Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Noyabr 2023 03:20
"Bu gün Azərbaycanda komediya janrında tanınan aktyor, aktrisaları digər ampluada çəkib-sınayan cəsarətli rejissorlar azdır".
Sonxeber.net bildirir ki, bunu tanınmış aktrisa Ülviyyə Əliyeva Yenicag.az-a açıqlamasında deyib.
O hər zaman komik obrazlara çəkilən aktyor və aktrisaların digər amplualarda potensialının üzə çıxarılmadığını təəssüf hissi ilə bildirib:
"Mən hələ Dövlət Gənclər Teatrında çalışdığım vaxt dramatik əsərlərdə rol almışam. 17 yaşında ikən Cəlil Məmmədquluzadənin "Ölülər" əsərində Nazlı, daha sonra Əli Əmirlinin "Xoşbəxt gün" əsərində baş rolda - Yeganə obrazında oynamışam. Musiqili Teatra gələndən komik obrazlarda çıxış edirəm. Təəssüf ki, elə bir cəsarətli rejissorlar tapılmadı, məni digər ampluada da sınasınlar. Ümumiyyətlə, bu gün Azərbaycanda komediya janrında tanınan aktyor, aktrisaları digər ampluada çəkib-sınayan cəsarətli rejissorlar azdır. Onlardan biri və birincisi Səidə Haqverdiyeva oldu ki, 1-ci və 2-ci Qarabağ müharibəsi barədə bir film çəkdi - "Köhnə Çamadan". Filmdə Xocalı soyqırımının şahidi, əsir düşmüş, gözü qarşısında övladı öldürülən bir ana obrazını oynadım. Cəfər Cabbarlının "Solğun çiçəklər" əsəri əsasında hazırlanmış "Solğun sevgilər" əsərində (rejissor Səidə Haqverdiyeva) Gülnisəni oynadım. Amma tamaşaçım məni yaxın günlərdə tamamilə fərqli bir ampluada görəcək".
Aktrisa rolun mənfi və ya müsbət olmasının onun üçün önəm daşımadığını qeyd edib:
"Mənim üçün müsbət və mənfi obrazın fərqi yoxdur. Əsas odur, maraqlı və yeni obraz olsun. Xəyalımda olan, arzuladığım, amma oynamadığım obrazlar da var. "Müzikl"da oynamaq arzusundayam, hələ ki bu arzumu reallaşdıra bilmirəm".