Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Milliyə baş məşqçinin gətirilməsi niyə gecikir? - AFFA

Milliyə baş məşqçinin gətirilməsi niyə gecikir? - AFFA

Tarix: 10 Yanvar 2024 08:52

Azərbaycan futbolunda yerli və ya əcnəbi baş məşqçi məsələsindən daha çox illərdir ölkə futbolunda cərəyan edən sistemsizlik, AFFA-da cavabdeh şəxslərin şəxsi maraqlardan çıxış etməsi müzakirələri aparılmalı və həll yolu tapılmalıdır. Federasiyada fikir ayrılığı yaranıb. AFFA-da yaradılan işçi qrupunun kökündə də bu amillər dayanır.

Milli.Az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında "Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanov Azərbaycan milli komandasına baş məşqçi təyinatının gecikməsi ilə bağlı danışarkən deyib.

"Dövlətin göstərdiyi qayğıya, ayırdığı vəsaitə, yaradılan şəraitə baxmayaraq, Azərbaycan futbolunun problemləri həll edilmir, çünki daha dərin və qlobaldır. Qarşıdan ölkə futbolu üçün taleyüklü hesabat-seçki konfransı gəlir. Bütün fikirlər, müzakirələr, debatlar bu yöndə aparılmalıdır. Strateji olaraq qarşıdakı illərdə Azərbaycan futbolunun müqəddəratı konfransda qəbul ediləcək qərarlardan asılıdır. Millinin baş məşqçisi məsələsi AFFA rəhbərliyinə seçkilərdən sonra həll edilməlidir", - o bildirib.

Süleymanovun sözlərinə görə, marta kimi baş məşqçi təyinatının reallaşması ümumi futbola deyil, müəyyən qrupa sərfəlidir:

"Futbolda yaradıcılıq mərhələsinə qədəm qoymaq üçün öncə ciddi addımlar atılmalı, futbolu düşünən, dirçəlişə nail ola biləcək strateji kadr islahatları aparılmalı, gələcəyə inam yaradılmalı, bu xəttə uyğun qəti seçimlər edilməlidir. Hazırkı mərhələdə milli komandaya əcnəbi və ya yerli məşqçinin gətirilməsi kosmetik xarakter daşıyır və bu, futbolumuzun gələcək inkişafına ciddi xeyir verə bilməz. Azərbaycan futbolunda ilk olaraq təfəkkür, düşüncə, beyin dəyişməlidir".

Məsələ ilə bağlı AFFA-nın mətbuat katibi Elnur Məmmədli bildirib ki, milli komandanın baş məşqçisi üçün hələ ki, heç bir mütəxəssislə danışıqlar aparılmır və heç bir mütəxəssisə rəsmi dəvət göndərilməyib:

"Milli komandanın baş məşqçi postuna namizədləri müəyyənləşdirmək üçün işçi qrupu yaradılıb. Bu işci qrupunun iki iclası olub və həmin iclasda da yalnız milli komandanın baş məşqçisi ilə bağlı kriteriyalar müzakirə edilib. İclasda həmçinin gələcəkdə icraiyyə komitəsinin toplantısına həm yerli, həm də xarici məşqçilərin namizədliklərinin təqdim olunması ilə bağlı məsələnin müzakirəsi olub. Amma burda da heç bir məşqçinin adı çəkilməyib".

Milli.Az


Etiketlər:  Milliyə baş məşqçinin gətirilməsi niyə gecikir AFFA


RƏYLƏR