Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2023 08:16
Rusiyanın Ukrayna ilə müharibədəki itkiləri 315 min hərbçidir (ölü və ya yaralı) ki, bu da genişmiqyaslı hərbi müdaxilənin başlanğıcında Rusiya Müdafiə Nazirliyinin sərəncamındakı şəxsi heyətin 87 faizi deməkdir.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə "Reuters" və CNN ABŞ kəşfiyyatının məxfliyi götürülmüş məruzəyə istinadən bildiriblər.
Nəşrin kəşfiyyat verilənləri ilə tanış mənbələri iddia ediblər ki, Kremlin şəxsi heyət və zirehli texnika itkiləri Rusiyanın hərbi modernləşdirilməsini 18 il geriyə atıb.
Amerika kəşfiyyatının verilənlərinə əsasən, Rusiya Müdafiə Nazirliyi 2022-ci ilin fevralında hərbi müdaxiləyə 360 min hərbi qulluqçu ilə başlayıb. Rusiya ordusunun sərəncamında 3 500 tank olub ki, onların 2 200-ü sıradan çıxıb. Bundan başqa, məruzəyə görə, 13 600 piyada döyüş maşını və zirehli personal daşıyıcısından 4 400-ü sıradan çıxıb ki, bu da ümumi sayın 32 %-i təşkil edir.
Eyni zamanda, dekabrın 12-də ABŞ Milli Təhlükəsizlik Şurası kəşfiyyat məlumatlarına istinadla bildirib ki, Rusiya ordusu 2023-cü ilin oktyabr-noyabr aylarında cəbhənin ən qaynar nöqtəsi olan Avdiivkaya hücum zamanı 13 min hərbçini və 220-dən çox zirehli texnikasını itirib.
Bununla belə, rusdilli "Meduza" internet-nəşri sözügedən xəbərlərdə konkretsizliyə diqqət çəkib. Nəşr qeyd edib ki, bu kontekstdə "yaralı"nın nə demək olduğu bilinmir:
"Onlar tərxis olunublarmı və ya xidmətə qayıdıblarmı? Yalnız həlak olanları və zədə səbəbindən tərxis olunanları (yəni ağır yaralananları) nəzərə alsaq, 315 min itki sayı şişirdilmiş görsənir. Yüngül yaralılar da nəzərə alınırsa, onların əhəmiyyətli bir hissəsinin cəbhəyə qayıtdığını xatırlamalıyıq".
Eyni zamanda, "Meduza" "Reuters"in dərc etdiyi mətndə qeyri-dəqiqliyin olduğunu vurğulayıb:
"Orada deyilir ki, Rusiya müharibəyə 360 min hərbçi ilə başlayıb. Bununla belə, 2022-ci ilin fevralına olan məlumata görə, Ukraynadakı döyüşlərdə 360 mindən az hərbi qulluqçu iştirak edib, ümumilikdə isə Rusiya ordusunda onların sayı daha çoxdur. Genişmiqyaslı hərbi müdaxilə ərəfəsində KİV Amerika kəşfiyyatına istinadən Rusiyanın 190 min hərbçini müharibəyə cəlb edəcəyini yazmışdı.
Həmçinin 2023-cü ilin fevralında Amerika kəşfiyyatındakı sızma sayəsində bölgədə məhv edilmiş Rusiya tanklarının sayının 2 048 ədəd olduğu məlum olub. İndi, demək olar ki, bir il sonra, bu göstərici cəmi 2 200-dür. Üstəlik, açıq mənbələr üzərindən itkilərin hesablamalarını aparan "Oryx" layihəsinin rəqəmləri daha böyükdür - 2 548".