Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyan: Türkiyəyə dedik ki, orda Rusiya yoxdur!

Paşinyan: Türkiyəyə dedik ki, orda Rusiya yoxdur!

Tarix: 11 Oktyabr 2023 09:52

Türkiyə prezidentinin bəyanatında Ermənistanın vədindən söhbət gedir. Qeyd edək ki, Ermənistan Türkiyə və Azərbaycanın işlətdiyi terminologiya çərçivəsində heç kimə vədlər verməyib. Burada bir nüans var, bu terminologiyanı necə qəbul etməyimiz çox vacibdir, çünki Ermənistanda və bütövlükdə ictimaiyyət olaraq bunu Ermənistan üçün müəyyən ərazi tələbi və eksterritorial dəhliz kimi qəbul edirik.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri Baş nazir Nikol Paşinyan Ermənistanın "Birinci Kanal"ına müsahibəsində Türkiyə lideri Ərdoğanın Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın vədi məsələsi haqda çıxışını şərh edərkən deyib.

"Deməli, biz heç kimə belə terminologiya və nəticə ilə heç bir vəd verməmişik. Ermənistan və Türkiyə nümayəndələri arasında danışıqlar gedəndə biz dedik ki, sizin işlətdiyiniz "dəhliz" terminologiyası bizim üçün qəbuledilməzdir. Cavab verdilər: necə yəni qəbuledilməzdir, siz üçtərəfli bəyanat qəbul etdiniz! Cavab verdik ki, üçtərəfli bəyanatda belə bir şey yoxdur, açın, baxın, göstərin. Ümumilikdə qlobal dünyada "dəhliz" sözü kommunikasiya marşrutları üçün ümumi termin kimi istifadə olunur. Üçtərəfli bəyanatda isə məntiq bir qədər fərqlidir, belə ki, Laçın dəhlizi var ki, orada bəyanatın məntiqinə görə, müəyyən məzmunda eksterritoriallıq və ya üçüncü qüvvənin nəzarəti var. Bundan əlavə, Laçın dəhlizi sadəcə yol deyil, o, üçüncü tərəfin nəzarətində olan 5 kilometrlik ərazi zolağıdır", - Paşinyan bildirib.

Paşinyanın sözlərinə görə, Ermənistan regional kommunikasiyaların açılmasına hazır və bunda maraqlı olduğunu elan edir:

"Biz Azərbaycan və Türkiyə üçün yollar açmağa hazırıqmı? Bəli, biz hazırıq və qeyd edildiyi kimi, bu, Ermənistanın suverenliyi və yurisdiksiyası əsasında, bərabərlik və qarşılıqlılıq prinsipi əsasında baş verməlidir. Bu o deməkdir ki, heç bir üçüncü qüvvə Ermənistan Respublikasının heç bir ərazisinə nəzarət etməməlidir.

Ermənistan sərhədini keçərkən Ermənistan Respublikasının sərhəd və gömrük xidmətləri hərəkətə keçməlidir. Bizə deyirlər ki, üçtərəfli bəyanatda deyilir ki, təhlükəsizliyi Rusiya təmin etməlidir, amma mən deyirəm ki, belə bir şey yoxdur".

Paşinyan onu da vurğulayıb ki, dəmir yolunun Meğridən keçməsi heç bir etiraz doğurmur:

"Çünki başqa yerdə dəmir yolumuz yoxdur. İcevanda, Razdanda, Qazaxda dəmir yolu var, orada çox böyük problem var, Axartsin kəndində (Dilican yaxınlığı - red.) sürüşmə var, onu aradan qaldırmaq üçün ilkin hesablamalara görə, 500 milyon dollar lazımdır və böyük sual budur ki, aradan qaldırılacaq, ya yox? Amma Meğri dəmir yolunun bərpası ilə bağlı heç bir problemimiz yoxdur, əksinə, biz bunda maraqlıyıq, çünki bu, Ermənistanın blokadasının götürülməsi və ümumilikdə sülh deməkdir".

Paşinyanın sözlərinə görə, beynəlxalq ekspertlər həm avtomobil, həm də dəmir yolunun eyni yerdən keçməsini qeyri-real adlandırırlar, lakin bu, texniki məsələdir:

"Yolların açılması Ermənistan, Azərbaycan və Türkiyə üçün faydalıdır. Bəli, bu, regionda ciddi sülh qovşağına çevrilə bilər və biz deyirik ki, bu qeyri-müəyyənliklər aradan qaldırılarsa, burada da problem olmayacaq".

Zəruri olaraq xatırladaq ki, 10 noyabr 2020-ci il bəyanatının 9-cu bəndində göstərilir: "Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz (!!!) hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək".

Nəqliyyat əlaqəsinə nəzarəti Rusiya FTX-nin edəcəyi və hərəkətin maneəsiz (gömrük və vergi yoxlaması olmadan) olması ilə bağlı dəqiq və aydın izah var.


Etiketlər:  Paşinyan Türkiyəyə dedik orda Rusiya yoxdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ