Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2023 21:20
"Ölkənin ən böyük ticarət mərkəzləri olan "Binə" və "Sədərək"də alıcılıq qabiliyyəti son zamanlar xeyli aşağı düşüb. Belə ki, əvvəllər insanların alış-veriş üçün kütləvi şəkildə axın etdiyi bu məkanları artıq şəhərdəki mağazalar əvəzləyir. Şəhərdə olan mağazalarla "Sədərək", "Binə" qiymətləri arasında fərqdə son vaxtlar xeyli azalma var. 3-4 il əvvələdək "Sədərək", "Binə" kimi ticarət mərkəzləri ilə şəhərdəki mağazalar arasında 30-40 faiz qiymət fərqi var idisə, indi bu rəqəmlər 5-10 faizədək düşüb. İnsanlar da elə böyük ticarət mərkəzlərindəki xaotik məqamları nəzərə alaraq, şəhərə üstünlük verirlər. Belə ki, "Binə" və ya "Sədərək"də avtomobili saxlamaq üçün xeyli əziyyət çəkməli olursan. Üstəlik, mağazalar həddən artıq isti, həm də sıx-sıx yerləşib. Bəzən araba daşıyan insanlar normal gəzməyə imkan vermir, problem yaradırlar. Buna görə də əhali çox vaxt 5-10 faiz itkini gözə alıb, "Sədərək" və ya "Binə"yə gedərək, bu qədər əziyyətə qatlanmaqdan imtina edir".
Sonxeber.net xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli bunu Bakupost.az -a açıqlamasında deyib.
İqtisadçı qeyd edib ki, artıq bir neçə ildir ki, "Binə" və "Sədərək"in bağlanması ilə bağlı proqnozlar verilir. Çünki son illərdə bu mərkəzlərdə alıcılıq qabiliyyəti xeyli aşağı düşüb:
"Onlayn ticarətdə vaxt, pul itkisi az olduğundan, alıcılar bu üsulla alış-verişə üstünlük verirlər. Ona görə də iri ticarət mərkəzlərində alıcılıq qabiliyyəti aşağı düşür. Bunu nəzərə alıb sözügedən mərkəzlər fəaliyyətlərinə yenidən baxmalıdırlar. Ticarət mərkəzi sahibləri, sahibkarlar oradakı mağazaların icarə haqlarını aşağı salmalıdırlar. Həmçinin hökumət qarşısında vergilərin, rüsumların aşağı salınması ilə bağlı məsələ qaldırılmalıdır".