Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Quranda cəmi 6666 ayə yoxdurmu?

Quranda cəmi 6666 ayə yoxdurmu?

Tarix: 3 Yanvar 2024 01:02

Quran ayələrinin ümumi sayə barədə alimlərin müxtəlif rəyi var. Bu fərqin də müəyyən səbəbləri var. Bu səbəbləri aşağıdakı kimi qruplaşdırmaq olar:

- Bəzi alimlərin Quranda ayənin axırı (son) kimi qəbul etdikləri yerləri digər alimlər qəbul etmirlər.

- Alimlərin arasında surələrin əvvəlindəki "Bismillahi-r-Rəhmani-r-Rəhim" ifadəsini, eləcə də, Ya-Sin, Ha-Mim, Əlif-Ram-Ra kimi hürufi-müqəttəəni müstəqil ayə hesab edən və etməyənlər vardır.

- Bəzi alimlər Quranda tək ayə olaraq qeyd edilmiş bəzi ayələri 2 və ya 3 ayə kimi qəbul edirlər.

Bəsrə, Kufə, Məkkə və Mədinə məktəbinə mənsub alimlər ayələrin sayı ilə əlaqədar fərqli fikirlər qeyd ediblər:

1-ci nəsil mədinəlilərdən İmam Nafinin fikrinə əsasən Quranda 6217, sonrakı nəsil Mədinə alimlərindən Şeybə İbn Nisaha əsasən 6214, Əbu Cəfərə əsasən də 6210 ayə var.

Məkkəlilərin fikrincə isə Quranda ayələrin ümumi sayı cəmi 6219 və ya 6220-dir.

Şamlı alimləri bu rəqəmin 6220 olduğunu düşünürlər.

Bəsrəlilər  6.205 ayə, Kufəlilər isə 6236 ayə olduğunu bildiriblər.

Təfsirçi Zəməxşəri isə 6666 ayə olduğunu qeyd edib və bəzi insanlar  bunun belə olduğuna daha çox inanır.

Lakin İslam aləmində ən məşhur olan və indi əlimizdəki bu müshəflər Kufə üsuluna əsasəndir. O da hər kəsin asanlıqla hesablaya biləcəyi kimi, 6236 ayədən ibarətdir. Xüləfayi-Raşidindən Əli ibn Əbu Talibin də bu fikirdə olduğu rəvayət olunub. ((Ətraflı məlumat üçün baxın: Hasan Keskin, Ayetlerin sayısı hakkında ihtilaf nedenleri" (Türk dilində), Cumhuriyet Üniversitesi İlahiyat fakültesi dergisi (jurnal), 2009-cu il, 13-cü cild, nömrə 2, s. 49-67.))

Ayələrin sayındakı fərqin səbəbi yuxarıda qeyd edilib. Halbuki Kufəlilərin əlindəki Quran ilə Məkkə, Mədinə və ya Bəsrəlilərin əlindəki Quran arasında mətn və tərtibat baxımından heç bir fərq yoxdur. Hamısı eyni Quranı, amma fərqli şəkildə şərh edib. Bu səbəbdən də məzhəblərin arasındakı  say fərqinə baxaraq əlimizdə olan nüsxələrdə hansısa bir natamamlıq və ya artıqlıq olduğunu deyə bilmərik.


Etiketlər:  Quranda cəmi 6666 ayə yoxdurmu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ