Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Min dollarla biznesə başladı, böyük imperiya qurdu - FOTO

Min dollarla biznesə başladı, böyük imperiya qurdu - FOTO

Tarix: 17 Noyabr 2023 10:50

Amerikalı ayaqqabı və aksessuar dizayneri Stiv Madden 25 ildən artıqdır ki, moda dünyasının ən görkəmli şəxslərindən biridir. Dizayner öz adını moda, kino və müəyyən dərəcədə kriminal tarixinə yazdıra bilib. Birincisi, öz brendini Hollivud məşhurlarının adları ilə bağlamağı bacaran PR meneceri kimi. İkincisi, "The Wolf of Wall Street" sənədli filmin personajlarından biri kimi. Üçüncüsü, bir məhkum kimi. Maraqlıdır ki, dizayner biznesə sadəcə min dollarla başlamışdı, lakin istedadı ona həm moda dünyasının ən yaxşıları siyahısına daxil olmağa imkan verdi, həm də milyonlar qazandırdı. Qısa müddət ərzində modapərəstlərin qarderoblarını fəth etməyi bacaran uğurlu brend bu gün "Superga" və "Schwartz & Benjamin" kimi brendlərə sahib olan çoxmilyonlu bir korporasiyadır.

Milli.Az publika.az-a istinadən oxucuları "Steve Madden" brendinin uğur hekayəsi ilə tanış edib.

Stiv Maddenin hekayəsini əsl Amerika macərası adlandırmaq olar. O, Lonq-Aylendin cənub sahilində böyüyüb. Atası bir tekstil şirkətinin sahib idi və bu, Stivə karyera seçimində müəyyən dərəcədə kömək etdi. Lakin bundan əvvəl Mayami Universitetində təhsil alan tələbə özünün də dediyi kimi, "qızlar və narkotiklər üzrə ixtisaslaşmışdı". Oğlunun avaralığından bezən ata onu ayaqqabı satıcısı kimi işə düzəltməyə qərar verdi. 1980-ci ildə Madden artıq Nyu-Yorkda "L.J. Simone Footwear"də topdansatışla məşğul idi. Məhz orada o, yeniyetmələr üçün çəhrayı ilə ağ rəngli saçaqlı ağ çəkmələr və loaferlər dizayn etməyə başladı və ayaqqabı bazarına daxil oldu. Lakin Stiv Maddenin eyniadlı brendinin yaranması təxminən on il çəkdi. Dizayner təkcə yaradıcılıq baxımından deyil, həm də maliyyə baxımından şanslı idi. O, "Souliers" ayaqqabılarının qadın xəttini inkişaf etdirməklə "M.C.S. Footwear"dən böyük qazanc əldə etdi. Sahibkar bu pulla Lonq-Aylend ərazisində kiçik bir ofis icarəyə götürdü və şəxsi markasını qurdu. Dostlarından borc götürən Stiv öz dizaynlarını yaratmağa və məhsullarını Manhettendə kiçik mağazalarda satmağa başladı. Orijinal ayaqqabılar Besti Conson və Vill Stüartın diqqətini çəkdi. Onlar Maddenin yaradıcılığından öz şoularında istifadə etməyə başladılar. Platforma modelləri xüsusi diqqət cəlb etmişdi.

Stiv Uol-Strit qalmaqalı

Maddenin çəkmələri, saboları və səndəlləri də daxil olmaqla, əvvəllər Braziliya, Meksika və Nyu-Yorkda hazırlanırdı. Bununla belə, iş çox da rəvan getmirdi, ona görə də, dəri geyim və aksessuarların istehsalı üçün təsisçi "Marlboro Leather Inc"i almağa qərar verdi. 1990-cı illərin sonunda o, startap şirkətləri üçün kapitalın artırılması üzrə ixtisaslaşmış birja brokeri "Stratton Oakmont" ilə işləməyə başladı. 100.000 dollarlıq kredit müqabilində Stiv tərəfdaşlarına biznesinin səhmlərinin 40%-ini verməyə razılaşdı. İstedadlı modelyer 1990-cı ildə ilk qadın ayaqqabıları və çəkmə kolleksiyasını buraxdı. Dizayner 20-ci əsrin 70-ci illərindəki sevimli rok ulduzlarının şəkillərindən ilham aldı, 1991-ci ildə qadın platforma ayaqqabılarının təkmilləşdirilmiş versiyasını təqdim etdi. Bu fənd uğurlu oldu və xeyli populyarlıq qazandı. Bu andan etibarən, Stiv Maddenin ayaqqabılarının vizit kartı sayılan qalın daban kütləvi hal aldı, eyni zamanda qadın ayaqqabı dəbində çox aktual bir fenomen oldu. Brendin hədəf auditoriyası gözəllik və seksuallığı maksimum rahatlıqla birləşdirmək istəyən gənc qızlar idi.

Min dollarla biznesinə başlayan və ilk modellərini avtomobilinin baqajında satan Stivin şəxsi biznesini inkişaf etdirmək istəyi ona baha başa gəldi. "Stratton Oakmont"un qiymətli kağızlar saxtakarlığı bütün səhmdarların həbs olunmasına gətirib çıxardı. Madden də onlarla birlikdə həbs olundu və 31 ay həbsdə qaldı. Həmçinin hökmə əsasən, o, şirkətin idarə heyətinin direktoru vəzifəsindən istefa verməyə məcbur olub. Nəticədə, bütün bu fırıldaqçılıq hekayəsi Stivin Ceyk Hoffmanın çəkdiyi "The Wolf of Wall Street" filmində işıqlandırıldı. Dünya şöhrətli ekran əsəri baş qəhrəman Leonardo de Kaprio və film şirkətinə milyon dollarlıq gəlir gətirsə də, dizayner aktyorun onu "çox çirkin" göstərdiyini deyib.

Məhkəmə və sanksiyalar onu ruhdan salmadı. Bir neçə illik həbsdən sonra Madden şirkətə qayıtdı və bir il ərzində gəliri ikiqat artırmağı bacardı, 2015-ci ilə qədər bu gəlir 1,4 milyard dollara çatdı. O vaxta qədər "Steve Madden" ayaqqabı xəttinə 16-25 yaş arası qızlar üçün çəkmələr, idman ayaqqabıları, ziyafət ayaqqabıları, sabolar, başmaqlar, gündəlik ayaqqabılar və səndəllər daxil idi. 26-45 yaş arası qadınlara yönəlmiş "David Aaron" xətti də var idi.

"Steve Madden" ayaqqabıları keyfiyyət və yaradıcılıq baxımından "Prada" və ya "Gucci" kimi kult markalarından heç də aşağı olmasa da, onların dəyəri orta qiymət seqmentindən kənara çıxmır. Dizayner özü bu mövqeyini sadə şəkildə izah edir: "Yüksək keyfiyyətli materiallardan bahalı ayaqqabı yaratmaq çətin deyil, lakin sərfəli qiymətə yüksək keyfiyyətli ayaqqabı istehsal etmək məharət tələb edir". Stiv ucuz ayaqqabılar istehsal etməklə böyük bir imperiya qurmağı bacardı, lakin bunun bədəlini yeni qalmaqallarla ödədi. O, "Alexander McQueen", "Stella McCartney" və "Balenciaga"-nın surətlərini yaratmaqda ittiham olunurdu. Şayiələrə görə, bir neçə məhkəmə prosesi keçirilib, amma hamısı məhkəməsiz həll olunub. Plagiatda günahlandırılan dizayner hesab edir ki, hər kəs üçün münasib qiymətə keyfiyyətli məhsul yaratmaq tərifəlayiq bir bacarıqdır. Deyə bilərik ki, bu hadisə brendə daha da populyarlıq qazandırdı. Şirkətin bütün daxili problemlərinə baxmayaraq, "Steve Madden" ayaqqabıları bütün dünyada sevilir və tanınır. Çünki keyfiyyətli və ucuz ayaqqabılara tələb həmişə böyükdür.

"Steve Madden" brendinin üslubu Nyu-York küçə modasına uyğundur. Dizaynerin özü də etiraf edir ki, səkilər mənim podiumumdur. Stiv Madden ilhamını dinamik şəhərin küçələrinin dəbindən alır. Onun modellərinin dizaynları müasir tendensiyaları və onun rok-n-roll üslubuna olan sevgisini əks etdirir. "Steve Madden" brendi unikallıq və inamla sinonimdir. İndividuallıq və cəsarət, həssas obrazlar və qalın dabanlar qadın kolleksiyasının modellərini fərqləndirir. Bununla belə, onun kolleksiyalarında yüngül idman ayaqqabılarına da yer verilir. Həm də brendin kişi kolleksiyasında müxtəlif materiallardan - zamşadan trikotaj məhsullarına qədər gündəlik və idman üslublu ayaqqabıların böyük çeşidi var. Uşaq ayaqqabı kolleksiyası həmçinin müasir dizaynlı rahat ayaqqabıların müxtəlif modelləri və geniş rəng palitrası ilə öyünür. Bu gün kişilər, qadınlar və uşaqlar üçün münasib qiymətli ayaqqabılar təklif edən brend ABŞ-da ən çox satılan brendlərdən biridir və dünyanın müxtəlif ölkələrində tanınır. Şirkət yeni modellər təklif edərək məhsul çeşidini mütəmadi olaraq artırır və getdikcə daha çox pərəstişkar qazanır. Səbəbi odur ki, Maddenin təklif etdiyi qiymət və keyfiyyətin birləşməsinə laqeyd qalmaq sadəcə mümkün deyil.

Milli.Az


Etiketlər:  Min dollarla biznesə başladı böyük imperiya qurdu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ