Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2023 22:34
Ermənistanda erkən parlament seçkisi hazırkı Baş nazir Nikol Paşinyan üçün sürpriz ola bilər.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu erməni siyasi strateq Karen Köçəryan növbədənkənar seçkinin Paşinyana Qərb məsləhətçiləri tərəfindən tövsiyə olunduğunu şərh edərkən deyib.
"Parlament müxalifətini əvəzləmək cəhdində Nikol özünün dəyişdirilməsi faktı ilə üzləşə bilər. Qərb tamamilə fərqli bir namizədi - daha adekvat və daha az güzəştə gedən birini dəstəkləyə bilər. Məsələn, onlar Ermənistan Təhlükəsizlik Şurasının hazırkı katibi Armen Qriqoryanı seçə bilərlər. Qriqoryan demək olar ki, bütün vacib görüşlərə ilk növbədə özü gedir. XİN rəhbəri Ararat Mirzoyan daha çox protokol işlərinə cavabdeh olan rəislərə oxşayır. Digər bütün əsas fiqurlarla görüşlərə Qriqoryan gedir. Söhbət Qriqoryanın ilk növbədə görüşdüyü dövlət katiblərindən və xarici işlər nazirlərindən gedir. Bu, Paşinyanın Mirzoyana güvənməməsinin nəticəsi deyil, Qərbin kiminlə işləmək istədiyinin sübutudur", - o bildirib.
Köçəryan qeyd edib ki, hazırkı şərtlərdə Paşinyanı seçki yolu ilə hakimiyyətdən uzaqlaşdırmaq mümkün deyil:
"Çünki hakim qüvvə çox tez bir zamanda seçkini saxtalaşdırmaq üçün bütün mexanizmləri mənimsəyib və təkmilləşdirib. Növbədənkənar seçki İrəvan Ağsaqqallar Şurasına seçkidə olduğu kimi, parlament müxalifətinin dəyişməsinə, antirusiya qüvvələrinin təsirinin artmasına səbəb ola bilər. Ermənistanda antirusiya əhval-ruhiyyəsi bu gün tarixi maksimuma çatıb. Ermənistanda Rusiyanın reytinqi Paşinyanın reytinqindən də sürətlə düşür. Bu, mübaliğə deyil, obyektiv reallıqdır. Güman etmirəm ki, ruspərəst qüvvələr, ümumiyyətlə olmayacaq, amma bu, nominal qüvvə olacaq".