Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2023 08:50
Uğursuz yay əks-hücum əməliyyatı və Qərb silahlarının tədarükü ilə bağlı problemlər fonunda Ukrayna Rusiya ordusunun irəliləyişini dayandırmaq üçün müdafiəyə keçmək məcburiyyətindədir.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Voll Strit Jurnal" nəşrində yayılan məqalədə bldirilib.
Məqalədə Ukraynanın düşdüyü son dərəcə çətin geosiyasi vəziyyətin səbəbləri bu cür təqdim edilib: böyük ümidlər bəslənən yay əks-hücumunun uğursuzluğu, ABŞ Konqresində daxili siyasi çəkişmələr səbəbindən ABŞ yardımının dayandırılması, AB-nin kifayət qədər hərbi dəstək verə bilməməsi və Rusiya iqtisadiyyatının nəzərəçarpacaq dərəcədə müharibə vəziyyətinə keçməsi.
Vurğulanıb ki, cəbhə boyu müdafiə istehkamlarının inşasını elan edən Zelenskinin son bəyanatı müharibənin yeni mərhələyə keçməsinin sübutudur. Əgər genişmiqyaslı müharibənin əvvəlində Ukrayna Silahlı Qüvvələri manevr müdafiəsi taktikasına əl atırdısa, indi 2014-cü ildən sonra Donbasda olan səngər döyüşü taktikası yenidən qayıdır.
Müəlliflər Rusiya işğalının ilk həftələrində müharibənin uzun sürəcəyi ilə bağlı xəbərdarlıqlar edildiyini, ancaq Ukrayna Silahlı Qüvvələrinin 2022-ci ilin payızında əldə etdiyi inanılmaz uğurun sürətli qələbəyə boş ümidlər verdiyini xatırladıb.
"İndi xatırlatmalıyıq ki, bu, uzun bir müharibə olacaq", - adı açıqlanmayan avropalı diplomat nəşrə bildirib.
Məqalədə bildirilib ki, əgər Ukrayna və onun müttəfiqləri mövcud çətinliklərin öhdəsindən gələ və qoşun təchizatını davam etdirə bilsələr, Qərb strateqləri ən yaxşı ssenarinin gələn ilin Ukrayna ordusunun yenidən qurulması ili olacağına inanırlar:
"Digər ümid odur ki, Rusiya Ukrayna müdafiəsini sındırmaq cəhdində xeyli güc itirəcək. Nəhayət, bu, 2025-ci ilin yazında Ukraynanın yenidən hücum imkanlarına sahib olacağı anlamına gəlməlidir - əgər 2024-cü ildən sağ çıxsa".