Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2023 20:56
2023-cü ilin yanvar ayında Nigeriya Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (ECDC) ölkənin Kaduna, Rivers, Oyo, Laqos və Kano kimi bəzi əyalətlərində difteriyanın yayılması ilə bağlı həyəcan təbili çalıb. Kano bölgəsi, UNICEF-in "yeni dünya tarixində ən ciddi" adlandırdığı bu ağır epidemiyanın episentri hesab edilir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, difteriyaya adətən burun və boğazın selikli qişalarına təsir edən, tənəffüs və dəri ağırlaşmalarına səbəb olan "Corynebacterium" bakteriyaları səbəb olur. Yoluxanların əksəriyyəti sağ qalsa da, sağalma prosesi ümumiyyətlə yavaş gedir. Difteriya müalicə olunmazsa, pasiyentlərin 5-10 faizi üçün ölümcül ola bilər. Ən yüksək ölüm nisbəti azyaşlı uşaqlarda olur, ancaq peyvənd vurulması yolu ilə xəstəliyin qarşısını almaq mümkündür.
2021-ci ildə təkcə Nigeriyada dünyanın qalan hissəsində olduğu qədər infeksiya sayı - 8638 yoluxma faktı təsdiqlənib. UNICEF-in Nigeriyadakı Səhiyyə şöbəsinin rəhbəri Eduardo Selades Blankonun sözlərinə görə, ölkə daxilində 11 mindən çox şübhəli hal qeydə alınıb, onların 8 mindən çoxu isə təsdiqlənib. UNICEF-in oktyabrın 6-na olan məlumatına görə, 506 nəfər difteriyadan həyatını itirib.
Ötən ay "Sərhədsiz həkimlər" beynəlxalq humanitar təşkilatı təkcə 2022-ci ilin mayından 2023-cü ilin sentyabr ayının əvvəlinə qədər mindən çox difteriya infeksiyası faktının təsdiqləndiyini bildirib. Məlumata əsasən, yoluxanların 80-i dünyaya gəldikdən sonra lazımi şəkildə peyvənd olunmayan və ya ümumiyyətlə heç peyvənd olunmayan uşaqlardır. Bu, məhz ötənilki kütləvi qızılca xəstəliyinin və builki difteriyanın başvermə səbəblərindən biridir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bütün pasiyentlərin 60 faizi bu xəstəliyə qarşı peyvənd olunmayıb. Nigeriyada difteriya, göy öskürək, tetanus və hepatit B kimi həyati təhlükəli xəstəliklərdən qoruyan beşvalentli peyvəndin tətbiq dairəsi 57 faiz təşkil edir. Bu, əlbəttə ki, qənaətbəxş olmayan göstəricidir, çünki əhalini qorumaq və kollektiv immunitetin yaranması üçün sözügedən əhatə dairəsi 80-85 faizə çatdırılmalıdır.