Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qulam İshaqzai: Azərbaycandakı məcburi köçkünlərin problemini daha müfəssəl şəkildə həll etməyə çalışırıq

Qulam İshaqzai: Azərbaycandakı məcburi köçkünlərin problemini daha müfəssəl şəkildə həll etməyə çalışırıq

Tarix: 1 Noyabr 2019 12:15

Bakı. İlhamə İsabalayeva - Trend:

BMT olaraq Azərbaycanın məcburi köçkünlərə göstərdiyi dəstəyi çox yüksək qiymətləndiririk.

Trend-in məlumatına görə, bunu BMT-in Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai təşkilatın Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı məcburi köçkünlərə yardımların göstərilməsi ilə bağlı keçirilən dəyirmi masada deyib.

Onun sözlərinə görə, son 27 ildə Azərbaycanda məcburi köçkünlərlə bağlı vəziyyət Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı siyasi məsələlərdən biridir. BMT ilk gündən məcburi köçkünlərə dəstək göstərib və təşkilatın bir neçə qurumu bu işdə iştirak edib.

Qulam İshaqzai əlavə edib ki, atəşkəs imzalandıqdan sonra BMT yenə də qaçqınlara dəstək göstərməkdə davam edib: "Hazırda 600 mindən çox köçkün müəmmalı vəziyyətdə yaşayır, yəni onlar öz doğma yurdlarına nə zaman qayıdacaqlarını bilmirlər. Düzdür, bu təbəqənin böyük qismi rahat, isti evdə yaşayır. Lakin unutmamalıyıq ki, çox sayda insan hələ də tam standartlara uyğun olmayan şəraitdə yaşayır. Yeni qəsəbələrə köçürülməyən insanların problemləri həll edilməlidir. Biz çalışmalıyıq ki, onların şəraitini nisbətən yüngülləşdirək".

BMT rəsmisi bildirib ki, məcburi köçkünlər arasında işsizlik səviyyəsi də yüksəkdir.

Q.İshaqzai deyib ki, BMT Azərbaycan hökuməti ilə yeni tərəfdaşlıq proqramının hazırlanması üzərində iş aparır: "Biz çalışırıq ki, həmin proqram çərçivəsində məcburi köçkünlərin problemini daha müfəssəl şəkildə həll edək. Yəni BMT-yə daxil olan bütün qurumlar bu prosesə öz dəstəyini göstərməlidir. Çünki biz məcburi köçkünləri həssas qrup hesab edirik. Dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün həssas qrupların cəmiyyətin digər qrupları ilə eyni imkanlardan faydalanmasını təmin etmək lazımdır. Biz çalışmalıyıq ki, həssas qrup nümayəndəsi olaraq, məcburi köçkünlərə yardımı əsirgəməyək. Onlar cəmiyyətin sosial-iqtisadi həyatından təcrid olunmamalıdırlar, inkluzivlik artırılmalıdır. BMT Qaçqınların və Məcburi Köçkünlərin Işləri üzrə Dövlət Komitəsinə və digər qurumlara dəstək göstərməkdə davam edəcək".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Qulam İshaqzai Azərbaycandakı məcburi köçkünlərin problemini daha müfəssəl şəkildə həll etməyə çalışırıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ