Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dost və düşmən,düzgün və düzgün olmayan yuxu

Dost və düşmən,düzgün və düzgün olmayan yuxu

Tarix: 20 Dekabr 2023 01:02

İki məsihi Əbu Bəkrin yanına gəlib soruşdu: - Dostluq ilə düşmənçilik arasında fərq nədir, halbuki hər ikisi bir yerdən qaynaqlanır? Yadda saxlamaqla unutqanlığın fərqi nədir, halbuki onların mərkəzi birdir? Düzgün yuxu ilə düzgün olmayan yuxunun fərqi nədir, halbuki hər ikisinin mənşəyi birdir?
Əbu Bəkr onlara cavab verə bilmədi. Məsihilər Ömərin yanına getdilər, o da cavab verə bilmədi. Nəhayət, Əli (ə)-ın yanına gəlib suallarını verdilər. Əli (ə) birinci sualın cavabında buyurdu: - Allah-Taala ruhları bədənlərdən iki min il qabaq yaratmışdı və onlar havada məskunlaşmışdılar. Orada bir-biri ilə ülfət yaradıb tanış olan ruhlar burada da bir-biri ilə tanışdırlar, orada bir-biri ilə tanış olmayan və ünsiyyət saxlamayanlar burada da belədirlər.

İkinci sualın cavabında buyurdu: Allah insanın qəlbində bir pərdə qərar vermişdir. Pərdə açıq olduqda qəlbdən keçən hər şey onda qalır, əks halda unudulur.

Üçüncü sualın cavabında buyurdu: Allah-Taala ruhu yaratdı və onun üçün bir sultan qərar verdi ki, o da nəfsdir. İnsan yuxuya gedərkən ruh onun bədənindən ayrılır və o sultan qalır, mələk və pəri (cin) dəstələri ruhun yanından keçir. Düzgün olan hər bir yuxu mələkdən, yalan olan yuxular isə pərilərdəndir.

Məsihilər bu cavabı eşitməklə iman gətirib müsəlman oldular və "Siffeyn" müharibəsində iştirak edərək şəhadətə çatdılar.

Burada yaxşı olardı ki, İmam Sadiq (ə.s)-ın yaddaşlı olmaq və unutqanlıq bərəsində Müfəzzələ buyurduğu hədisi nəql edək:

"Ey Müfəzzəl, Allah-Taalanın insanda yaratdığı dörd qüvvə barəsində fikirləş! Onlar aşağıdakılardır: Fikir qüvvəsi, vəhm qüvvəsi, əql qüvvəsi, hifz qüvvəsi. Onların bəşərin vücudunda çox mühüm və həssas bir mövqeyi vardır. Məsələn, əgər bir insan hifzetmə qüvvəsini əldən verərsə, onun başına nələr gələcəyi, onun həyat və məişəti ilə əlaqədar işlərində necə xələllər yaranacağı, kəsb-ticarətində necə qarışıqlıq əmələ gələcəyi mə`lumdur. Misal üçün, əgər o başqalarından aldığı, yaxud onlara verdiyi şeyləri unutsa; eşitdiyi, dediyi və yaxud ona deyilənləri unutsa; olması və ya olmaması onun üçün faydalı olan şeyləri yadından çıxartsa; ona yaxşılıq və ya zülm edənləri tanımasa; ona faydalı olan şeyləri ziyanlı şeylərdən seçə bilməsə; məqsədinə çatdıran yolu heç vaxt öyrənə bilməsə, hətta oradan dəfələrlə keçmiş olsa belə; (belə bir şəxs) hətta bütün ömrü boyu elm ardınca olsa da, heç bir elm öyrənə bilməz, heç bir dinə, məzhəbə e`tiqadı olmaz, öz təcrübələrindən istifadə edə bilməz, keçmiş mövzulardan ibrət almaz. Əksinə, belə insan insaniyyət cərgəsindən çıxmış olacaq.

Ayıq ol! Allahın ne`mətlərindən qeyd olunan bu bircəsinin əhəmiyyətinə diqqət yetir. Hifz etmə ne`mətindən də yüksəkdə unutmaq ne`mətidir. Çünki, əgər unutqanlıq olmazsa, bir kəsə müsibət baş verən zaman ona əsla təsəlli vermək olmaz, peşmançılıq və həsrəti aradan getməz, kinlər qəlbindən çıxmaz, bəlaları yadına salmaqla dünya ne`mətlərindən və ləzzətlərindən bəhrələnməz. Heç vaxt zalım padşahdan və öz düşmənindən qəflət etməz.

Görmürsənmi, Allah insanın vücudunda bir-birinə zidd olan iki qüvvəni necə yaradıb və hər biri üçün sirlər və məsləhətlər qərar verib?! Bütün əşyaları bir-birinə zidd olan iki yaradan (Yəzdan və Əhrimən) arasında bölüşdürənlər hər biri müəyyən məsləhətə malik olan bu zidd əşyalar barədə nə deyə bilər?!"


Etiketlər:  Dost düşməndüzgün düzgün olmayan yuxu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ