Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Eşitmə və danışma qüsurlu dünyanın ən cəsarətli qadınlarından biri - Helen Keller - FOTOlar

Eşitmə və danışma qüsurlu dünyanın ən cəsarətli qadınlarından biri - Helen Keller - FOTOlar

Tarix: 7 Noyabr 2023 20:40

Bu yazı xüsusən də hər şeyi bir maneə kimi görüb, həyatdan yorulanlar üçün motivasiya olsun.

Sonxeber.net sfera.az-a istinadən eşitmə və danışma qüsurlu olan dünyanın ən cəsarətli qadınlarından biri haqqında yazı təqdim edir.

Helen 1880-ci ildə ABŞ-ın Tuscumbia şəhərində dünyaya gəlib. Doğularkən son dərəcə sağlam körpə olub.

Kiçik qızın 18 aylıq olana qədər səhhətində ciddi problem olmayıb. Ancaq iki yaşına çatmazdan bir neçə ay əvvəl qızdırması başlayıb. Xəstəliyinin müalicəsi başa çatdıqda və ölümcül təhlükədən xilas olduqda, Helen Kellerin həyatı tamamilə dəyişib. Ətrafındakı bir çox insan Helen Kellerin qızdırması səbəbindən zehni qabiliyyətini itirdiyinə inanırdı. Körpəlikdən uşaqlığa keçid dövründə ətrafda baş verənləri çox az qavraması, nəzarətsizliyi və üsyankarlığı bu inancın təsdiqləndiyinin göstəriciləri idi.

Helen Kellerin xəstəliyi onun nitqini, görmə və eşitmə qabiliyyətini zəiflətsə də, onun əqli qabiliyyətlərindən hələ heç kim xəbərdar deyildi.

Nitq, görmə və eşitmə qüsuru olan Helen Kellerin əsl həyatı 1887-ci ilin martında, yeddi yaşına çatmazdan əvvəl başlayıb.

Perkins Korlar Məktəbini yenicə bitirmiş 20 yaşlı gənc müəllim Enn Mansfild Sullivan Helen Kellerə dərs vermək üçün Tuscumbia şəhərinə gəlib. O, düzgün yönləndirilərsə, qarşısında dayanan balaca qızcığazın insan beyninin fövqəladə qabiliyyətə malik olduğunu dünyaya göstərə biləcəyindən xəbərsiz idi.
Müəllim A.Sullivan işinə Perkins Korlar Məktəbində şagirdlərinin Helenə hədiyyə üçün hazırladıqları kukla ilə başlayıb.

Əlləri ilə Helenin əllərinə "k-u-k-l-a" sözünü hecalayıb. Ona əşyalar və hərflər arasında əlaqə yaratmağa imkan vermək istəyirdi. Helen çox tez hərfləri düzgün yazmağı öyrəndi, lakin o, hələ bir sözü yazdığını və ya belə bir sözün olduğunu bilmirdi.

Bir gün Helen müəllimi ilə bağdakı nasosun yanına getdilər. Müəllim nasosdan su çəkərkən Helenin əlini axar suyun altında tutdu. Soyuq su Helenin əllərindən birinə axarkən, müəllim onun digər əlinə "s-u" sözünü əvvəlcə yavaş-yavaş, sonra cəld hərflədi. Bu zaman Helenin ürəyi döyünməyə başladı. Müəllimin verməyə çalışdığı mesajı aldı. Ömrünün ilk 18 ayında beynində ilişib qalan yeganə söz su idi. O, bu tək sözə əsaslanaraq, toxunduğu əşyalarla hərflər arasında əlaqə olduğunu, hər bir obyektin sözlərlə ifadə edildiyini başa düşür. Həmin gün axşama doğru Helen artıq 30 söz öyrənmişdi.
Bu Helen Kellerin təhsilinin başlanğıcı idi.

Qarşılarında uzun və maneələrlə dolu bir yol var idi. Lakin Helen məğlubiyyəti qəbul etməkdənsə, yorulmadan çalışaraq mübarizədən uğurla çıxmağı seçdi.

Qısa müddətdə əlifbanı öyrənib. Daha sonra əli ilə yazmağa və gözdən əlillər üçün hazırlanmış mətnləri oxumağa başlayıb.

Müəllim A.Sullivan və Helen Keller tez bir zamanda ayrılmaz ikili oldular.

Helen Keller 10 yaşına çatanda danışmağı öyrənməyə qərar verdi. Norveçdə görmə və eşitmə qüsuru olan kiçik bir qızın danışa bildiyini eşitdi. Özünə sonsuz inamla "Başqası bacardısa, mən də bacararam" dedi. Beləliklə, o, Horace Mann məktəbindən olan Sarah Fuller ilə nitq dərslərinə başladı. İndi Helen Kellerin qarşısıda yeni bir məqsəd var idi:

"Bir gün kollecə gedəcəyəm". Helen Keller üçün "təslim olmaq" yox idi.

O, ilk dəfə Radcliffe Kolleci üçün hazırlıq məktəbi olan Kembric Məktəbində oxumuş və 1904-cü ildə İncəsənət Bakalavr dərəcəsini almışdır. Bütün təhsil aldığı müddətdə müəllimi A.Sullivan həmişə onun yanında olub. O, tələbəsinin uğuru üçün çalışır, Helenlə bir-birinin ardınca kitablar oxuyur, konfranslarda iştirak edirdi.

Müəllim A.Sullivanın 1905-ci ildə tanınmış sosialist Con Meysi ilə evlənməsi belə müəllimi və onun şagirdini məqsədlərindən yayındırmayıb. Helen müəlliminin evində yaşamağa başlayıb. Cənab və xanım Meysi bütün işlərində və fəaliyyətlərində ona kömək edirdilər. Müəllimlə tələbəsi Helen arasındakı bu ahəngdar münasibət 1936-cı ildə A.Sullivanın ölümünə qədər davam etdi.

Daha sonra Helen təkbaşına yoluna davam edib. Düzü, o qədər də tək olmayıb.
Zəhməti ilə möcüzələr yaradan Heleni hamı tanıyırdı. O, dövrün bir çox tanınmış adamları ilə yaxşı dostluq əlaqələri qurmuşdu.

Helenin yaşadıqları ona görmə qabiliyyəti olmayan insanların çox vaxt görmədən yaşaya bildiklərini öyrətmişdi.

Meşədə və parklarda gəzintiyə çıxan dostundan həyəcanla soruşurdu:

"Mənə de görüm, meşədə nə görmüsən?"

Dostu Helenin həyəcanını anlamaqdan uzaq biri kimi d "Heç nə. Hər kəsin bildiyi adi şeylər gördüm"-deyə cavab verib.

Helen aldığı cavabdan çox məyus olub.

"Nyu-York muzeylərini gəzərkən toxunduğum əşyaları kəşf etməkdən inanılmaz dərəcədə həyəcanlanırdım və sözlə ifadə edilə bilməyəcək bir xoşbəxtlik yaşayırdım. Necə olur ki, gözdən əlil olmasanız da, ətrafınızdakı gözəlliyi hiss etmirsiniz"?

Helen özü həyatı barmaqlarının ucunda hiss edərək yaşayarkən, heç bir fiziki qüsuru olmadığı halda "görmədən və eşitmədən" yaşayanlara səsləndi:

"Təsəvvür edin ki, daha üç gün görə bilsəniz. Təsəvvür edin ki, daha üç gün eşidə bilərsiniz. Hər səsin, hər notun ruhunu həsrətlə necə doldurduğunu görəcəksiniz. Təsəvvür edin ki, üç gün ömrünüz qalıb. Həyatın bütün saniyələrini həsrətlə necə yaşadığını görərsən".

O, öz məqalələrini ilk olaraq gözdən əlillərin istifadə etdiyi Brayl şrifti ilə yazı makinasında yazır, sonra isə onları adi bir yazı makinasına köçürürdü.
Helen "Radcliffe"də oxuyarkən fasilələrlə yazmağa başladığı həyat hekayəsini tamamlamaq üçün 50 il vaxt lazım olub. Onun "Mənim Həyat Hekayəm" adlı kitabı ilk dəfə "Ladies Home Journal"da seriyalı kitab şəklində nəşr edilmişdir. Helen Kellerin bu ən məşhur əsəri hazırda 50-dən çox dilə tərcümə olunub.

Helen Keller məqalələrini yazarkən, o, həm də ölkədən ölkəyə səyahət edir, konfranslarda iştirak edir və üzvü olduğu Amerika Korlar Assosiasiyası və Ümumdünya Korlar Assosiasiyası üçün ianələr toplayırdı.

Çoxlu kitablar, məqalələr və tərcümeyi-hallar yazan Helen Keller fəaliyyətinə görə müxtəlif universitetlərdən bir çox görkəmli xidmət mükafatları və fəxri doktorluq dərəcəsi alıb.

1946-1955-ci illər arasında beş qitənin 35 ölkəsinə səyahət edən Helen Keller getdiyi hər ölkədə milyonlarla gözdən əlil insana həyat sevinci və maarifçilik bəxş edib.

Helen Keller üçün həyat ya cəsarətli təcrübə, ya da heç nə idi.

Helen Keller 1968-ci ildə 88-ci ad gününə az qalmış Arcan Ridgedə vəfat edib. Külləri ömrü boyu ayrılmaz ikili yaratdığı müəllimi A.Sullivanın yanında dəfn edilib.


Etiketlər:  Eşitmə danışma qüsurlu dünyanın cəsarətli qadınlarından biri Helen Keller FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ