Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dolğular nə zaman bədənimizin çürüməsinə səbəb ola bilər? - Ölümə aparan gözəllik

Dolğular nə zaman bədənimizin çürüməsinə səbəb ola bilər? - Ölümə aparan gözəllik

Tarix: 18 Oktyabr 2023 19:15

Hər gün daha çox qadın cavanlaşmaq qərarına gəlir. "Gözəllik inyeksiyalarından və fillerlərdən" yararlanan kişilər də az deyil. Lakin bu istək əsasən qadınları ağlagəlməz üsulları və riskli əməliyyatları həyata keçirməyə sövq edir. Cavanlaşdırmanın xüsusilə inyeksiya üsulları getdikcə daha çox populyarlıq qazanır. Dolğuların istifadəsi estetik kosmetologiyada ən çox yayılmış minimal invaziv müdaxilədir. Onlar tamamilə təhlükəsiz sayılırlar, lakin aparılan saysız-hesabsız prosedurlar həmişə istənilən nəticəni vermir.

Zaman-zaman internetdə istər ölkəmizdə, istərsə də digər ölkələrdə estetik prosedurların müəyyən fəsadlar yaratması barədə xəbərlərə rast gəlirik. Zərərçəkənlər yaranmış problemləri sosial media hesablarından yayımlayaraq şəxsi təcrübələrini insanlarla bölüşürlər. Bu yaxınlarda Leyla Mirzəliyeva adlı azərbaycanlı bir model bədən dolğularının qurbanı olduğunu elan etdi. Bədəninin çürüməyə başladığını, yaraların sağalmadığını həm dedi, həm də görüntülərini paylaşdı. Modelin paylaşdığı kadrlar həqiqətən də ürək ağrıdır. Bəs mütəxəssislər və pasiyentlər bu vəziyyətdən hansı nəticəni çıxartmalıdır? Bədən dolğuları ilə üzə vurulan dolğuların fərqi nədir? Dolğulardan sonra yaranmış ciddi fəsadları aradan qaldırmaq və müalicə etmək mümkündür? Ümumiyyətlə, xəstələr sonrakı fəsadlar barədə öncədən məlumatlandırılırmı?

Bir çox problemlər prosedurdan sonra həkimin tövsiyələrinə əməl edilməməsi ilə əlaqələndirilə bilər. Ancaq mütəxəssislərin günahkar olduğu vəziyyətlər də var. Birincisi, heç bir peşəkar kosmetoloq klinika və ya mərkəzdən kənarda iynə vurmayacaq, inyeksiya prosedurlarının müəyyən qaydaları var. İkincisi, peşəkarlıq, təcrübə və anatomiyaya dair dərin biliklər çox vacibdir, çünki iynələr bədənin içərisinə müdaxilədir və bu, inyeksiya təsadüfi ola bilməz. Üçüncüsü və gizli saxlanılan məqam odur ki, bədənə vurulan dolğular təbii dolğulardan fərqlənir. Bədənə vurulan dolğuların tərkibində çox cüzi olsa da, süni maddə var. Bu dolğulara süni maddə ona görə əlavə olunur ki, bədən əzələsi daha bərk və möhkəm olsun. Ən dəhşətlisi isə odur ki, çoxları hətta müvafiq təhsilə malik olmadan özlərini mütəxəssis kimi göstərirlər, xəstələr isə sənədlərlə maraqlanmırlar. Naməlum istehsalçıların, naməlum mənbələrdən satışda olan məhsullarını almaqla və ya şübhəli klinikalarda ixtisası olmayan mütəxəssislərə müraciət etməklə insan təkcə xarici görünüşünü deyil, ümumilikdə sağlamlığını da riskə atır. Səhv həyata keçirilən prosedur ciddi nəticələrə səbəb ola bilər. Odur ki, cavanlaşmaq istəyərkən peşəkara müraciət etdiyinizdən əmin olun.

Dolğuların səbəb olduğu ciddi problemlər

Bunlardan biri dərmanın vurulduğu nahiyədə iltihabın meydana gəlməsidir. İltihab uyğun olmayan mühitdə baş verə bilər - havanın dezinfeksiya edilməməsi, həkim tövsiyələrinə əməl edilməməsi, xəstədə tez-tez streptokok infeksiyası (angina), xroniki infeksiya ocaqları - dişlərdə karies, tonzillit, sinüzit. İltihab həkim müalicəsi və dolğunun əridilməsini tələb edir.

Qranulomalar dərinin səthində görünən kiçik düyünlərdir. Bədənin dərmanı rədd etməsinin nəticəsi ola bilər.

Dolğunun qeyri-bərabər paylanması nəticəsində yerdəyişməsi və ya ineksiyanın dərinin səthinə çox yaxın vurulması onun relyefinin dəyişməsinə səbəb olur.

Emboliya damarının dolğu ilə tıxanması ilə əlaqəli daha ciddi bir komplikasiyadır və müalicə edilmədikdə toxuma ölümünə səbəb olur.

İşemiya toxumalara qan tədarükünün pozulmasıdır. Böyük miqdarda dərman qəbulu və ya damarın dolğu ilə tıxanması səbəbindən inkişaf edir. Müalicə olunmazsa, işemiya toxuma nevrozuna səbəb ola bilər.

İneksiya sahəsində dərinin həssaslığının pozulması da dolğuların siniri sıxmasının nəticəsidir.

Təəssüf ki, hətta təcrübəli həkim belə hallardan sığortalana bilməz, əsas odur ki, ixtisaslı mütəxəssis problemi vaxtında aşkarlayacaq, yardım göstərəcək və belə vəziyyətlərdə düzgün müalicəni təyin edəcək.

Sonxeber.net Publika.az-a istiandən bu mövzuda ekspertlərin rəylərini təqdim edir.

Dermatoneveroloq Şövqi Zeynalov bildirib ki, dolğuların bədənə vurulmasına icazə var:

"Ümumiyyətlə, bədən dolğuları üzə istifadə edilən dolğulardan fərqlənir. Dolğuların növləri və keyfiyyətləri də fərqlidir. Orqanizm üçün yad cisimdir, orqanizm onu qəbul etməyə bilər. Çürüyə də bilər, böyük fəsadlar yarana, hətta qanqrena da əmələ gətirə bilər. Hər şey edilmə yerindən, dolğunun hansı markalardan və keyfiyyətindən asılıdır. Elə dolğular var ki, bədənin normal yerinə etsən, çürümə verə bilər".

Professor Adil Qeybulla isə qeyd edib ki, təbabətin ən mühüm tələbi strerilliyin gözlənilməsidir:

"Hər hansı bir iltihabi proses və infeksiyanın baş verməsinin əksər səbəbi streilliyin pozulması olur. Son illərdə kosmetoloqların sayı artıb, təəssüf ki, bəzilərinin tibb təhsili yetkin deyil. Sterillik haqqında anlayışları da yetərincə deyil. Nəticədə bu cür problemlər baş verir. Adı çəkilən xanımdakı problem barədə konkret fikir bildirə bilmərəm. Çünki onu araşdırmaq lazımdır. Müəyyən edilməlidir, hər halda toxumalarda iltihab baş verirsə, burda təbii ki nekratik defektlər və dezinfeksiyadan söhbət gedir".

Dermatoveneroloq Vüqar Manafov vurğulayıb ki, xəstəni görmədən müalicəsinin mümkünlüyü haqqında fikir bildirmək doğru olmaz. Vüqar Manafovun fikrincə, bu kimi hallar nadir hallarda baş verir, lakin problemi vaxtında müəyyən etmək, aradan qaldırmaq və ya qarşısını almaq üçün dolğular haqqında ətraflı bilmək lazımdır:

"Səbəbləri müxtəlifdir. Əsas səbəb əlbəttə ki, birbaşa dolğuların keyfiyyəti ilə əlaqəlidir. Xəstəni görmədən müalicəsinin mümkünlüyü haqqında fikir bildirmək istəməzdim. İstənilən kosmetolji prosedurları və implantları həyata keçirən adam peşəkar mütəxəssis olmalıdır. İkincisi, xanımlara bu prosedurları hansısa gözəllik salonlarında etdirməyi məsləhət görmürəm. Əgər hansısa qüsurları aradan qaldırmaq və gözəlləşmək istəyirsinizdə, özünüzü peşəkarlara etibar edin".

Türkiyəli mütəxəssislər isə hesab edir ki, dolğuların damara və ya damara yaxın yerlərə vurulması nəticəsində yarana biləcək problemlər TƏCİLİ problemlərdir və dərhal müdaxilə olunmalıdır. Əgər müdaxilə olunmazsa, zədələnmiş damarların ətrafında toxuma və dəri itkisi baş verə bilər. Prosedurdan sonra davam edən və artan ağrılar, prosedur bölgəsində rəng dəyişməsi və göyərmə kimi, rəng dəyişiklikləri kimi əlamətlər bu vəziyyətin göstəriciləri ola bilər. Təcrübə göstərir ki, bəzi ağırlaşmalar dərmanın keyfiyyəti, həkimin ixtisası və xəstənin anatomik xüsusiyyətləri ilə əlaqələndirilir. Bir çoxu ineksiyaların nəticələrini düşünmədən pula qənaət etməyə çalışaraq, özünü qeyri-peşəkarlara etibar edir.

Plastik cərrah Prof. Dr. Özlenen Özkanın sözlərinə görə, dolğunun səhv vurulması nəticəsində hər hansı orqanı bəsləyən ana damarın tıxanmasına, nəticədə isə çürüməyə səbəb ola bilir.

"Hissiyatın yox olması dolğunun zamanla sinirləri sıxması ilə bağlı ola bilər. Təəssüf ki, bunun geri dönüşü yoxdur, ən pisi də budur. Ən önəmlisi ineksiyanın kimin həyata keçirməsidir, peşəkar bir mütəxəssisdir, ya yox. Estetik və digər məqsədlər üçün dolğulardan geniş istifadə olunur. Dolğu və ya yağ da tətbiq oluna bilər. Əslində təbii dolğular zərərli deyil. Lakin dolğunu edən o orqanın quruluşunu və xüsusiyyətlərini çox yaxşı tanımalıdır ki, bu kimi fəsadlar qarşımıza çıxmasın.

Əgər çürümə baş veribsə, orqan heç bir halda əvvəlki kimi olmayacaq. Bir neçə seansdan sonra düzəlişlər etmək mümkündür, lakin heç vaxt əvvəlki vəziyyətinə qayıtmayacaq".

Plastik cərrah Elşən Nəsibovun fikrincə, problemlər birbaşa xəstənin özü ilə bağlı ola bilər.

"Əməliyyatdan sonra hansısa yaranın ikincili sağalması ola bilər. Həmçinin sifilis xəstəliyi olan bir xəstəni əməliyyat etdikdə, bu zaman orqanizmin müqaviməti aşağı düşür və sən gözləmədiyin problemlərlə qarşılaşırsan. Yanaşı xəstəliklər də vəziyyəti ağırlaşdıra bilər. Xəstə haqqında məlumatım olmadığı üçün nə həkimi, nə də xəstəni günahlandıra bilərsən. Analizlərlə tanış olduqdan və bütün problemləri incələdikdən sonra məsələni daha düzgün dəyərləndirmək olar. Bəlkə də burda həkimin heç bir günahı yoxdur... Əslində insan bədənində çürümə olmur. Çoxu buna çürümə desə də, insan bədənində ancaq nekroz ola bilər. Nekroz prosesləri isə bir çox səbəbdən yaranır. Damarın trombozu nəticəsində aşağı ətraflarda çürümə, qanqrena, ikincili sağalma halları qeydə alına, abdominaplastikanı dərin etdikdə də yarada ikincili sağalma ola, yaxud da götürülmüş toxumadan alınan hüceyrələr yara ilə uyuşmaya bilər".

Op. Dr. Xəyal Cəfərovun sözlərinə görə, hər bir əməliyyatda olduğu kimi, bədən dolğularınında öz fəsadları ola bilər. O, qeyd edib ki, buna əsas səbəb olaraq dolğu maddəsinin damara düşməsi və ya kompressiya yəni damarların mexaniki təzyiqi nəticəsində yaranmış nekroz prosesini göstərmək olar.

"Bundan başqa dolğu maddəsinin sinir hüceyrələrinin sıxılmasından yaranan çox müddəqli və ya qısamüddətli hissiyatın itməsi, nahamarlıqların olması, dəriyə çox yaxın olduqda dəridə ağarmaların əmələ gəlməsi, qranulyomaların əmələ gəlməsi və s. kimi fəsadları göstərmək olar.

Hər bir fəsadın müalicəsi mümkündür. Fəsadın aşkar vaxtında aşkar olunması və düzgün müalicə taktikası seçməklə hətta "çürümənin" qarşısını belə almaq mümkündür. Burada necə həkimin eləcə də pasiyentin üzərinə məsuliyyət düşür. Yəni, pasiyentin özü də bədənində və ya üzündə baş verən qeyri-normal proses gördükdə tibbi savadı olmayan tanışlara, qohumlara yox dərhal öz həkiminə müraciyyət etməlidir.

Qalıcı fəsad deyilən bir anlayış yoxdur. Yəni hər bir fəsadın müalicəsi olduğu kimi sonrada təkrar əməliyyat olaraq az dəyişiklik etmək olar. Amma yenə də çalışıb hər bir prosesi birincidən fəsadın yaranmamasına yönələn bütün tədbirləri görmək lazımdır".

Cərrah xüsusi vurğulayıb ki, bütün pasiyentlərə ən az 1 tikiş etdikdə və ya kombinə 7-8 saatlıq bədən şəkilləndirmə əməliyyatı etdikdə belə bütün qarşılanacaq fəsadlar barədə məlumat verilir.

"Bu da o demək deyilki, məlumat verilirsə bütün fəsadlar "pasiyentlikdir" əksinə bu o deməkdirki, həkiminizin təyin etdiyi kontrol müayinələrə getmək lazımdır, fəsad olsa belə maksimum dərəcədə vaxtında aşkar edib düzgün müalicə etmək lazımdır".

Çox təəssüf ki, əlaqə saxlayıb soğru ünvanladığımız kosmetoloq, dermatoloq və cərrahların çoxu pasientlərini itirməkdən qorxduğu üçün bu barədə danışmaqdan imtina etdilər. Bu isə onu göstərir ki, bu sahə üzrə ixtisaslaşmış mütəxəssislər ciblərini cəmiyyəti maarifləndirməkdən daha çox düşünürlər.


Etiketlər:  Dolğular zaman bədənimizin çürüməsinə səbəb bilər Ölümə aparan gözəllik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ