Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Noyabr 2019 20:20
"Keşlə"nin Müşahidə Şurasının sədri Zaur Axundov Azərbaycan Premyer Liqasının 11-ci turunda evdə "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra Qol.az-ın da müxbirinin iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
- İstək var idi. Təbii ki, belə gərgin oyun olacağını gözləyirdik. "Neftçi" 2-ci, biz isə 3-cü pillədə idik. Bilirəm ki, futbol ictimaiyyəti də bu oyunu gözləyirdi. Komandanı təbrik edirəm. Ən əsası odur ki, 1:0 hesabı ilə geriyə düşsək də, komanda toparlandı və layiqli qələbəni qazandı.
- "Keşlə" bu gün nəyin sayəsində qalib gəldi?
- Ancaq istəyin sayəsində qələbə qazandıq. Uşaqlarda istək çox idi, özlərini tankın altına verirdilər. "Neftçi" titullu komandadır, hörmətlə yanaşırıq. Amma bu gün istək qalib gəldi.
- Gərginliyə necə münasibət bildirərsiniz?
- Bunlar futbolda olan məsələlərdir. Hər şey meydanda qalır. Belə gərginliyin olacağı gözlənilirdi. Futboldur, yarım saat sonra özlərinə gəlib, barışacaqlar, qurtaracaq.
- Hədəf yəqin ki, ilk 3-lükdür. Bu heyətlə bu gün 2-ci pilləyə yüksəldiniz.
- Heyət güclənməlidir. Dövrənin sonuna 3 tur qalıb. Təbii ki, qış transfer pəncərəsində islahatlar olacaq. Məşqçilər bunun üzərində işləyəcəklər. Amma qarşıda 3 vacib görüş var, buna hazırlaşacağıq.
- Bu günkü qələbəylə "Keşlə"nin ortaya iddiasını qoyduğunu demək olar?
- Əvvəlki müsahibələrimdə də demişdim ki, çempionat başlayanda da istəyirdik ki, 3-lüyə düşək. Avropada oynayaq. Təbii ki, bu qələbə vacib idi. Amma mən hələ sevinmirəm. May ayına qədər çox zaman var. Futboldur, hər şey ola bilər. Üzərimizdə işləməliyik. Problemlərimiz vardı. Onları aradan qaldırmalıyıq.
- Çempionluq uğrunda mübarizə aparmaq istəmirsiniz?
- Xeyr. Hələ o barədə fikirləşmirəm. Məni düzgün başa düşün, bu, heç ağlıma da gəlmir. Əsas olan odur ki, qələbələrimizi davam etdirək, dövrəni yaxşı nəticə ilə bitirək.
- Futzal üzrə milli komandamızın 2022-ci ildə keçiriləcək dünya çempionatının qrup mərhələsindəki rəqibləri məlum olub. Qrupu necə dəyərləndirirsiniz?
- Ağır olacaq. Bu gün komandanın baş məşqçisi ilə də görüşmüşəm. Amma bizim də proqramımız var. İstəyirik ki, ikinci dəfə ölkəmizi dünya çempionatında təmsil edək. Ağır olacaq, amma hazırlıq gedəcək.
- Belə bir fikir var ki, böyük futbola gəlməyinizdən sonra futzala diqqətiniz azalıb.
- Tamamilə yalan fikirdir. Əsl sözü məndən soruşun, deyim. Mən futbola futzal ilə gəlmişəm. Yəni, futzalı da böyük futboldan az istəmirəm. Futzal həmişə mənim qəlbimdədir. Kim deyirsə, ona inanmayın.
- Adətən, belə qarşılaşmalarda oyundan öncə mükafat qoyulur. "Neftçi" ilə oyuna görə komanda mükafatlandırılacaq?
- Mən danışmışdım ki, yaxşı nəticə olsa, mükafatınız da olacaq.