Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Quranın ecazı

Quranın ecazı

Tarix: 10 Noyabr 2023 06:02

Ərəb dilindən tərcüməsi "başqalarını aciz etmək" mənasını verir. Qurani-kərimin bənzərsizliyi və təkrarsızlığı barədə istifadə edilən termindir.

Qurani-kərim bənzərsiz bir kitabdır. Həzrət Mühəmməd Peyğəmbərin (s) sözləri ilə desək, "Quran kəlmələrinin başqa sözlərdən üstünlüyü Allahın başqa varlıqlardan üstünlüyü kimidir". Allahdan savayı heç kim Qurana bənzər kitab yaratmağa qadir deyil. Qurani-kərimin bu bənzərsizlik və təkrarsızlığına "ecaz" deyirlər.
Quranın ecazını əsasən iki istiqamətdə aydın şəkildə görmək mümkündür: ədəbi sahədə və elmi sahədə.

a) ƏDƏBİ ECAZ
Qurani-kərimin kəlmələrinin zahiri və batini mənaları, düzülüşü, həmahəngliyi və s. xüsusiyyətlər birləşərək Quranın daxilində yalnız ona xas olan bir nizam-intizam yaradır; bu, ədəbi ecazdır. Quran ayələri özünəməxsus qafiyə və ahəngə tabedir, eyni zamanda şeirdən fərqlənir. Məsələn, hamımıza tanış olan "Fatihə" surəsində bütün ayələr "in" və ya "im" sonluğu ilə bitir. Amma bu ahəngdarlığa baxmayaraq, "Fatihə" surəsi bütövlükdə heç də şeir təsiri bağışlamır.

Qurandakı hər söz bir neçə rəmzi məna ifadə edir. Peyğəmbərimiz buyurmuşdur ki, Quranın hər bir kəlməsinin yeddi batini (gizli) mənası var. Buna görə də ayələr yalnız ərəb dilində səslənərkən lazımi effekti verir. Quranın hər hansı başqa dilə tərcüməsi nə qədər ustalıqla edilsə də, yenə ecazı əks etdirə bilmir və naqis görünür.

Quran ayələrinin bir xüsusiyyəti də budur ki, onları asanlıqla insanlar tərəfindən qoşulmuş "saxta" ayələrdən ayırmaq mümkündür. Quranın ayələri ərəb dilindəki bütün ədəbi nümunələrdən, şeir, nəsr və hətta hədislərdən seçilir.
Quranın ecazını sübut edən başqa bir cəhət bundan ibarətdir: Qurani-kərim asanlıqla əzbərlənir. 600 səhifəlik heç bir kitab bu qədər rahatlıqla əzbərlənə bilməz. Bu gün dünyada Qurani-kərimi əzbər bilən on minlərlə insan (hafiz) yaşayır.

b) ELMİ ECAZ
Qurani-kərim demək olar ki, bütün elm sahələrində o dövrə qədər məlum olan bilikləri tamamlamış, sonradan edilən kəşfləri isə əsrlərlə qabaqlamışdır. Quranda tarix, sosiologiya, cöğrafiya, biologiya, fizika, astronomiya, tibb və s. elm sahələrinə aid ən düzgün məlumatlar toplanmışdır. Bu günə kimi dünya elmi nə qədər nailiyyətlər əldə etmişsə, bunların demək olar ki, hamısını VII əsrdə Allah-təala Quranda bildirmişdir. Dünya şöhrətli bioloq, sonradan İslamı qəbul etmiş professor Moris Bukay Qurana əsaslanan bir elmi kəşfinə görə Nobel mükafatı alarkən belə demişdi: "Əgər mən 20 il bundan əvvəl Quranla tanış olsaydım, Nobel mükafatını o zaman alardım". Nəzərə almalıyıq ki, Quran nazil olduğu dövrdə Ərəbistan dünyanın mədəniyyət və elm baxımından ən geridə qalmış məntəqəsi sayılırdı. Həmçinin, Həzrət Mühəmməd Peyğəmbər (s) də yazıb-oxumaq bacarmırdı ki, başqa xalqların elmi kitablarını oxuyub-öyrənsin, yaxud özündən yeni-yeni kəşflər etsin. Bunlar sübut edir ki, həqiqətən, Quran bəşər imkanlarından qat-qat üstün səviyyəyə malik kitabdır və Allah tərəfindən endirilmişdir.

Quranda qabaqcadan xəbər verilmiş elmi kəşflərdən bəzi nümunələr:
1. Quranda insanın ana bətnindəki inkişafı barədə belə deyilir: "O (yəni Allah), sizi analarınızın bətnində üç zülmət içində yaranışdan-yaranışa salaraq yaradır" ("Zümər", 6). Uzun əsrlər boyunca bu ayənin izahı insanlar üçün qeyri-məlum qalmışdı. Nəhayət, yalnız son illərdə mürəkkəb müşahidələr nəticəsində məlum olmuşdur ki, həqiqitən, ana bətnindəki rüşeym üç-qat pərdə ilə əhatə olunur. Bu məsələ elmi dairədə elə sensasiya doğurdu ki, K.Mur adlı dünya şöhrətli anatom İslam dinini qəbul edib müsəlman oldu.

2. Məlumdur ki, insanın barmaqlarının ucundakı cizgilər mütləq mənada fərqlidir və təkraredilməzdir. Heç kəsin barmağının cizgiləri başqasınınkı ilə eyni deyildir. İnsanın bu xüsusiyyəti yalnız XIX əsrdə Qərb alimləri tərəfindən kəşf olunaraq həyatda öz tətbiqini tapmışdır. 100 ildən artıqdır ki, insanın şəxsiyyətini təsdiq etmək üçün ən uğurlu tanıma üsulu kimi nə pasport, nə fotoşəkil, nə səs testi deyil, yalnız barmaq izlərinin analizi tətbiq olunur. Ən dolaşıq elm sahələrindən sayılan kriminologiya və cinayət-istintaq ekspertizasında cinayətkarların tanınması üçün bu üsuldan müvəffəqiyyətlə istifadə edirlər.

Ən əsası isə budur ki, elm tərəfindən yalnız XIX əsrdə kəşf edilmiş bu xüsusiyyət vaxtilə Qurani-kərimdə elan olunmuşdu: "Məgər insan elə güman edir ki, (qiyamət günü) onun sümüklərini bir yerə yığa bilməyəcəyik?! Bəli, biz onu barmaqlarının ucuna kimi (yenidən) yaratmağa qadirik" ("Qiyamət", 3-4). Ayədə barmaqların ucunun yaradılması, yəni barmaq uclarındakı cizgilərin bənzərsizliyinin təmin edlməsi insan yaradılışının ən çətin mərhələsi sayılır. Heç bir alim buna qadir deyildir; bu qüdrət yalnız uca Allaha məxsusdur.

3. XX əsrin 60-cı illərində coğrafiyaçılar tərəfindən maraqlı bir kəşf edildi. Məlum oldu ki, Qırmızı dənizlə Əqəbə körfəzinin qovuşduğu yerdə, suyun altında yüzlərlə metr hündürlüyə malik təbii sədd vardır. Bu sədd okeanla körfəzin sularını bir-birindən ayırır. Həmin səddin yerləşdiyi xəttin iki tərəfindəki suların kimyəvi tərkibi tamamilə fərqlidir. Bir qədər sonra eyni hadisə məşhur dəniz səyyahı kapitan Kusto tərəfindən Atlantik okeanı ilə Aralıq dənizini ayıran Cəbəlüt-tariq boğazında da kəşf olundu. Lakin Quran bu həqiqiəti də əsrlərlə öncədən xəbər vermişdi: "İki dənizi O (yəni Allah) qovuşdurdu. Amma onların arasında maneə vardır, bir-birinə qarışmazlar" ("Rəhman", 19-20).

Tarixdə bəzi inadkar şəxslər peyğəmbərlik iddiası edərək, özlərindən Quran yaratmağa çalışmış, amma tezliklə bu yolda tam müvəffəqiyyətsizliyə uğramışlar (yalançı "peyğəmbərlər" Müseylimə, Tüleyhə, Səccah, məşhur ədiblər Mütənəbbi, İbn Ravəndi, İbn Müqəffe, materialist (dəhri) alim İbn Əbül-Övca və b.). Quranla yarışmaya girmiş şəxslərdən kimin azacıq insafı olmuşsa, bu işin qeyri-mümkünlüyünü anlayaraq, Quranın üstünlüyünü etiraf etmişdir. Ən inadkarlar isə Qurana tay hesab edərək uydurduqları ayələri cəmiyyətə təqdim edəndə, hamının tənqid və gülüş hədəfinə çevrilmişlər. Qurani-kərimdə Allah-təala bu barədə belə buyurur: "De: "Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər" ("İsra", 88). Allah-təala Quranın bənzərsizliyini inkar edən insanları nəinki bütöv bir kitab, hətta 10 surə ("Hud", 13) və ya cəmi bir surə ("Yunus", 38) yaratmağa çağırır.


Etiketlər:  Quranın ecazı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ