Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Noyabr 2019 12:33
Bakı. Trend:
Bakı Ali Neft Məktəbinin (BANM) Kampusunda Erasmus + və Beynəlxalq Proqramlar Ofisinin (EIPO) açılış mərasimi keçirilib.
Azərbaycanda ilk dəfə BANM-də yaradılmış bu ofis Avropa Birliyi ölkələri və digər tərəfdaş ölkələrdəki universitetlərlə əlaqələrin yaradılması, inkişaf etdirilməsi, beynəlxalq mobillik proqramları çərçivəsində universitetin tələbə, akademik və administrativ işçi heyətinin daha çox beynəlmiləlləşməsini, eyni zamanda ölkənin yerli ali təhsil müəssisələri ilə layihələrin birgə icra olunmasını, eləcə də, bir çox digər fəaliyyətləri hədəfləyir.
Erasmus+ və Beynəlxalq Proqramlar Ofisi Azərbaycan universitetlərinin digər dünya ölkələrinin universitetləri ilə inteqrasiyasının və əməkdaşlığının daha da güclənməsi nəzərdə tutulub.
Tədbirdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin, Milli Erasmus+ Ofisinin, Təhsil Nazirliyinin və 20-dək Azərbaycan universitetinin nümayəndələri iştirak edib.
Təbdirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasmov bildirib ki, Ali Məktəb yaradıldığı tarixdən etibarən, Avropa Birliyi universitetləri ilə əlaqələr davamlı olaraq genişləndirilir. O qeyd edib ki, bu əməkdaşlıqlar bir çox ikili diplom proqramları, ortaq yay məktəblərinin təşkili, mobillik proqramları, potensialın genişləndirilməsi layihələri və digər fəaliyyətləri əhatə edir.
E.Qasımov hazırda Ali Məktəbin Erasmus+ Ka107 Tələbə və İşçi Mübadiləsi proqramları və Potensialın Gücləndirilməsi layihələri üzrə İtaliya, İspaniya, Bolqarıstan, Rumıniya, Yunanıstan, Polşa və Danimarkanın müxtəlif universitetləri ilə əməkdaşlıq etdiyini deyib. “Məlumat üçün bildirim ki, 2018-2019-cu tədris ili ərzində BANM və Avropa Birliyi universitetləri arasında 40-a yaxın mübadilə həyata keçirilib və əməkdaşlıq uğurla davam etdirilməkdədir”.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin proqram rəhbəri Rza Zülfüqarzadə öz çıxışında bildirib ki, Aİ-nin “Erasmus+” proqramı Azərbaycanın ali təhsil müəssisələri, onların müəllim heyəti və tələbələrinin dəstəklənməsi məqsədini daşıyır. “Erasmus+” proqramı Azərbaycan müəllim və tələbələrinə 3-12 ay müddətinə Aİ üzv ölkələrinin ali təhsil müəssisələrində təhsil almaq və ya staj keçmək imkanları təqdim edir. 2014-cü ildən Azərbaycanda Erasmus+ proqramı və hazırda proqram çərçivəsində 7 layihə icra olunur. Onun sözlərinə görə, Azərbaycan hökuməti sözügedən mübadilə proqramı çərçivəsində ölkəmizi tərəfdaş ölkə kateqoriyasından proqram ölkəsi koteqoriyasına daxil etməyi hədəfləyir. “Fürsətdən istifadə edib bildirim ki, sabah Erasmus+ proqramı çərçivəsində layihələrin qəbulu üzrə növbəti tender elan olunacaq. Hədəflərə və prioritetlərə cavab verən hər bir ali təhsil müəssisəsi tenderdə iştirak edə bilər. Qeyd edim ki, bu il Avropa İttifaqı proqram çərçivəsində layihələrə ayrılan büdcəni 3 dəfə artıraraq 45 milyard avroya çatdırıb ”. - deyə R. Zülfüqarzadə vurğulayıb.
Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli və Milli Erasmus+ Ofisinin rəhbəri Pərviz Bağırov da çıxışlarında adıçəkilən proqram çərçivəsində reallaşdırılan layihələrə hərtərəfli dəstək göstərildiyini, bu layihələrin Avropaya çıxış üçün rekvizit olduğunu qeyd ediblər. Onlar ilk olaraq Bakı Ali Neft Məktəbində Erasmus+ və Beynəlxalq Proqramlar Ofisinin açılmasını yüksək qiymətləndirib və digər universitetləri bu ofislə birgə koordinasiyalı əməkdaşlığa dəvət ediblər.
Bakı Ali Neft Məktəbinin (BANM) Kampusunda Erasmus + və Beynəlxalq Proqramlar Ofisinin rəhbəri Nərgiz Tarıverdiyeva ofisin məqsəd və hədəfləri, layihələr, indiyədək həyata keçirilən tələbə, elmi, adminitsrativ işçi heyətlərin mübadiləsi və gələcək əməkdaşlıq perspektivləri barədə ətraflı məlumat verib. O, ölkəmizdə fəaliyyət göstərən bütün ali təhsil müəssisələri ilə sıx əməkdlığa hazır olduqlarını vurğulayıb.
Daha sonra yeni ofis və Bakı Ali Neft Məktəbinin Kampusu ilə tanışlıq olub.
Eyni zamanda, Ali Təhsil sahəsində Potensialın Qurulması layihələrinə (Capacity Building in the field of Higher Education - CBHE) müraciət formu ilə bağlı təlim də keçirilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin