Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Bunu üç xal hesab etmək olar" - Riçard Qadze

Tarix: 11 Noyabr 2019 00:20

"Zirə"nin futbolçusu Riçard  Qadze Azərbaycan Premyer Liqasının 11-ci turunda səfərdə "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra Qol.az-ın da müxbirinin iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

- İlk növbədə öz komanda yoldaşlarımı bu nəticə münasibəti ilə təbrik edirəm. Həqiqətən də yaxşı xarakter göstərdik. Unutmayaq ki, çox çətin rəqibə qarşı oynayırdıq. Qazanılan bu xala görə bütün komandanı təbrik edirəm.

- Bu 1 xalı "Zirə" üçün 3 xal hesab etmək olar?

- Sırf mənim düşüncəmə əsasən, 3 xal kimi hesab etmək olar. Çünki ikinci hissədə geridönüş etdik. Komandamızın 1:0 hesabı ilə məğlub durumda olmasına baxmayaraq, ikinci hissədə bərabərlik qolunu vura bildik. Düşünürəm ki, ikinci qolu da vura bilərdik. Fürsətlərdən faydalana bilməsək də, görüşü heç-heçə ilə bitirməyimiz təqdirəlayiqdir.

- İkinci dəfə "Zirə"yə qayıdışınız çox yaxşı alınıb. Qollar vurursunuz, məhsuldar ötürmələr edirsiniz. Bəlkə, komandaya gəlməkdə gecikmisiniz?

- Həqiqətən də bu, mənim üçün yaxşı haldır. İlk növbədə "Zirə"yə öz minnətdarlığımı bildirirəm ki, məni yenidən komandaya dəvət etdilər. Gəldiyim anda heç də formada deyildim. Demək olar ki, 3 ay futboldan kənarda qalmışdım. Məşqçi bu gün mənə etimad göstərirsə, ona təşəkkür edirəm. Çalışıram ki, onun etimadını doğruldum.

- Beqoviç kimi tanınmış qapıçıya qol vurmaq necə bir hissdir?

- Bilirsiniz, bu, sadəcə mənim cəhdim idi. Mən hücumçuyam. Evdə olduğum günlərdə futbol izləyirəm. Beqoviçin addımını irəli atdığı anda bir az gözləsəydim, artıq qol vurmağa gecikmiş olacaqdım. Anında fürsətdən istifadə edib, dəyərləndirdim.

- "Qarabağ" nə qədər güclü rəqib olsa da, onu məğlub edən komandalar olub. "Zirə" isə bu 4 ildə "Qarabağ"ı uda bilməyib. Sensasiyaya imza atmaq üçün nə çatmır?

- Bütün müsahibələrimdə bunu təsdiqləmişəm ki, "Qarabağ" həqiqətən də əla komandadır. Onlara qarşı oynamaq çətindir. Artıq 3 mövsümdür ki, eyni şeylərlə qarşılaşıram. Amma "Qarabağ" yaxşı olmaqda davam edir.  Düşünürəm ki, bu gün onlardan 1 xal almaq belə bizim adımıza təqdirəlayiqdir.

- Bizim çempionatda bombardirin cəmi 5 qolu var. Sizin aktivinizdə isə 2 qol var. Çempionatın və ya "Zirə" tarixinin bombardiri olmaq kimi fikirlər şəxsi planınızda varmı?

- Mənim üçün şəxsi tutulların bir o qədər də önəmi yoxdur. Buraya "Zirə"yə kömək etmək üçün gəlmişəm. Komandamın hədəfləri daha öndə gəlir, nəinki öz şəxsi titullarım. Qol vururamsa, komandama kömək edirəm. Qol vurmayanda da çalışıram.

 


Etiketlər:  Bunu üç xal hesab etmək olar Riçard Qadze


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ