Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Ocaq Sport” klubunun 10 illik yubileyi münasibətilə möhtəşəm şou keçirilib

“Ocaq Sport” klubunun 10 illik yubileyi münasibətilə möhtəşəm şou keçirilib

Tarix: 9 Dekabr 2023 20:08

Bakıda Milli Gimnastika Arenasında "Ocaq Sport" klubunun 10 illik yubileyinə həsr olunmuş möhtəşəm gimnastika Qala şousu keçirilib.

"Ocaq Sport" klubu 2013-cü ildə fəaliyyətə başlamış, bu illər ərzində böyük yol keçmiş, ölkədə gimnastikanın inkişafına xüsusi töhfə vermişdir. 10 ildir ki, klub müxtəlif gimnastika növlərini inkişaf etdirir və təbliğ edir, Azərbaycan milli komandasının üzvü olan yüksək peşəkar idmançılar hazırlayır. Klubun yetirmələri yerli və beynəlxalq yarışlarda böyük uğurlarla çıxış edir, dünyanın müxtəlif ölkələrində təşkil olunan mötəbər turnirlərdə mükafatlar qazanır, doğma Azərbaycanın bayrağını qürurla dalğalandırırlar.

Klubun yüksək peşəkarlığa malik məşqçiləri tələbələrinin hörmət və məhəbbətini qazanmış, onlar üçün örnək olmuşlar. "Ocaq Sport" klubunun məşqçiləri təkcə müəllim və mentor deyil, onlar gənc idmançılar üçün əsl dost və motivatordurlar. Klubun filialları Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərərək, ölkədə gimnastikanın inkişafına və təbliğinə öz töhfəsini verir.

"Ocaq Sport" klubu böyük mehriban gimnastika ailəsidir və bu gün bu ailə öz yubileyini "Ocağın alovları" adlı heyrətamiz gimnastika Qala şousu ilə qeyd etdi. Yeri gəlmişkən, şounun adı təsadüfi seçilməyib. Ümumilikdə klubda gimnastikanın 11 növü üzrə (bədii gimnastika, kişi idman gimnastikası, qadın idman gimnastikası, batut və tamblinq, akrobatika gimnastikası, aerobika gimnastikası, TeamGym, parkur, hamı üçün gimnastika, hava gimnastikası və xüsusi olimpiya gimnastikası) minə yaxın idmançı məşq edir. Təqdim olunan şounun əsas mövzusu klubun bütün üzvlərinin və gimnastikanın bütün növlərinin birliyidir.

Əvvəlcə "Ocaq Sport" klubunun fəaliyyətindən, uğur və nailiyyətlərindən bəhs edən videoçarx təqdim olunub. Sonra nümunəvi çıxışlar olub, Berlində keçirilən Ümumdünya Xüsusi Olimpiya Yay Oyunlarının "qızıl" və "bürünc" mükafatçısı Mehriban Tağıyeva (bədii gimnast), o cümlədən Xüsusi Olimpiya idmançısı Fərid Ociyev öz proqramlarını təqdim ediblər.

Tamaşaçılar hər bir gimnastika növünün fərdiliyini - bədii gimnastikanın gözəlliyini və zərifliyini nümayiş etdirən füsunkar gimnastika şousunun şahidi oldular.

Tamaşa nömrələrinin hər biri gimnastikanın müxtəlif aspektlərini nümayiş etdirərək ab-hava yaradırdı. Şounun yekun nömrəsi Ocaq ailəsinin simvolu kimi birliyin və dostluğun təcəssümü oldu.

Möhtəşəm şou tamaşaçılara unudulmaz emosiyalar bəxş etdi. "Ocaq Sport" klubu möhtəşəm gimnastika proqramı təqdim etdi! Gənc tamaşaçıları əyləndirən, onlara təbəssüm və emosiyalar bəxş edən maskot "Oci" tərəfindən xüsusi əhval-ruhiyyə yaradılıb.

"Ocaq Sport" klubunun 10 yaşı tamam oldu. Bu 10 il inkişaf və uğurlar dövrü idi! Gələcəkdə isə bu uğurlar daha da artacaq.

Milli.Az


Etiketlər:  Ocaq Sport klubunun 10 illik yubileyi münasibətilə möhtəşəm şou keçirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ