Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Allahın bəndələrdən etdiyi giley

Allahın bəndələrdən etdiyi giley

Tarix: 10 Dekabr 2023 05:00

Yayın isti günlərindən birində taksiyə minmək üçün dayanmışdım. Yanımdan son model bir maşın keçdi və ürəyimdən keçirtdim ki, ey kaş mənim də belə bir maşım olaydı və mən də bu rahat maşında istədiyim yerə gedib-gələrdim. İstinin altında taksi gözləməzdim.
Bu zaman qarşıdakı küçədən avtobusa minməyə çalışan bir nəfər mənə baxdı və ürəyindən keçirtdi ki, kaş mənim də kifayət qədər pulum olaydı ki, taksiyə minə biləydim. Bu qədər isti havada dolu avtobusa minməyə məcbur olmazdım.
Avtobusa minən sərnişini görən başqa bir piyada ürəyindən keçirdir ki, ey kaş bir qədər pulum olaydı və bu isti havada evimə piyada getməyə məcbur olmazdım.
Ey kaş, biz insanlar başqalarının əlində olanların həsrətini çəkmək yerinə, bir qədər əlimizdə olan nemətlərin şükrünü yerinə yetirməyi düşünərdik.
Həqiqətən, biz insanlar nə qədər Allahdan gileylənir və şikayət edirik! Bizi başa düşməyən valideynlərimizə görə gileylənirik. Zahiri gözəlliyimizin kifayət qədər olmadığından gileylənirik. Maddi cəhətdən imkansız olduğumuza görə gileylənirik. Giley, giley, giley.
Heç indiyə qədər düşünmüşük ki, mən ki, bu qədər gileylənirəm, bəs Allah üçün bir iş görmüşəmmi? Bu gün əlimdə olanlara şükür etmişəmmi? (Tebyan)
Bir gün bir kişi qəribə bir yuxu görür. Görür ki, mələklərin yanındadır və onların işinə tamaşa edir. İçəri daxil olan zaman çoxlu mələklər görür ki, onlara çatan məktubları tez-tez açıb səbətə qoyurlar. Kişi mələklərdən birindən soruşur ki, siz nə edirsiniz? Mələk də məktubu aça-aça deyir: "Bura qəbul şöbəsidir və biz insanların Allaha etdiyi dualarını və istəklərini təhvil alırıq".
Kişi bir qədər irəli gedir və görür ki, bir dəstə mələklər kağızları paketə qoyub və onları elçilərin vasitəsilə yerə göndərirlər. Kişi onlardan soruşur ki, nə edirsiniz? Mələklərdən biri tələsərək deyir: "Bura göndərmə şöbəsidir. Biz Allahın lütf və rəhmətlərini bəndələri üçün yerə göndəririk".
Kişi bir qədər qabağa gedir və bir mələk görür ki, işsiz əyləşmişdir. Təəccüb edərək, ondan soruşur ki, niyə işsizdir. Mələk cavab verir: "Bura cavabların təsdiq şöbəsidir. O insanlar ki, duaları yerinə yetib, gərək cavab göndərsinlər. Ancaq çox az insan cavab göndərir".
Kişi mələkdən soruşur: "İnsanlar necə cavab göndərə bilərlər?". Mələk cavab verir: "Çox sadə, kifayərdir ki, Allaha şükür etsinlər".
Bu yuxu həqiqətdir, yoxsa əfsanə - bilmirəm, ancaq biz gərək bu haqda bir qədər düşünək. Doğrudan da biz Allaha ancaq dua edir, Ondan istəyirik. Bizim duamızı yerinə yetirən zaman isə heç şükür etmirik.
Elə ona görə də Allah biz insanlar haqqında buyurur: "(Ya Peyğəmbər!) Həqiqətən, sənin Rəbbin insanlara qarşı (böyük) fəzl və kərəm sahibidir. Lakin onların əksəriyyəti şükür etmir". ("Nəml" 73).
Elə isə çalışaq, şükür edənlərdən olaq.

Milli.Az


Etiketlər:  Allahın bəndələrdən etdiyi giley


RƏYLƏR