Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Noyabr 2023 04:02
Vəhşi Peyğəmbərin səhabəsidir. O, Peyğəmbərin - ona və ailəsinə Allahın salavatı və salamı olsun - sevimli əmisi Həmzə ibn Abdulmuttalibi və peyğəmbərlik iddiasında olan yalançı Museyləməni qətlə yetirmişdir. Rəvayət edilir ki, bir dəfə Ubeydullah ibn Adiy Vəhşiyə dedi: "Bəlkə Həmzəni necə öldürdüyünü bizə danışasan?!"
Vəhşi dedi: "Bəli, Bədr döyüşündə Həmzə Tueymə ibn Adiyi öldürmüşdü. Onda ağam Cubeyr ibn Mutim mənə dedi: "Əmimin qisasını almaq üçün Həmzəni öldürsən, sən azadsan!" Nəhayət, məkkəlilər Ayneyn ilində döyüşə çıxdı. (Ayneyn Uhud dağının yanında yerləşən bir dağdır. Bu iki dağı biri-birindən bir vadi ayırırdı.) Mən də hamıyla birgə döyüşə çıxdım. Onlar döyüşmək üçün cərgəbəcərgə düzüldükdən sonra Siba qabağa çıxıb dedi: "Təkbətək döyüşmək istəyən varmı?"
Bu vaxt Həmzə ibn Abdul-Muttəlib onun qarşısına çıxıb dedi: "Ey Siba, ey qadınları sünnət edən Ummu Ənmarın oğlu, sən Allaha və Onun Rəsuluna hədə-qorxumu gəlirsən?" Bunu deyəndən sonra Həmzə onun üstünə şığıyıb onu öldürdü, sanki belə bir adam yox imiş. Mən isə bir qayanın dalında gizlənib Həmzəyə pusqu qurdum. O mənə yaxınlaşanda nizəmlə onu vurdum. Nizə onun qasıq nahiyəsindən girib büzdüm sümüyünün yanından çıxdı. Bu zərbə onun işini bitirdi. Döyüşdən sonra insanlar geri qayıtdıqda mən də onlarla birlikdə qayıtdım və İslam dini Məkkədə yayılanadək mən orada yaşadım.
Sonra mən Taifə getdim. Taiflilər Peyğəmbərin yanına elçilər göndərmək qərarına gəldilər və: "O, elçilərə dəymir!"- dedilər. Onda mən elçilərlə birlikdə yola çıxdım və nəhayət, gəlib Peyğəmbərin yanına çatdım. O məni görəndə dedi: "Vəhşi sənsənmi?"
Mən: "Bəli!"- dedim.
Soruşdu: "Həmzəni sənmi öldürmüsən?"
Dedim: "Hadisə sənə xəbər verildiyi kimi olub."
Peyğəmbər dedi: "Sən elə edə bilərsənmi ki, mən heç vaxt sənin üzünü görməyim?" Mən məyus halda çıxıb getdim. Peyğəmbər vəfat etdikdən sonra (özünü peyğəmbər elan edən) yalançı Museyləmə meydana çıxdığı zaman mən öz-özümə dedim: "Museyləmənin üstünə gedəcəyəm. Ola bilsin ki, mən onu öldürüm və bununla da Həmzəyə görə qazandığım günahı yuyum."
Mən hamıyla birgə (Museyləməyə qarşı döyüşə) çıxdım. Olan oldu, keçən keçdi. Bir də baxdım ki, saçları dağınıq bir adam divarın kəsiyində durub, rəngi də kül rəngində olan dəvənin rənginə çalır. Mən dərhal nizəmlə onu vurdum. Nizə onun köksündən girib kürəyindən çıxdı. Üstəlik ənsardan olan birisi onun üstünə cumub qılıncla onun təpəsinə bir zərbə endirdi." (əl-Buxari, 4072).