Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlahiyyatçıdan QALMAQALLI AÇIQLAMA: “Peyğəmbər siğəyə icazə verib”

İlahiyyatçıdan QALMAQALLI AÇIQLAMA: “Peyğəmbər siğəyə icazə verib”

Tarix: 7 Noyabr 2023 07:30

İlahiyyatçı Hacı Təyyar Hüseynli mətbuata verdiyi son açıqlaması ilə ciddi müzakirələrə yol açıb.

Sonxeber.net xəbər verir ki, Bizim.media-ya açıqlamasında O iddia edir ki, əgər kişi hər hansı bir xanımla eyni yerdə qalacaqsa, günaha batmamaq üçün siğə edə bilər:

"Yaxud deyək ki, qadına hər hansı bir məsələ üçün toxunmalı olan şəxs naməhrəm sayılmamaq üçün bu dini müqaviləni bağlamalıdır. Qadın estetik əməliyyat zamanı kişi həkimlə siğə etdirməlidir". Məsələ ilə bağlı ilahiyyatçı Tural İrfanın fikirlərini öyrəndik. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, bir otaqda oturduğun qadınla, getdiyin həkimlə siğə etdirmək fikirləri cəfəngiyyatdır:

"İslamda müddətli nikah yoxdur"

"Bu molla-fars rejiminin məqsədli şəkildə dövriyyəyə buraxdığı məsələdir. Onlar Qərbin və Vatikanın tövsiyyəsi ilə İslamı bu cür vasitələrlə gözdən salmaq istəyirlər. Hacı Təyyar Hüseynlinin fikirləri fars mədəniyyətinə, fars ənənələrinə uyğun bir iddiadır. Çünki farslar dünyaya yeni din və yeni dini qaydalar təqdim edir. Bu isə birbaşa İslama qarşı çıxmaq deməkdir. İslamda nikah daimidir. Nikah bağlanarkən orada zaman şərti olmur. Müddətli nikah yoxdur, ola bilməz də. Amma İslamda siğə deyilən bir məsələ var". 

Bəs, siğə nə məsələdir?

"Peyğəmbərin zamanında ordular uzaq səfərlərə çıxırdı. Onların geri qayıtması aylarla vaxt çəkirdi. Ona görə də Peyğəmbərimiz belə səfərlərin birində - Fələstini fəth edəndə bu fətvanı verib. Mədinədən çox uzaq olan bir ərazidə, Muta deyilən bir döyüşdə xeyli əsir götürülür.

Peyğəmbər ordusunda həmin əsirlərə qarşı zinakarlıq edənlər vardı. Bu başıpozuqluğun qarşısını almaq üçün peyğəmbər siğə məsələsini gündəmə gətirir. Beləcə, həm pozğunluğun qarşısı alınır, həm də uzaq yola çıxacaq qadın və kişilərin bir növ sosial hüquqları qorunur.

Yəni uzaq səfərdə olan və xanımından ayrı düşən kişilər həm sosial problemlərini həll etmək, yəni paltar yumaq, yemək bişirmək və digər qayğılardan qurtulmaq üçün hansısa qadını siğə edə bilərdi. Siğə edilən qadının da sosial və digər qayğıları həmin kişi tərəfindən qarşılanırdı. Bu bir növ qarşılıqlı müqavilədir. Bunu gətirib intim münasibətlərə bağlamaq doğru deyil. 

Yəni Peyğəmbər zamanında uzun yola çıxan və uzun müddət evindən ayrı düşən kişilərə hansısa qadınla siğə ilə birgə yaşamaq hüququ verilirdi. Təsadüfi deyil ki, Peyğəmbər ordusu Mədinəyə dönəndən sonra bu qayda yasaqlandı".

İlahiyyatçı müasir dövrdə siğənin hansı hallarda zərurətə çevrildiyindən də danışıb:

"Siğə zərurət məqamında meydana çıxır. Məsələn, bu gün hansısa kişi işi ilə bağlı yad ölkəyə gedir və orada aylarla qalır. Bax, həmin şəxsə siğə etdirmək vacibdir. Çünki gündəlik iş başında olan kişinin yeməyini bişirən, paltarını yuyan və digər qayğılarını həll edəcək birisinə ehtiyac var.

Bu zaman həmin kişi qarşılıqlı razılaşma yolu ilə ancaq dul qadınla siğə etdirə bilər. Əslində siğənin fəlsəfəsi imkansız bir qadına əl tutmaq, ona sahiblənmək anlamı daşıyır. Əfsuslar olsun ki, çoxları siğə deyəndə ancaq məsələnin intim tərəfini düşünür. Bu tam yanlış yanaşmadır. Məsələyə sosial tərəfdən baxmaq daha doğru olardı". 

Tural İrfan siğənin İslamdakı istisnalarla bağlı olduğunu bildirib:

"Necə ki, sağlamlığı imkan verməyən adama oturaq şəkildə namaz qılmaq, səfərə çıxan adama oruc tutmamaq, acından ölən adama donuz əti yemək icazəsi verilirsə siğə də bu qəbildəndir.

Yəni zərurət olduğu təqdirdə kiminləsə siğəyə getmək olar. Yoxsa cinsi ehtirası ödəmək üçün bir neçə saatlıq və yaxud bir günlük siğələr olmaz. Bunlar İslamın adına ləkədir".


Etiketlər:  İlahiyyatçıdan QALMAQALLI AÇIQLAMA Peyğəmbər siğəyə icazə verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ