Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Noyabr 2023 01:00
Bir vaxtlar müsəlman olmuş şəxslər tərəfindən yaradılan batil inanclar haqqında silsilə yazıları davam etdiririk. Əvvəldə qeyd etdiyimiz kimi, bu batil inanclar ilk mərhələdə öz baniləri tərəfindən İslam dininin bir qolu (cərəyanı) kimi elan edilmişdi.
Lakin zaman keçdikcə, özlərinə tərəfdar topladıqdan sonra həmin şəxslər həqiqi niyyətlərinin üzərindəki pərdəni götürməyə başlamış və yaratdıqları inancı İslam dininə alternativ bir təlim kimi təqdim etmişlər. Belə batil inanclardan biri də əhmədiyyə dinidir.
Əhmədiyyə dini XIX əsrdə Mirzə Qulam Əhməd Qadiyani tərəfindən yaradıldığı üçün onun adı ilə "əhmədiyyə", nəsəbi ilə "qadiyaniyyə" adlandırıır. Bu dini "mirzaiyyə" də adlandırırlar (Qulam Əhməd Qadiyaniyə hörmət əlaməti olaraq "mirzə" deyə müraciət edilirdi).
Qadiyani özü təbliğ etdiyi fikirlərin İslam dininə aid olduğunu iddia etsə də, əslində bunlar İslamın ana prinsipləri ilə tam ziddiyyət təşkil edir. Mirzə Qulam Əhməd Qadiyani (1835-1908) Hindistanın Pəncab vilayətində, Lahordan 100 km. məsafədə yerləşən Qadiyan məntəqəsində doğulmuş, bir müddət bölgə məhkəməsində işləmişdi. O, məmur işlədiyi dövrdə Hindistanda yaşayan müxtəlif din və millət mənsubları - xristianlar, müsəlmanlar və hinduslarla sıx ünsiyyətdə olmuşdu.
O zamanlar Hindistan İngiltərənin əsarəti altında olduğu üçün sadə xalq kütlələrini xilaskarın gəlişinə inandırmaq asan idi. Xalq ölkəni müstəqilliyə çıxaracaq, geriliyi və səfaləti aradan qaldıracaq, millətin taleyini həll edəcək qüdrətli bir şəxsin zühur edəcəyini gözləyirdi.
Qadiyani hər yüzilliyin başında İslamı dirçəldən bir şəxsin meydana çıxacağı barədə hədisi əsas götürərək, XIV hicri əsrin astanasında bu missiyanın ona verildiyini iddia etməklə öz təbliğatına başladı. 1880-ci ildə o, "Bərahini-Əhmədiyyə" (Əhmədin sübutları) adlı dörd cildlik kitabın ilk cildlərini nəşr etdirdi. Bu kitabda o, öz kəramətlərindən, Allahdan aldığı ilhamdan söz açır, İslamı dirçəltmək vəzifəsi ilə göndərildiyini elan edirdi. Bundan sonra Qadiyani öz ətra¬fına tərəfdarlar toplayaraq, onlardan beyət almağa başladı.
Qadiyani 1891-ci ildə Kəşmir yaxınlığındakı Sərəncar adlı yerdə guya Həzrət İsa Peyğəmbərə (ə) məxsus məzarı tapdığını elan etdi. O deyirdi ki, Həzrət İsa (ə) əslində çarmıxda ölməmiş, çarmıxdan çıxarılanda sonra öldüyü zənn edilərək məqbərəyə aparılmış, orada özünə gələrək məqbərədən çıxmışdır. İsa (ə) təqibçilərin əlindən xilas olub Kəşmirə gəlmiş, burada camaata İncili öyrətmiş və 120 yaşında vəfat etmişdir. Qadiyani iddia edirdi ki, Həzrət İsanın (ə) ruhu onun bədəninə keçib və o, əsil Məsihdir.
Qadiyani özünü müsəlmanlara Mehdi kimi təqdim edib deyirdi ki, Məsihlə Mehdi eynidir və bunlar guya onun şəxsində zühur ediblər. 1902-ci ildə Qadiyani Həzrət Mühəmməddən (s) sonra vəhyin kəsilmədiyini və özünün nəbi olduğunu elan etdi.
O iddia edirdi ki, Həzrət Mühəmməd Peyğəmbərin (s) xatəmül-ənbiya (peyğəmbərlərin möhrü) olması vəhyin kəsilməsini göstərmir. Bunun mənası odur ki, sadəcə olaraq Həzrət Mühəmməd (s) sonuncu ülul-əzm peyğəmbərdir və ondan sonra yeni şəriət gətirən peyğəmbər gəlməyəcək.
(Qeyd: İslam dininə görə, 124 min peyğəmbərdən beşi ən üstün sayılır və onlara "ülul-əzm" (yəni əzm və iradə sahibi) deyirlər. Ülul-əzm peyğəmbərlər bunlardır: Həzrət Nuh (ə), İbrahim (ə), Musa (ə), İsa (ə) və Mühəmməd (s). Ülul-əzm peyğəmbərlərin əsas xüsusiyyəti budur:
Onlar xalqı tamamilə yeni şəriətə əməl etməyə çağırmış, özlərindən əvvəlki peyğəmbərlərin şəriətini köhnəldiyinə görə ləğv etmişlər).
Qadiyani Həzrət Mühəmmədin (s) Quranda "xatəmün-nəbiyyin", yəni "peyğəmbərlərin möhürü" adlandrılmasının səbəbini öz rəyi əsasında açıqlayırdı: Guya Həzrət Mühəmməd (s) özündən sonrakı nəbinin (şəriət gətirməyən peyğəmbərin) doğruluğunu təsdiqləmək, yəni onun düzgünlüyünə "möhür vurmaq" səlahiyyətinə malik olduğu üçün Allah onu bu cür adlandırıb.
O həzrətdən sonrakı nəbi yalnız müsəlman ümmətindən olmalıdır. Qadiyani öz peyğəmbərliyinin Həzrət Mühəmməd (s) tərəfindən təsdiqləndiyini (möhürləndiyini) söyləyirdi. İki ildən sonra Qadiyani özünü həm də hindusların pərəstiş etdikləri Krişna adlandıraraq elan etdi ki, Krişna onun bədənində zühur edib. Bu yolla Mirzə Qulam Əhməd Qadiyani Hindistanda yaşayan bütün din mənsublarını (xristian, müsəlman və hindusları) öz ətrafında birləşdirmək istəyirdi.
Qadiyani cihad dövrünün sona çatdığını elan edir, bundan sonra silahla deyil, yalnız təbliğatla (sözlə) cihad etməyin caiz olduğu¬nu bildirirdi. Qadiyaniyə görə, cihad 3 mərhələyə bölünür: cihadi-əkbər (ən böyük cihad) insanın öz nəfsi ilə apardığı əxlaqi mübarizədir. Cihadi-kəbir İslam dinini sülh yolu ilə, daha dəqiq desək, qələm və təbliğat vasitəsilə yaymaqdır. Nəhayət, cihadi-əsgər (kiçik cihad) insanın öz əqidəsini qoruması məqsədi ilə silahli mübarizə aparmasıdır. Cihadi-əsğər yalnız müdafiə xarakteri daşıyır və yalnız xəlifənin (əhmədiyyə icmasının başçısının) əmri ilə həyata keçirilə bilər.
Qadiyani 1894-cü ildə Günəş və Ay tutulmalarını qabaqcadan xəbər vermiş və bu hadisələri öz peyğəmbərliyinin sübutu kimi təqdim etmişdi. Əhmədiyyə dininə görə, hər kim Mirzə Qulam Əhməd Qadiyanini yalançı və kafir saysa, özü kafirdir. Lakin onunla düşmənçilik etməyincə, kafir sayıla bilməz. Əhmədiyyə dininə mənsub olan qadın başqa inanc mənsubuna ərə gedə bilməz, amma Qadiyani təliminə inanan kişi başqa dinin ardıcılı olan qadınla evlənə bilər.
Mirzə Qulam Əhməd Qadiyaninin ölümündən (1908-ci il) sonra Həkim Nurəddin rəhbərlik kürsüsündə onu əvəz etdi. Onun 6 illik xilafəti (canişinliyi) müddətində Qurani-kərim əhmədiyyə dininə məxsus olan tərzdə ingilis dilinə tərcümə edildi, İngiltərədə əhmədiyyə icması təsis olundu, əhmədiyyə icmasının mətbu orqanları işə başladı, icmanın xəzinəsi yaradıldı. Həkim Nurəddindən sonra əhmədiyyə iki qola parçalandı.
Qadiyani qoluna Mirzə Qulam Əhmədin oğlu Mirzə Bəşirüddin Mahmud Əhməd (1889-1965) başçılıq edirdi. O, özünü Mirzə Qulam Əhmədin "vəd olunmuş oğlu" adlandırırdı. Mirzə Bəşirüddin Mahmud Əhməd elmi fəaliyyətlə də məşğul olmuş, Qurana təfsir yazmışdır.
Ondan sonra qadiyani qoluna oğlu Mirzə Nasir Əhməd başçılıq etməyə başladı. 1982-ci ildə o vəfat etdikdən sonra qardaşı, əhmədiyyə dininin banisi Mirzə Qulam Əhməd Qadiyaninin digər oğlu Mirzə Tahir Əhməd qadiyanilərin başçısı və dördüncü xəlifə seçildi. 2003-cü ildən isə qadiyanilərə beşinci xəlifə Mirzə Məsrur Əhməd başçılıq edir. Qadiyani qolunun ardıcılları ideoloji məsələlərdə daha radikal mövqe tuturlar.
Onların əqidəsincə, Mirzə Qulam Əhməd Qadiyani əsl nəbidir, kim onun nəbiliyini qəbul etməsə, kafir sayılmalıdır. Qadiyani qolu Pakistan parlamentinin 1974-cü il qərarı ilə İslamdan kənar dini azlıq elan edilmişdir. Əhmədiyyənin Lahuri adlanan ikinci qolu isə mötədilliyi ilə seçilir. Mərkəzi Lahor şəhərində yerləşən bu qola Həkim Nurəddindən sonra Mövlana Mühəmməd Əli, ondan sonra Mövlana Sədrəddin başçılıq etmişdir.
Lahurilər Mirzə Qulam Əhməd Qadiyaninin nəbilik iddiasını rədd edirlər, onun mehdilik və məsihlik iddialarını da düzgün saymırlar. Lahurilərin əqidə əsasları demək olar ki, əhli-sünnə inancı ilə üst-üstə düşür. Kəlam məsələlərində əşəri və matüridi məktəblərinə bağlıdırlar, dinin və İslamın təməl prinsiplərini də əhli-sünnə məzhəblərindəki kimi qavrayırlar.
Ənənəvi sünnilərlə əsas fərqləri ictihad qapısının bağlı olmadığına inanmaları və cihadı silahlı mübarizə deyil, təbliğat mənasında qəbul etmələridir. Onların sayı azdır, əhmədilərin əksər hissəsi birinci qola - qadiyani qoluna mənsubdur.
Əhmədiyyə dininin ardıcılları 1913-cü ildən etibarən Avropada geniş miqyaslı missioner şəbəkəsi qurmuşlar. İngiltərə, Hollandiya, Almaniya, Danimarka, İspaniya və İsveçrədə, ABŞ-da, eləcə də Latın Amerikası, Asiya və Afrika ölkələrində əhmədiyyə təbliğat mərkəzləri mövcuddur. Hal-hazırda dünyada 10-20 milyon nəfər arası əhmədiyyə ardıcılının yaşadığı ehtimal edilir.