Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2023 07:02
İslam dini insana bunu təlqin edir ki, ölüm hər şeyin sonu deyil, bir həyat növündən digərinə keçiddir. Ölümdən sonra insanın növbəti həyatı - qəbir həyatı başlayır, dünyanın sonu gəldikdən sonra isə axirət həyatı başlayacaq. Əgər insan bu dünyada Allahın istədiyi şəkildə yaşamışsa, ölümdən qorxmamalı, ölümə hazır olmalıdır. Çünki ölüm ruhun Allaha doğru həqiqi hərəkətinin başlanğıcıdır. Müqəddəslərimiz heş zaman ölümdən qorxmamış, ölümə (hətta əziyyətli ölümə də) hazır olmuşlar. Lakin insanların bir qismi bu dünyaya aludə olduğu üçün əllərindəki dünya ləzzətlərini itirmək istəmirlər. Onlar üçün ölüm hər şeyin itirilməsi və bütün ləzzətlərin sonu deməkdir. Bir qism insanlar isə bu dünyada etdikləri günahlar üzündən qəbirdə də, axirətdə də əzaba düçar olacaqlarını bildikləri üçün ölümdən qorxurlar. Lakin bununla belə, sıravi insanın ölümdən müəyyən qədər qorxması normal sayıla bilər. Əgər insan həyatdakı ali məqsədlərinə çatmadan ölmək istəmirsə, yaxud sevdiyi insanlardan ayrılmağa hazır deyilsə, ölümdən qorxması anlaşılandır. Lakin əgər o, etiqad və iman baxımından daha da tərəqqi etsə Allaha təvəkkül edərək əzizlərini Onun öhdəsinə buraxmağa hazır olar və Allahın təyin etdiyi əcəli razılıqla qarşılayar. Hər bir halda insan dünya həyatının qısa, ölümün gözlənilməz olduğunu anlamalı, məsuliyyətlə yaşamalı və hər an ölümə hazır olmalıdır.