Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qarabağ tam azad edildi: Bəs o ərazilər? - “Dəmir yumruq” yenə qalxa bilər

Qarabağ tam azad edildi: Bəs o ərazilər? - “Dəmir yumruq” yenə qalxa bilər

Tarix: 16 Oktyabr 2023 21:21

Qazax və Naxçıvanın işğalda olan kəndlərinin qaytarılması sərhədlərin delimitasiyası və demarkasiyası ilə əlaqədar məsələdir. Qarabağ məsələsi tam həll olundu, indi növbədə budur.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bunu politoloq Natiq Miri deyib.

Onun sözlərinə görə, sərhəd məsələsinin həlli o qədər də asan olmayacaq:

"Ermənistanın qondarma iddiaları var. Məsələn, Gədəbəyin Başkənd kəndini "Ermənistan ərazisi" hesab edirlər. Başkənd həmin 8 kənddən daha böyükdür. Məsələ Ermənistanın fikirləşdiyi kimi deyil. Başkənd və bir sıra ərazilər sovet dönəmində heç bir hüquqi əsaslar göstərilmədən Ermənistana peşkəş edilib, yəni zorla Azərbaycandan qoparılıb. Sovet rəhbərliyinin zamanında bu kimi məsələlərlə bağlı verdiyi qərarların heç bir hüquqi əsası yoxdur. Paşinyan da həmin "faktlar"a istinad etməyə çalışır. Hər şey bütün təfsilatı ilə Rusiyanın arxivində var. Torpaqlar zamanında Ermənistana niyə verilib? Bu, əsaslandırılmalıdır.

Ermənistan Azərbaycan ərazisində süni olaraq qurulanda 9 min kvadratkilometr ərazisi vardı. Bu gün 29.8 mindən dəm vururlar. 20 mini haradan aldılar, havadan gəldi? Bunların hamısı Azərbaycanın torpaqlarıdır. Heç bir hüquqi-siyasi zəmin olmadan Ermənistana peşkəş olunub. Zorla bizdən qoparılmış bu torpaqları Ermənistanda qoymalı deyilik.

Eyni zamanda, Ermənistanın Azərbaycan dövlətinə vurduğu zərərlər var. Bununla bağlı təzminat davası açılmalı və proses sona çatdırmalıdır. Ödəyə bilməyəcəyi nəhəng təzminat müqabilində Azərbaycana verə biləcəyi Zəngəzur kimi ölkəmizin dədə-baba torpaqları var. Məsələ bu kontekstdə həllini tapmalıdır. Azərbaycan haqlı tələblərini həyata keçirə biləcək gücdədir".

Natiq Miri bildirib ki, Ermənistan kəndləri qaytarmaqdan yayınsa, Azərbaycan gücünü işə salacaq:

"Azərbaycan torpaqları işğaldadırsa, bunları istənilən yolla azad etmək hüququnu da özündə saxlayır. 44 günlük Vətən Müharibəsində kimsə nəsə deyə bilmədisə, indi də deyə bilməz. Ərazilər Azərbaycanındır. Paşinyan bu əraziləri Azərbaycan torpağı kimi tanıyır. Əgər ərazilər işğaldadırsa və Ermənistan da qaytarmırsa, bu, Azərbaycana haqq verir ki, növbəti hərbi əməliyyatla işğalda olan ərazilərini azad etsin.

Növbəti dəfə "Dəmir yumruğ"u başlarında görmək istəmirlərsə, torpaqları qeyd-şərtsiz Azərbaycana qaytarmalıdırlar. Sülh istəyən onun ağrısına dözməlidir. Əks təqdirdə, yumruqların sayı daha da artacaq. Azərbaycan bayrağının sancılmalı olduğu ərazilər çoxdur, bu, bizim haqlı tələbimizdir. Gerisini Ermənistan düşünməlidir".


Etiketlər:  Qarabağ azad edildi Bəs ərazilər Dəmir yumruq yenə qalxa bilər


RƏYLƏR