasitəsilə xəbər tutdular ki, Misir təhlükəsizlik xidmətinin rəhbəri Baş nazir Benyamin Netanyahuya zəng edərək HƏMAS-ın böyük bir şey planlaşdırdığını deyib. Amma təbii ki, Netanyahu öz çılğın hökuməti və ifrat sağçıları ilə məşğul idi. Burada bir sual yaranır ki, HƏMAS-ın İsrailin cənubuna heç bir problem olmadan girməsi niyə asan olub. Bu, çox sadədir. Çünki ordunun əksəriyyəti yəhudilərin bayramlarını qeyd edən mühacirləri müdafiə etmək üçün Qəzza sərhədindən İordan çayının qərb sahilinə köçürülüb. Və mühacirlər həqiqətən də İsrail cəmiyyətinin ən radikal qruplarıdır. Onlar hökumətə nəzarət edir. Netanyahu çılğın mühacirlərin razılığı olmadan heç bir şey edə bilməz. Onlar həqiqətən də Qərb sahilində çox qarışıqlıq yaradırlar. Və hər kəs Qəzzada başlayan müharibənin İordan çayının qərb sahilində məskunlaşanlar, hərbçilər və fələstinlilər arasında davam edəcəyindən qorxur.

Beləliklə, biz əməliyyatın və müharibənin başlanğıcındayıq. Bir çox insan bunun necə başlayacağını, yəni İsrail ordusunun Qəzzaya girəcəyini bilir, lakin bunun necə bitəcəyini heç kim bilmir.

Milli.Az


Etiketlər:  Əl Əlsi Ordu Qəzzaya girəcək bəs sonra


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ