Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tələbənin ümidinə qalan ABŞ

Tələbənin ümidinə qalan ABŞ

Tarix: 26 Noyabr 2023 20:30

Amerikanın "verbovka" planı çox incə şəkildə həyata kecirilir. Gənclərimizi əvvəldən buxova salıb şərait yaratmırlar. Plan başqa cür gedir. Tanınmış universitetlərdə təbii ki, Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları da çalışır. Yaxud MKİ ilə sıx əlaqə saxlanılır. Şöbələrdən biri gənclərin işi ilə bağlı olur. Orada oxuyan əcnəbi, eləcə də azərbaycanlı tələbələri casusluq məqsədilə say-seçmə edirlər. Müəllimlər ayrı-ayrılıqda onlarla görüşürlər, gəzintiyə çıxırlar, isti münasibətlər formalaşan kimi qaldıqları mənzilə baş çəkirlər, qonaq çağırırlar. İlk görüşlərdə ümumi dünyagörüş, yanaşmalara fikir verilir. Sonrakı görüşlərdə ədəbiyyat, incəsənətdən söz açılır. İsti münasibətlər genişləndikcə, siyasi məsələlərə toxunurlar. Tələbənin Ermənistan-Azərbaycan münaqişəsində tutduğu mövqe, ölkə hakimiyyətinə münasibəti xüsusilə gözə alınır, Amerikaya bağlılığı münasibətin casusluq xəttinə gedib çıxmasında əsas həlledici məqam sayılır. Köhnə KQB məktəbində casusluğa doğru uzanan yol 7 görüşdən keçməli idi. Yalnız 7-ci görüşdə niyyət ortaya qoyulur. MKİ-nin bəzi veteranlarının memuarlarında "verbovka"ya gedən yolun 10-15 görüşdən keçdiyi vurğulanır. Əgər tələbə əvvəldən belə buxovun olacağına hazırlıqlıdırsa, əvvəldən ağıllı valideynləri, təcrübəli müəllimlərinin geniş maarifləndirmə dərsini keçiblərsə, o zaman elə birinci görüşdə prosedur saxlanıla bilər. Belə ki, azərbaycanlı tələbə elə birinci görüşdən vətənə bağlılığını, Qarabağın Azərbaycana məxsusluğunu qətiyyətlə bildirər, təhsilini başa vurduqdan sonra ölkəsinə xeyir vermək üçün qayıdacağını vurğulayar. Belə tələbələr casusluq üçün sərfəli deyil. Düzdür, qadın məsələsi, narkotika ilə şantaj üsulundan yararlanmaq olar, istənilən prinsipial şəxsi buxova salmaq mümkündür, lakin həmişə satılmağa meyilli şəxs tapmaq mümkündür.

Lazımi tələbə tapıldıqdan sonra məqsədin nədən ibarət olduğu aylarla uzana bilər. Əvvəlcə, tələbəyə Amerikaya gərəkli mütəxəssis olduğu səmimən çatdırılmalıdır: "Sən bizim ölkədə daha da çiçəklənə bilərsən". Yüksək məvacibli iş, karyera yüksəlişində ilkin mübarək addımlar. Bu müddət ərzində tələbəni ölkəyə daha da bağlayırlar, sevgi oyadırlar. Lakin bu sevinc siyahıda olanların hamısına sonacan bəxş edilmir. Amerika ona lazım olan güclü mütəxəssisi özündə saxlayır. Yerdə qalanların təkcə Amerikaya bağlılığı, buxova gəlmələri ilə işlər düzəlmir. Onları öz doğulduqları ölkədə istifadə etmək qərara alınır. Verbovka olunan tələbələr təhsili başa vurub Azərbaycana qayıdırlar. Və okeanın o tayından gələn sifarişləri yerinə yetirirlər. Hazırkı birinci tezis no war-çuluqdur. "Müharibə olmasın" bəşəri, humanist tezisdir və gənc tələbələr bunun altında nələrin gizləndiyini tuta bilmirlər. Sonrakı tezislər ABŞ-Azərbaycan münasibətlərinin inkişaf xəttinə uyğun verilir. Əgər Azərbaycan ABŞ-ın sözünə baxmırsa, müstəqil siyasət yürüdürsə, o zaman növbəti sifarişlər demokratiya və insan haqları ilə bağlı olur. Reklamlı səhifələrə maliyyə ayrılır, statuslar min dəfələrlə paylaşılır, mətnaltı şəkildə nicatın ABŞ-da olduğu bildirilir.

Qeyd edək ki, azərbaycanlı tələbələrin verbovkası yalnız ABŞ universitetlərində aparılmır. Elə Vyetnam, Madaqaskar tipli çox da nəzərə çarpmayan ölkələrin universitetlərində də ikili agentlər mövcuddur.

Noyabrın 27-də ABŞ Azərbaycandakı agenturası ilə hoteldə görüş keçirəcək. Güman edirsiz ki, Azərbaycanda hansı qara işlərlə məşğul olduğunuzu bilmirik. Bilirik. Lakin çox dərinə getmirik ki, münasibətləri sərinlətməyək. Lakin məcbur qalanda, Azərbaycan prinsipial damarını göstərə bilir. Əslində, Amerikada təhsil almış tələbələrlə görüşü elan etməyə də bilərdik. Peşəkarlıq baxımından guya görüşün keçirilməsi barədə xəbərimiz olmur və s. Lakin Azərbaycan bunu ona görə əvvəldən elan edir ki, "ABŞ, Azərbaycandan əl çək" tələbi və "suyu bulandırma" iradı anlaşılsın. Və son söz belədir: "Nə etməyindən asılı olmayaraq, Azərbaycan tutduğu yoldan geri çəkilməyəcək və ona heç bir kənar qüvvə diqtə edə bilməz".

Milli.Az


Etiketlər:  Tələbənin ümidinə qalan ABŞ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ