Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

CHP-də bir dönəmin sonu – Kılıçdaroğlunu bitirən iki səhvi

CHP-də bir dönəmin sonu – Kılıçdaroğlunu bitirən iki səhvi

Tarix: 5 Noyabr 2023 22:52

"AKP yenilənən CHP ilə başabaş mübarizəyə hazırlaşmalıdır".

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Türkiyənin ictimai-siyasi həyatındakı son gəlişmələrə diqqət çəkib:

"49 yaşlı Özgür Özəl Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri seçilib. 13 il partiyaya sədrlik edən Kamal Kılıçdaroğlu erası sona çatdı. Kılıçdaroğlu 13 il ərzində Atatürkün partiyasını qələbələrlə sevindirə bilmədi, prezident və parlament seçkilərində, referendumda hakim Ədalət və İnkişaf Partiyasının (AKP) və Prezident Rəcəb Tayyib Ərdoğanın gerisində qaldı. Kılıçdaroğlu bircə son bələdiyyə seçkisində iki mühüm şəhərdə - İstanbul və Ankarada uğur qazandı. Ancaq bu uğurda onunla ittifaqda olan İyi Partiyanın əhəmiyyətli payı var idi. İyi Partiya və bu partiyanın lideri Maral Akşənərin dəstəyi olmadan CHP İstanbul və Ankarada uğur qazana bilməzdi.

Kılıçdaroğlu son prezident seçkisində strateji səhvə yol verdi. Müxalifət blokunun İstanbul və ya Ankara bələdiyyə başçılarından biri - Əkrəm İmamoğlu və Mansur Yavaşla qələbə qazanmaq şansı vardı. Ancaq Kılıçdaroğlu tutduğunu buraxmadı, "prezidentliyə mən namizəd olmalıyam" dedi və Ərdoğana məğlub oldu. Halbuki Akşənər daha şanslı namizədə üstünlük verilməsinin vacibliyini səsləndirmişdi".

Elxan Şahinoğlu hesab edir ki, Kılıçdaroğlunun ikinci strateji səhvi parlament seçkisində reytinqi zəif olan müxalifət partiyalarının nümayəndələrinə ortaq siyahıda yer ayırmasıydı:

"Bu CHP-də narazılıq yaratdı, çünki bir qisim partiya üzvü parlamentdən kənarda qaldı, kiçik müxalif partiyalarından seçilənlər isə daha sonra CHP-yə minnətdar olmaq əvəzinə, bu partiyaya arxalarını çevirdilər. Narazı qalanlar arasında CHP-nin yeni sədri Özgür Özəl də vardı. Özəl partiyasını gələn ilin martında keçiriləcək bələdiyyə seçkilərinə hazırlayacaq. Özəl CHP-ni Kılıçdaroğlunun kadrlarından təmizləyəcək və öz komandasını formalaşdıracaq. AKP yenilənən CHP ilə başabaş mübarizəyə hazırlaşmalıdır".


Etiketlər:  dönəmin sonu Kılıçdaroğlunu bitirən səhvi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ