Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Onun qrupda "Qarabağ"a köməyi dəyməyib" - Aslan Kərimov

Tarix: 8 Noyabr 2019 18:36

Milli komandamızın və "Qarabağ"ın sabiq kapitanı Aslan Kərimov  müsahibə verib:

- "Qarabağ"ın APOEL-ə məğlubiyyətini nə ilə əlaqələndirmək olar, bəxtsizlik, yoxsa səviyyə fərqi?

- Sözsüz ki, bəxtsizlik də var idi. Bu cür oyunlarda 4-5 qol imkanını boşa verirsənsə, çox şeyə nail olmaq çətindir. Bu qədər qol imkanlarını xərcləyirsənsə, rəqibin sənə qol vurması problem olmayacaq. Qol imkanlarından istifadə edə bilmədilər. Səviyyə fərqi olduğunu deməzdim. Son oyunu çıxmaq şərtilə, dörd görüşün hamısında "Qarabağ" dominantlıq edirdi. "Qarabağ"ın hücum xəttindəki futbolçuların səviyyəsi APOEL-in oyunçularından daha yaxşıdır. Digər səbəb zədəlilərin çox olması idi. Dani Kintana kimi incə oynayan futbolçunun meydanı erkən tərk etməsi, Mahir Emreli, Filip Ozobiçin olmaması, Miçelin meydandan çıxması - öz sözünü deyir. Maqaye Geye istədiyimiz effekti vermir. Qurban Qurbanov onu meydana buraxdı, daha sonra əvəzlədi. Ondan gözlənilənlər hələ ki, bəhrəsini vermir.

- Belə fikir yaranıb ki, "Qarabağ" ikinci qolu vursaydı, hər şey bitəcəkdi. Sizcə "Qarabağ"ın vuracağı ikinci qol oyunun taleyini həll edəcəkdi?

- Əlbəttə, ikinci qolu vursaydıq, APOEL üçün 0:2-dən dönmək çətin olacaqdı. Ən azından ikinci qolu vursaydıq, rəqib daha böyük risklə oynayacaqdı. Məncə, ən pis halda heç-heçə olardı. Bir xallıq üstünlük də bizim üçün bir çox şeylər vəd edirdi. İstənilən halda hələ hər şey itirilməyib. "Düdelanj"la evdəki oyunda qələbə qazandıqdan sonra bir çox şeyləri həll etmiş ola bilərik.

- Tomas Dollun gəlişindən sonra Qurban Qurbanov hələ ki, almaniyalı mütəxəssisə qalib gələ bilməyib. Bunun səbəbi nədir?

- APOEL-in əvvəlki məşqçisi ilə müqayisədə, Doll kifayət qədər təcrübəli, hiyləgər məşqçidir. O, futbolun hiyləgərliklərini yaxşı bilir. Amma bu o demək deyil ki, Doll "Qarabağ"ı taktiki baxımdan üstələdi. Həm sistem, həm də oyun üslubu baxımından APOEL-də böyük dəyişiklik olmadı. Dörd oyunun hamısında “Qarabağ”ın APOEL-lə müqayisədə daha çox qol imkanı var idi. Baş məşqçilər oyundan öncə "mən necə qol epizodu yarada bilərəm?" deyə fikirləşirlər. Amma onu reallaşdırmaq futbolçuların üzərinə düşür. Tək Qurban Qurbanovun yox, texniki heyətin əsas uğursuzluqlarından biri tipik hücumçu tapa bilməmələridir. APOEL-lə oyunu demirəm, ümumi nəzərdə tuturam. Hücumçu transferi özünü doğrultmadı. Qaldı ki, Tomas Dollun Qurbanovu taktiki baxımdan udmasına, bundan söhbət gedə bilməz.

- Bu məğlubiyyətdə Qurbanovun səhvi nə qədərdir və nədədir? Yoxsa, oyunçular Qurbanovu pis vəziyyətə saldı?

- Qurban Qurbanovun səhvi, yoxsa komanda onu pis vəziyyətə saldı deyə bilmərik. Futbolçular nə qədər ümidləri doğrultmasa da, bu, onu Çempionlar Liqasına çıxaran komandadır. Məğlubiyyətdə hər bir oyunçunun, həm də texniki heyətin səhvi var idi.

- Maqaye Geyenin uğursuz transfer olduğunu demək olar?

- Məncə hə, demək olar. Bəlkə də bundan sonra "açılacaq", onu deyə bilmərəm. Amma bu vaxtadək qrupda "Qarabağ"a kömək etməyib. Ümid edirəm ki, "Düdelanj" və "Sevilya" ilə oyunlarda ondan xeyir görəcəklər. Amma indiyə qədər "Qarabağ" Maqayedən böyük effekt almayıb.

- "Qarabağ”ın qrupdan çıxmaq şansları hələ də var, amma indi özündən asılı deyil. Vəziyyət “Qarabağ”ın xeyrinə dəyişə bilər, yoxsa APOEL bu şansı əldən verməz?

- Məncə, hələ şansları var. APOEL elə də böyük komanda deyil ki, bu şansı əldən buraxmasın. “Düdelanj”a evdə 3:4 uduzan klubdur. Lüksemburqdakı oyunda APOEL uduza da bilər, matç bərabərliklə də başa çata bilər. Bu da bizim üçün əla şans olardı. “Qarabağ”ın “Sevilya” ilə oyunda heç-heçə etmək şansları da var. “Sevilya” qrupdan çıxmağı artıq təmin edib. Yəni ən azı Bakıdakı kimi oynamayacaqlar. Belə olan halda “Qarabağ”ın heç-heçə oynamaq şansları yaranacaq. Hələ heç nə itirilməyib. “Qarabağ”ın alnına yazılıb ki, hər şeyi çətinliklə, əziyyətlə əldə etsinlər. Əziyyət və çətinlik çəksələr də, inşallah bunun müqabilində qrupdan çıxarlar.

- Asmir Beqoviç kimi təcrübəli qapıçı demək olar hələ ki, qeyri-adi nəsə etmir. Qapıya vurulan tutarlı zərbələrin çoxu qolla nəticələnir. Beqoviçin “Qarabağ”a nə dərəcədə xeyri dəyir?

- Düzdür, Beqoviçin 5-6 dəfə təkbətəkdən komandasını xilas etdiyi epizodlar olmayıb. Amma öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir. “Qarabağ”ın bu cür qapıçıya ehtiyacı var. Məncə, Beqoviçin əvəzində Vaqner da Silva, Hannes Halldorsson olsaydı, “Qarabağ” daha çox qol buraxardı. Buraxılan qollarda təkcə qapıçını günahlandırmaq düzgün deyil. Beqoviç ustalıq səviyyəsi kifayət qədər yüksək olan qapıçıdır. “Qarabağ” qapıçı transferində uduzmayıb (sportinfo.az).

 


Etiketlər:  Onun qrupda Qarabağa köməyi dəyməyib Aslan Kərimov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ